A.H Kazımov adına 1 saylı Şəhər Poliklinikasında vaksinasiya günü
18 yanvar 2021 17:30 (UTC +04:00)

A.H Kazımov adına 1 saylı Şəhər Poliklinikasında vaksinasiya günü

İlk peyvənd günündən REPORTAJ-FOTOLENT

"Bir az həyəcanlıyam. Bundan əvvəl qrip əleyhinə peyvənd vurdurmuşdum, amma koronavirusa qarşı ilk dəfədir. Ümid edirəm ki, hər şey yaxşı olacaq".

Bu sözləri tibb işçisi Qumru Tağıyeva deyir. A.H Kazımov adına 1 saylı Şəhər Poliklinikasının işçisi olan Qumru xanım, bu gün koronavirusa qarşı peyvənd olunacaq. Çünki Azərbaycanda bu gündən insanların koronavirusa qarşı vaksinasiyasına start verilib.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Aparılan tədqiqatlar nəticəsində “CoronaVAC” vaksininin daha effektiv və təhlükəsiz olduğu rəsmi olaraq təsdiqlənib. Ölkədə bu gündən etibarən vaksinasiya prosesinə başlanılıb. Hər kəsin maraqla gözlədiyi vaksin ilkin mərhələdə tibb işçilərinə və 65 yaşdan yuxarı şəxslərə vurulur və bu proses davam etdirilir.

Lent.az-ın əməkdaşı bununla bağlı 1 saylı Şəhər Poliklinikasına baş çəkib və vəziyyətlə yaxından tanış olub. Qumru xanım peyvənd vurdurmağa başlayır. Kənarda əyləşən Esmira xanım isə artıq vaksinasiya olunanlardandır. Xəstəxananın Şöbə müdiri olan Esmira Məmmədova özünü kafi hiss etdiyini bildirir:

Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın ilk günü

“Peyvənd vurulandan sonra gərək yarım saat oturasan. Ona görə çəkilib bir kənarda oturum dedim. Ümumiyyətlə bu bəladan qurtarmaqdan ötrü tək bircə yol vaksinasiyadır. Ona görə də dəvət edirəm əhalini, tibb işçilərini, insanlarla işləyən digər qrup şəxsləri gəlib ilk növbədə peyvənd vurdursunlar. Bu onların gələcəkdə xəstəliyə tutulmamağı üçün vacibdir”.

Poliklinikanın baş həkimi Kübra Cabbarova ilə davam edirik söhbətimizə. O, bildirir ki, vaksinasiya işi ilk olaraq səhiyyə işçiləri arasında başlayır. Elə ilk vaksinasiyanı da özünə vurdurub:

“Çünki istər-istəməz infeksiya ilə ilk toqquşan, üzbəüz dayanan səhiyyə işçiləridir. Ona görə nazirin əmrilə, prezidentimizin göstərişi ilə immunoprofilaktika səhiyyə işçiləri arasında başlayır. İlk vaksinanı özümə vurdurmuşam. Çünki baş həkim olaraq gərək nümunə olum. Göstərim ki, hansı ürəklə gəlib vaksinasiya olsunlar. İnsana ən əziz olan öz canıdır”.

Həkim əlavə olaraq bildirdi ki, insanların peyvənd olmaqdan qorxmaları yayılan yalan məlumatlara görədir:

 “Bilirsiz, saxta məlumatlar çox olur. İnsanları qorxudublar. Ona görə bu ajiotajı götürməkdən ötrü ilk özümə vurdurdum. Deyirlər ölüm olub, əks təsirləri ola bilər. O bizdə olmayacaq, mümkün də deyil. Çünki bu o kəslərdə ola bilər ki, ağır xroniki xəstəlikləri olsun.  Həmin xəstələr də əgər həkim müayinəsindən keçirsə və onlara məsləhət deyilsə, həmin insanlar  vaksinasiya olunmayacaq. Mən özüm vurdurmazdan əvvəl həkim müayinəsindən keçdim. Təzyiqim, temperaturum ölçüldü. Heç bir xroniki xəstəliyim yoxdur. Ona görə gedib vaksin vurdurdum”.

Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın ilk günü

Kübra Cabbarova deyir ki, koronavirus keçirən şəxslər vaksinasiya olmaq üçün tələsməsinlər:

 
“Koronavirus keçirənlərin qanında antitellər əmələ gəlir. Ona görə belə şəxslər vurdurmamalıdır. Yalnız 6 aydan sonra yoxlanılır, əgər antitelləri yoxdursa, vurula bilər”.

Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın ilk günü

Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın ilk günü

Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın ilk günü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9435
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar