Zivər bəy Əhmədbəyovun evi
22 iyun 2021 16:30 (UTC +04:00)

Zivər bəy Əhmədbəyovun evi

İntihar edən baş memar, Parisdən gətirilən qənimət, 100 min manatlıq saray - İLK DƏFƏ LENT.AZ-da-FOTOLENT

“70 il əvvəl babam alıb buranı. Yadıma gəlir ki, biz uşaq olanda bura belə deyildi. Qaranlıq, toz-torpaqlı, divarları hisdən qaralmış...Bura 1918-ci ildə ermənilər tərəfindən yandırılıb. Buna görə də divarları qara hisli qalıb”.

Şamaxıdayıq. Şirvanşah İbrahim küçəsində. Xəqan Eyyublu qarşılayır bizi. 27 yaşı var Xəqanın. Həmsöhbətimiz deyir ki, gözünü bu evdə açıb, bu evdə boya-başa çatıb.

“Bura əvvəllər əsasən anbar kimi istifadə olunurmuş. Hətta babam 3-4 heyvan da saxlayırdı. Biz uşaq olanda düşüb burada oynayırdıq. Əslində, xeyli əvvəl fikrimizdə var idi ki, buranı təmir edək. Gördüyünüz indiki halından əsər-əlamət yox idi. Evin 1890-cı ildə tikildiyi deyilir. Amma bəzi mənbələrdə ondan da əvvəl tikildiyi iddia olunur. Biz buranı alanda bircə bura olub, bir də üstündə iki otaq. İndi gördüyünüz bu evi özümüz tikmişik. Daha sonra təmir işləri aparıldı, sanki yenidən quruldu”.

Hə, Xəqanın mərhum atası buranın təmirinə və dizaynına 100 min manata yaxın pul xərcləyir. Doğrudan da indi bura möhtəşəm sarayı xatırladır.

“Atam sahibkar idi. İstəmədi ki, tarix itsin. Tamamilə öz büdcəsi ilə təmir etdirdi buranı. 2016-cı ildə atamın öz təşəbbüsü ilə təmir işlərinə başlanıldı. Düz, 40 gün buranın divarları əllə yonulub, təmizlənib. Ortalığa bu divarlar çıxıb. Yəni üzərində heç bir boya yoxdur. Amma təmir zamanı divarın bir hissəsində hisli yeri nümunə kimi saxlatdırır.

Zivər bəy Əhmədbəyovun evi

Təmiri təxminən 100 min manat pul xərclənib. Gördüyünüz əşyaların bir qismi nənəmin cehizidir. Sandıq, bu divardakı kəlağayı, gümüş sapla bəzədilmiş kəmər və başqa bir neçə əşya.

Xəqanın nənəsinin cehizlik kələğayısı

Digərləri isə alınmadır. Məsələn, bu gördüyünüz qədim sinini atam Fransada olarkən sərgidən alıb.

Fransadan alınan sini

Sən demə, bunu bir erməni satırmış. Erməni də bunu elə azərbaycanlılardan alıb. Atam da baxıb görüb ki, bu Azərbaycana məxsus bir əşyadır. Özünün də belə şeylərə böyük həvəsi var idi. Elə əlində olan pulu verib bu sinini alıb. Bu sini o vaxt sərgidə birinci yerə çıxıbmış”. 

Möhtəşəm memarlıq üslubu var bu evin. İçindəki 14 tağ, otaqları bir-birindən ayırır və bişmiş kərpicdən hörülüb. Tağlar o qədər dəqiq işlənilib ki, istənilən nöqtədən baxıldıqda onların səliqəli düzülüşünü görmək mümkündür.

Zivər bəy Əhmədbəyovun evi

Şəbəkə üsulu ilə hazırlanan pəncərələr isə evə fərqlilik və gözəllik verir. Evin altında dərinliyi 4 metr olan su quyusu da var. Bu quyunu bir neçə dəfə boşaltsalar da, mənbəyi məlum olmayan yerdən gələn su yenidən dolub.

Zivər bəy Əhmədbəyovun evindəki su quyusu

Bu sudan istifadə edir Xəqangilin ailəsi. Evin içərisi xüsusi dekorativ əşyalarla bəzədilib. Xəqan deyir ki, bu gün bu evi görmək üçün çoxlu qonaqlar gəlir.

“Buranı da evimizin bir hissəsi kimi istifadə edirik. Gördüyünüz kimi çox sərindi. Otururuq, çay içirik, dincəlirik. Qonaqlıqlarımızı adətən burada təşkil edirik. Turistlər, qonaqlar çox gəlir bura. Onlara samovar çayı vermədən yola salmırıq”.

Hə, bayaqdan haqqında danışdığımız bu ev bilirsinizmi kimindi? Zivər bəy Əhmədbəyovun. Vaxtı ilə yaşadığı qış evi. Həmin evdəyik. Bu evi qoruyan Əhmədbəyovun nə ailəsidir, nə qohumu, nə də uzaqdan-uzağa tanışı. Tamamilə yad biridir ona. Amma tarixi bir evi qorumağı özlərinə necə deyərlər, borc biliblər.

Zivər bəy Əhmədbəyovun Şamaxıda iki evi olub. Onlardan biri hələ də qorunub saxlanılır. Sonralar satılan və Sovet rejimində istismar olunan tikili daha sonra sahibləri tərəfindən yenidən əldə edilib.

Zivər bəy Əhmədbəyovun yeganə övladı olan Firəngiz xanımın oğlu, hüquq elmləri doktoru Oktay Əfəndiyev də bu evdə qonaq olub. O, mətbuata açıqlamasında bildirmişdi ki, ev təmir olmazdan əvvəl də bura tez-tez gəlib.

“Babamın yaşadığı bir evdə olmaq qəribə hisslər bəxş edir insana. Şamaxıda olanda həmişə gedirdim o evə. O insanları da çox istəyirəm. Sonsuz hörmətim var onlara”.

Bəs kimdir Zivər bəy Əhmədbəyov? İlk ali təhsilli azərbaycanlı memar! 1873-cü ildə Şamaxı şəhərində doğulub Zivər bəy. Orta təhsilini Şamaxıda alıb. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub. 1922-ci ilə kimi bu vəzifədə çalışıb. Şamaxıda Cümə, İmam, Bakıda Təzə Pir, Göyçayda Əbülfəzl Abbas, Əmircanda Murtuza Muxtarov məscidi və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları o tikib. Əmircanda layihəsini verdiyi məscid Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.

Zivər bəy Əhmədbəyov 1925-ci ildə Bakıda intihar edib. O, Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. O qəbiristanlıq ki, vaxtı ilə burada Zivər bəy Əhmədbəyovun layihəsi əsasında “Səadət” məktəbi tikilmişdi. O qəbiristanlıq ki, indi yoxdur. Elə Zivər bəyin qəbiri də...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13347
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar