İlham Tumas: “Mən qadından qorxuram...” - SÖHBƏT
19 oktyabr 2013 11:25 (UTC +04:00)

İlham Tumas: “Mən qadından qorxuram...” - SÖHBƏT

Yəqin hərdən sizin də əlinizə elə kitab keçir ki, ürəyiniz əsərin qəhrəmanı ilə bir döyünür. Eyni məqsəd üçün, eyni arzularla... İstək, inam, ümid, sevgi... Mübarizə... Səhvlər... Zəiflər... İçində sizin kimi eyni sirlərin qapısına yekə, paslı bir qıfıl vurub qarşısında gecə-gündüz keşik çəkən biri...

 

487-ci səhifədə yoxa çıxır, yoxluğunda haqlı olduğu məlum olur. Artıq kimsə onu qınamır, amma 499-cu səhifədə məlum olur ki, artıq intihar edib.

 

Buyur!

 

Bir kitabın arasında doğma həqiqət tapıb ona sığınacaqdın ki, o da çıxış yolunu ölümdə gördü... Bu nəyə mesajdı? Bəlkə daha çox çabalamadan, daha artıq yorulmadan, nəfəsin tükənmədən...

 

Amma mən intihar edəcək qədər cəsarətli olmasam da, səhvlərimlə, günahlarımla, zəiflərimlə, sevgilərimlə, hətta dərdlərimlə baş-başa verib yaşaya biləcək qədər dözümlüyəm. Hər halda bu ana qədər belə hesab edirdim...

 

Mən baxdığım filmə elə baxmalıyam ki, film bitsin, hamı zaldan çıxsın, mənsə xadimələrin yerə dağılmış pop-korn qalıqlarını süpürdüyü yarıqaranlıq zalda təkcənə oturub burnumu çəkim, bütün dünyadan zəhləm getsin...

 

Kitab oxuyacamsa, gərək elə oxuyum ki, bitirəndən sonra divanın bir küncünə çəkilib, ayaqlarımı qarnıma yığıb gəlmiş – keçmiş bütün əzabları bir də xatırlayım... Həyata həm heyran olum, həm nifrət edim...

 

Ciddiyə almayın, peşə xəstəliyidir, “içəridə” (oxu - teatrda) səkkiz il keçirmişəm. Heç o vaxtlarda da ölüm haqda bu qədər düşünməmişdim. Bu dəfə isə elə təsirlənmişdim ki, məni ancaq intihar xilas edə bilərdi.

 

Necə intihar etməli? Qəhrəmanım kimi dərmanlar içib... kiçik mədəm gözümün qarşısında canlandı:

 

- Bizi qatma!

 

Binanın damına çıxıb özünü atmaq! Yox, birdən kiminsə başına düşərəm, o ölər... Mən isə qatıl adı ilə... Bunu da unutduq. Bu dünya elə yerdi ki, canın ağzından çıxmayınca gərək ayağını yerdən üzməyəsən.

 

Axı nə isə başqa bir yolu olmalıdır! İntihara başqa bir alternativ olmalıdır. Bu vaxt mesaj gəldi: Qabil Abbasoğlu: “İlham Tumasın ad günüdür, “Qadın Klubu”na qonaq çağırın”.

 

Əminəm, intiharın alternativi üçün Qabil müəllimə zəng eləsəm, ağlına min cür təsəlli üsulu gələrdi, amma alternativ olaraq get İlham Tumasdan müsahibə al deməzdi...

 

İçimdən belə cavab yazmaq keçir: “Bu gün vaxtım yoxdu, bu gün ölürəm”.

 

Sonra son “Qadın Klubu”nu xatırlayıram. Bilirəm, cavab gələcək ki, “Sən hələ də Salam Sarvanı oxuyursan?”

 

Ölüm hər şeyə çarədir. Birdən-birə necə anlayışlı oluram. Düşünürəm ki, yəqin o dəfə Salam müəllim də hansısa romanın səhifələrinə səpələnib qalıbmış... Bəlkə o da alternativ axtarmaqdan mənə mesaj yaza bilməyib ki – “Bu gün vaxtım yoxdu, bu gün ölürəm...”

 

Ah İlham Tumas, ah! Allahın günləri qəhətəmi çəkilmişdi, doğulmağa günmü qalmamışdı? Niyə indi? Sizinlə görüşmək elə xoşdur ki... Amma... İndi vaxtım yoxdu, indi ölürəm... Neyləyək? Hamının belə vəziyyətdən çıxmaq üçün bir resepti var. Mənim də həmişə ən ağır günlərdə ayağımı yerə möhkəm basmağa bir reseptim var – Remark!

 

Tez toparlanmaq üçün bir neçə səhifə Remarkdan oxumaq yaxşı təsir edir. Deyəcəksiz guya Remarkın qəhrəmanları finalda belə xoşbəxt olur? Yox! Amma ən azından Remark bunu çox aydın şəkildə izah edir: “Qəhrəmanlar mütləq ölməlidir. Əgər onlar yaşasalar, dünyanın ən darıxdırıcı insanına çevrilərlər”.

 

Ölümün də bir məntiqli səbəbi olmalıdır. Yaşamağa bəhanə də bəs edər. Remarkı qucaqlayan kimi ölümə bir mesaj yazıram: “Mən gələr olmadım, İlhamTumasın ad günüdür...”

 

***

 

İndi ki, ölüm yaxınlaşır, bütün dietalara son! Azərbaycan kinoteatrının yanında yenicə açılmış “Künefe evi”nə yollanıb, Remarkla sakit bir guşəyə çəkilirəm. Türk mətbəxinin ləziz şirniyyatlarının ətri dieta inadımı əməlli-başlı gücə salır. Sobadan yenicə çıxarılmış, qaynar-qaynar, buğlanan... paxlavaları, künəfəni, kadayifi, çeşidli börəkləri... hələ ki gözlərimlə “yeyirəm”))) Artıq başımda dietanın zərərləri barədə müxtəlif arqumentlər və izahlar meydan sulamaqdaydı ki... Aygün gəldi:

 

- Remark ürəkdir!

 

- Ruhuma sığal çəkir.

 

- Onda bir çarəsiz yaşamaq eşqi ki, var, hər dəfə oxuyanda məni dəli edir.

 

- Mən bu dəfə ağıllanmaq üçün oxuyuram. Halım çox pisdir, Aygün.

- Remarkla bir küncə çəkilməyindən görünür. Bilirsən neyləyək? Adamı bu durumdan iki nəfər çıxarda bilər. Biri Remark, o biri Vudi Allen. Müsahibə bitən kimi qaçaq filmə. Remark necə deyirdi?

- “Kino həmişə köməyə çatır. Orada hər kəsin nəsə arzulamaq imkanı olur”.

- Danışdıq! Vay-vay... İlham müəllim gəlir...

 

***

 

Ayıb olmasın, qırx yaşında kişinin masaya əyləşməklə açdığı mövzuya baxın: “Təbliğat nazirliyi olsun, olmasın?” Yəni iki xanımla üz-üzə oturub müzakirə etmək üçün ideal mövzudur. Biz də zatən Aygünlə həyata tutunmaq üçün belə mövzu axtarırdıq. Başladıq suallara: Bu nazirlik bizim içimizdəki məğlubiyyət hissini əridəcəkmi? Hər vətəndaş tək canına öz ölkəsinin təbliğat naziri olmamalıdırmı? Bir neçə belə sualı xorla səsləndirirdik ki, birdən qonağımız çox mülayimcəsinə dedi:

 

- Nə isə elə bil çox çətin başladıq e...

 

***

 

Nəhayət, gülürük. Guya söhbəti yüngülləşdirmək istəyirik, amma masada nəhəng Remark varsa, hara qaçacaqsan? Müharibə mövzusu qaçılmazdır. Axı o da Remark qəhrəmanları kimi müharibə adamıdır. Döyüşdə itirdiyi, hətta kilometrlərlə qucağında meyitini daşıdığı dostlarından, onların məzarını necə ziyarət etməsindən danışır:

 

- Gedib oturub söhbət edirəm... Tək... İkimiz... Nə qədər vaxt keçsə də müharibə insanların beynində, psixologiyasında, təfəkküründə çox ağır iz qoyur. Nə qədər keçsə də unuda bilmirsən, vaxtaşırı o günlərə qayıtmalı olursan.

 

Doğru! Güllələr sussa da, müharibə adamının içindəki qovğa bitmək bilmir. Onun ruhunda daima bir bombardman var. Onun yatağı səngər qoxuyur.

 

- Əsgərə fərdi yanaşmaq lazımdı. Mən əsgərin zülmünü görmüşəm. Buna hamısı dözmür. Deyək ki, əsgər səkkiz saat qarla yol gedir. Kürəyində bir kanistr solyarka. Ağzını nə qədər möhkəm bağlasan da axır. Boynunun arxasından içəri axır, axır gəlib bütün belini, kürəyini yandırır. Nə eləsən də xeyri yoxdur. Özü də o yolu, üzr istəyirəm, at-eşşək çıxmır. Ora ancaq insan çıxa bilər. Ora odunu, çörəyi, daşı, kəsəyi, hər şeyi əsgər qaldırır. Buna dözmək asan deyil. Mən komandir olmuşam, şəxsi heyətim olub. İlk dəfə 1996-cı ilin noyabrında Murova gedirdim, qalın geyinmişəm – “buşlat”, əlcək. Qar dizdəndi, qalxıram... Bir az gedəndən sonra hiss elədim ki, çıxa biılməyəcəm, buşlatı soyundum. Təbii ki, o dəqiqə əsgər əlimdən aldı: “Komandir, ver götürüm”. Yazıq əsgər... Bir az da getdim, avtomatı çıxartdım. Əsgər: “Komandir, ver götürüm”... Beləcə mən Murovun başına maykada gəlib çıxdım. İkinci gün posta çıxdım, havasızlıqdan ürəyim dayanırdı, əsgərlərim olmasa ölmüşdüm. Bir az əlimi ayağımı ovdular, özümə gəldim. Yəni orda dözmək çox çətindir. Ona görə də əsgərlərə fərdi yanaşmaq lazımdır.

 

“Künefe evi”nin çox gənc və yaraşıqlı xanım ofisiantı kofelərimizi gətirir, təbəssümü də üstündə.

 

Əsgərlik mövzusunda bugünkü gəncliyin məni kompleksə saldığından danışmaya bilmirəm:

 

Vüsalə: Amma mən müharibə haqda danışanda özümü qoca deyingən kimi hiss edirəm. Ya da bilmirəm, mənə belə hiss etdirirlər.

 

- Tamamilə razıyam! Mən də özümü eynilə elə hiss edirəm. Ona görə də artıq danışmıram.

 

***

 

Telefonuna zəng gəlir:

 

- Ah, yadınızdadır da Ramzan Kadırovun telefonuna gələn zəng: “Mama zvonit!”

 

Anası ilə danışır. Axşam qonağı ilə gələcəyini bildirib qurutlu xəngəl sifariş edəndən sonra müsahibədə olduğunu deyir. Anasının salamlarını bizə, bizim salamlarımızı anasına çatdırır. Telefonla danışarkən arada ata evinin Sumqayıtda olduğunu öyrənirik.

 

Vüsalə: Demək, siz “Sumqayıt uşağı”sız?

 

- Əlbəttə!

 

Aygün: Mən son vaxtlar bilmişəm ki, “Sumqayıt uşağı” deyilən bir təbəqə də var.

 

- Hə, onlar ayrı aləmdilər. Həyatın müxtəlif vaxtlarında “Sumqayıt uşaqları”nı ləyaqətli, şərəfli uşaqlar kimi tanımışam.

 

Aygün: Onların “Bakılı ceyil”lərdən fərqi nədir?

 

Vüsalə: Deməli bu “Sumqayıt uşaqları” nə rayon uşağıdır, nə şəhər uşağı. Çox maraqlı uşaqlardı. Məsələn, onlar ölər, amma nə “Atama deyəcəm” deyər, nə də anasının canına and içər...

 

- Vüsalə xanım düz deyir, “Sumqayıt uşaqları”nda bir az çox ənənəyə söykənmək var. Həm də bir az mühafizəkar olurlar.

 

Aygün: Onda bunlar şəhərlə kəndin... necə deyək...

 

- Yaxşı sintezidir. Çox maraqlı bir calağıdır. Mənim atam Cəbrayıllıdır, 70-ci illərdə Sumqayıta gəlib anamla rastlaşıb, sonra anamı qaçırdıb, evləniblər. Mən, sonra isə qardaşlarım doğulub. Demək istəyirəm ki, bizim kökümüzdə bir mühafizəkarlıq dayanır. Məsələn, mən məktəbdə oxuyan vaxtlarda həyətə müəyyən saatla çıxmışam. Başımı qırxdırmağa gedəndə atam az qala xətkeşlə ölçürdü ki, görsün neçə santimetr götürüblər. Mən də cavan idim, istəyirdim Cimi kimi saçım olsun, atam qoymurdu. Bax, böyüdükcə, o tərbiyə səndə izlər buraxır.

 

***

 

Aygün: Dostlarımdan eşitmişəm ki, çox romantik insansız.

 

- O cəhətimdən yavaş-yavaş xilas olmağa çalışıram.

 

Xor: Niyə?

 

- Çünki mənasız şeydi, adama ziyan vurur.

 

Vüsalə: Məncə müəyyən yaşdan sonra “tika”nı atıb “roman”la davam etmək lazımdır, özü də sanballı romanla. Gərək nəvələrə danışmalı mövzular olsun.

 

- Hə, artıq sabah qırx birə qədər qoyuram. Hiss edirəm ki, bu yaşdan sonra adam bir az dəyişmək, “vurdum-duymaz” olmaq istəyir.

 

Vüsalə: Dörd onillik yaşayan bir insan axı çoxdan “vurdum-duymaz” olmalıydı...

 

- Yox, hələ də deyiləm. Amma artıq yavaş-yavaş istəyirəm. Bayaq işdə, APA TV-də bir yoldaşımız mənə baxıb deyir ki, adam sənə baxanda elə bilir dünya vecinə deyil, qalın qabırğa adamsan. Bax elə olmaq istəyirəm indi.

 

Aygün: Dostunuz sizə heç də diqqətlə baxmayıb.

 

- (Gülür) Amma elə istəyirəm o cür olum. Ən azından cəhd eləyəcəm.

 

Aygün: Romantik olmaq pis deyil axı...

 

- Pis deyil, amma, uzun müddət bir problemi düşünürəmsə hiss edirəm ki, o məni dəliliyə apara, səhhətimə ziyan vura bilər. Çalışıram onları özümdən uzaqlaşdırım. Hərdən adamın ağlına gəlməyən başına gəlir, onda neyləmək olar? Çalışıb o vurdum-duymazlıqla hər şeyi özündən uzaqlaşdıra bilərsən. Dərdə qapanıb qalsan görürsən beynin yeyilir... Arada içkiylə filanla bunu dağıtmaq istədim, amma sonra gördüm o da mənasız şeydir.

 

***

 

Aygün: İçki kömək edir yəni?

 

- Edir.

 

Aygün: Mən kefim pis olanda içki istəmirəm. Ancaq çox yaxşı olanda içmək istəyirəm.

 

- Hə, dərddən də içə bilərsən, kefdən də. Amma içki elədir ki, onu içəndən sonra adamın əsl “məni” üzə çıxa bilir. Məsələn, mən içəndə başlayıram mahnı oxumağa.

 

Dostlarım içkilər haqda eynən Remark qəhrəmanları kimi danışırlar. Aygün bir xatirəsini danışır:

 

Aygün: Adam uzaq yola çıxanda adətən yumurta, kartof soyutma edib götürür. İzmirə gedirdik. Mən, Günel Mövlud və həyat yoldaşı Hacı. Yolun yarısında Günel çağırdı: “Bajı, bajı, ala!” Mənə yemək verdi, baxam ki nə? Suşi və sake. Yola götürdüyü yeməyə bax...

 

Vüsalə: Bu yəqin Murakamini tərcümə elədiyi vaxtlara düşüb...

 

- Sake maraqlı içkidir, bir dəfə mən də içmişəm. Dostlarla idik. Amma sizə deyim ki, tək içmək daha ləzzətlidir, maraqlıdır...

 

Söhbət içkidən düşübsə, demək biz artıq üç yox, dörd nəfərik. Böyük alman yazıçısı şəxsən bizimlə bir masada əyləşib, söhbət edir. Bu yerdə dillənir:

 

Remark: Əsl centlmeni bilirsiz nədən tanıyırlar? Nə qədər içməyinə baxmayaraq, özünü yaxşı apara bilməsindən.

 

- Hə, bu çox önəmlidir. Mən özüm özümü tənzimləyirəm. Çox içəndə dəhşətli dərəcədə kökəlirəm, ona da nifrət edirəm... Amma birdən elə kompaniya olur ki, içmək ləzzət eləyir. Birdən də içki o qədər gözəl içki olur ki, səni aldadır.

 

***

 

Vüsalə: Qadına bənzəyir?

 

- Çox bənzəyir, çox. Qadın mövzusu mənim üçün ən çətin mövzudur. Siz axı tamam başqa tiplərsiz, sizi heç kim oxuya bilməz, çox mürəkkəbsiz. Orqanizminizdən tutmuş təfəkkürünüzə qədər tamam başqa cürsüz. Ona görə də mən heç vaxt qadınla düşmənçilik arzulamamışam. Mən qadından qorxuram. Qadının düşüncəsindən qorxuram...  Qadın mənim üçün anlaşılmazdır...

 

Aygün: Kişilər bu qədər anlaşılandı?

 

- Kişilər çox bəsitdi. Qadın isə yaradandı, dünyaya uşaq gətirir. Ona elə-belə baxmaq olmaz. Təhlükəli adamlardı, onlarla oyun oynamaq olmaz.

 

***

 

Nəhayət, rəqəmlərin üstünə gəlib çıxa bilirik:

 

Vüsalə: Lap çoxdan oxumuşdum ki, qırx yaş cavanlığın qocalığı, qocalığın cavanlığıdır...

 

- Qocalığı səhhətdə problem olanda hiss edirsən. Amma sizə deyim ki, mənim elə çox yaşamaq fikrim də yoxdur...

 

Aygün: Tanrını güldürməyin, hirslənib sizə o qədər ömür verər ki...

 

- Orqanizmimin müəyyən qədər ehtiyatı var. O sərfiyyat bitənə qədər yaşayacam. Əlli azdı, əlli beşə qədər yaşasam, yaxşı olar. Çox maraqlıdır, mən həmişə hesab eləmişəm ki, yaxşı nə isə olacaq. Bax o günə inamım olmasa yaşaya bilmərəm... Həmişə inanıram ki, hər növbəti gündə nə isə olacaq.

 

Bu həyatın da ən gözəl tərəfi də elə sabah nəyinsə olacağını gözləməkdir. Remark pıçıldayır: “Dünyada heç nə gözləməməkdən pis bir şey yoxdur”.

 

Onun haqqında ən vacib DEDİ-QODU:

 

Deyir ki, gecələr yatmazdan əvvəl açıb ulduz falını oxuyur. “Elə-belə, məzə üçün. Amma yoxlamışam, ulduzlar düz deyir”. Ulduzların nə deməyindən asılı olmayaraq isə səhərini öz bildiyi kimi planlayır.

 

Mətbəxdə çox yaradıcı olduğunu deyir. Bizə şəxsi reseptini də verdi, buyurun: “Yağı tavaya tökürəm, sonra üstünə göbələk, partof, pendir, yumurta, pomidor... Evdə nə varsa”.

 

Və onun qəhrəmanı Knyaz Mışkindir...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3193
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar