Sosial şəbəkələrdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adından guya dekabrın 16-sı saat 00:00-dan Azərbaycanın qərb rayonlarında internetin verilməsinin tam dayandırılması ilə bağlı məlumatlar yayılıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, məlumat nazirliyin loqosuna oxşar, ancaq nazirliyə məxsus olmayan loqo ilə və rayonların siyahısı da əlavə olunmaqla sosial şəbəkələrə yerləşdirilir.
Nazirlik vətəndaşların diqqətinə çatdırır ki, yayılan bu məlumat həqiqəti əks etdirmir.
Qeyd edək ki, sentyabrın 27-də Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilməsində qanuna müvafiq olaraq müvəqqəti məhdudiyyət tətbiq edilmişdi. Bu məhdudiyyət işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla noyabrın 12-də aradan götürülüb.
Nazirlik ictimaiyyəti hər iki halda bu barədə KİV vasitəsilə xəbərdar edib. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (screenshot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.
Hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər.