Məndən olsa “Ayı gendən görmək yaxşıdır”, amma baş redaktorumuz təkid etdi:
- Bilirəm ki, şeirlərini də sevirsən. “Qadın Klubu”na Salam Sarvanı dəvət edin.
- Eşitmişəm ki, müsahibə vaxtı həmkarlarım onu tapmır...
- Nəyə tapmırlar e? Tapırlar...
***
Köhnə sevgilər kimi, əvvəlcə yazışıb, sonra zəngləşirik.
Görüş gününü, saatını, yerini müəyyən edəndən sonra soruşur:
- Nə içəcəyik?
- Saat 12 üçün nə içmək mümkünsə onu...
Gülüşüb sağollaşırıq.
***
Bir dəfə yazmışdım, o mənim şeir sevməyimin iki səbəbindən biridir. Şeri əvvəllər də sevmişəm, amma...
Bir az keçmişə qayıdaq.
...İlk dəfə şair görəndə on altı yaşım var idi. Mədəniyyət və İncəsənət Universitetinin I kursunda oxuyurdum. Qara paltolu, qırmızı şərfli, qara bozarmış kepkalı yaşlı bir kişi dəhlizlərdə dolaşıb qızlarla tək-tək tanış olur, onlara misralarının baş hərfləri adlarından ibarət olan şeirlər yazır, hətta o şeirləri oxumaq üçün hamını ayrı-ayrı kafeyə dəvət edir...
I kursun qızlarını böyük şövqlə vəsf edən, sözarası onları dostları ilə tanış etməyə hazır olan bu adamın xalq şairi olduğunu biləndən... elə bilirəm ki, elə şair dediyin belə olur. Qınamayın, ilk təsəvvürdən çox şey asılıdır. Mən çox sonralar bildim ki, o adamın xidmətləri şairin funksiyasına aid deyil, bu, başqa peşədir...
Bütün şairlərə ikrahla baxmağa başlamışdım. Hələ bir şair şerində bir qadını vəsf edirdisə, ona lap nifrət edirdim...
İş o yerə çatdı ki, bir də gördüm Füzulini təftiş eləməyə başlamışam. Bir gün əruz dərsində hazırlamalı olduğum “Yarın hicrində yenə gözlərim ağlar bu gecə” qəzəlini vertikal oxuyub əlimi qaldırıram. Professor Nizaməddin Şəmsizadə bir ağıllı sual eşidəcəyinə ümid edir:
- “YSYSQİKMANGQSN” nə deməkdi?
Gördüm bu dərd mənim lazım olduğundan çox zamanımı alır, evdəki bütün şeir kitablarını toplayıb eyvandakı lazımsız şkafa sürgün elədim!
Beləcə, illər şeirsiz keçdi...
O vaxta kimi ki... Bir gün bacım mənə qara cildli kiçik bir kitabça uzadıb “oxu” dedi. Açanda şeirlər olduğunu görüb özünə qaytardım:
- Mənim şair dinləməyə həvəsim yoxdu.
Nəyə işarə etdiyimi bilən bacım:
- Sən bir oxu! Bu şair o şairlərdən deyil...
“O şairlərdən” deyəndə əlini eyvana uzatdı...
“Ölüb çürüməyi vecinə alma, qəm yemə sümüyün ətindən ağdı...”
“Sən nə vaxt gəlsən sevgilim, qəbrim üzünə açıqdır...”
“Bir gün ürəyində bir niyyət tutub, allahın özü də pirə gedəcək...”
Bütün günü kitab əlimdən düşmədi. Özüm üçün yeni dünya kəşf etmişdim. Xoşbəxt idim. Artıq şeirləri vertikal yox, horizontal oxuyurdum. Bu misralar poeziyaya olan nifrətimi yuyub apardıqca, onu sevdim...
***
Yağışlı havada kinoçumuz Aygün Aslanlı və fotoqrafımız Samirə xanımla “Merci Baku” restoranına daxil olanda əfsanəvi Edit Piafın ehtiraslı ifası bizə yağışın arzularımıza, planlarımıza yağdığını unutdurur.
Yaraşıqlı ofisiant yaxınlaşır.
- Qonağınız kim olacaq?
- Şair Salam Sarvan.
- Şair?
- Bəli!
- Gələcək?
- Niyə gəlməsin ki?
Oğlan çiyinlərini çəkib, pəncərədən küçəni göstərir:
- Belə havada da şair evdən çıxar? Allah bilir bütün günü pəncərədən bayıra baxıb şeir yazacaq...
Deyib gedir. Onun öncəgörməsinə sadəcə gülüb keçirik. Çaylarımızı içə-içə yenidən axşamdan kəsmək bilməyən yağışın pozduğu planlarımızdan danışırıq. Onu gözləyirik... Zəng edirik, cavab verməyəndə:
Samirə:
- Ofisiant haqlı çıxsa?
Vüsalə:
- Yazarıq ki, bu yerdə Salam Sarvanın müsahibəsi olmalı idi...
Aygün:
- Şeir sevməyinin iki səbəbindən biri deyil? Bu haqda yaz... Fürsətdi, elə o birinci kursda dəhlizdə ilhama gələn xalq şairindən də yaz.
Beləcə, Samirə xanım növbəti çəkilişə yollanır. Biz isə “Mən gələr olmadım – yolu qarşıla” deyən şairin “yolunu qarşılamaq” üçün İçəri Şəhərdə dolaşmağa... “Merci Baku”nun iki addımlığında olan məşhur kitabçıya gəlirik. Qız Qalasının yanındakı Elman dayının kitabxanasına. Elman dayı ilə görüşüb, söhbət edə - edə özümüzə kitab seçirik.
Vüsalə:
- Sizdə Salam Sarvanın kitabları var?
- Var idi, qurtardı. Aldılar... Ondan sonra gətirməyib...
Vüsalə:
- Özü gətirir?
- Yox, onun kitablarını nəşriyyat gətirirdi. Amma hərdən yazarlar özləri də kitab gətirir...
Vüsalə:
- Siz Salam Sarvanı oxuyursuz?
Çiynini çəkir:
- Mən bu cavanları sevmirəm. Az oxuyurlar, yaxşı yaza bilmirlər... Əvvəllər yazarlar dörd səhifə yazmaq üçün qırx kitab oxuyurdu...
Vüsalə:
- Gənclərin elə adı çıxıb. Yaşlılar belə çox oxuyur?
Aygün:
- Kitabı əsas yaşlılar alır, yoxsa...
- Cavanlar! Kitab alıcıları əsas cavanlardı...
Kif qoxulu kitabların arasından Bayram Bayramovu, Sabir Əhmədovu, İsa Muğannanı tapırıq. Bukinist mənim üçün çox kədərli yerdi. Mənə görə dünyada bu qədər kədərli üç məkan var – uşaq evi, qocalar evi və bukinist.
Kitabların bura necə gəlib çıxmasından danışırıq:
- Birdən görürsən müəllif kitabı kiməsə hədiyyə edir, o da oxuyub qurtarandan sonra gətirib bizə təhvil verir...
Aygün:
- İzmirdə olanda bukinistdən bir kitab aldım, indi oxuyuram, çox qəribə hissdir. İçində əvvəlki sahiblərinin qeydləri, hətta həbsxana möhürü də var...
- Elə şeylər çox olur. Hardasa iki il əvvəl bir rus qızı Bəxtiyar Vahabzadənin o vaxtlar SSRİ Dövlət Mükafatına layiq görülmüş “Mı na odnim korabli” kitabını aldı. İçində Bəxtiyarın öz əli ilə avtoqrafı... Qıza dedim ki, kitab ruscadı, amma avtoqraf azərbaycanca, qız dedi ki, kitaba görə yox, avtoqrafa görə alıram. Bu kitabdan varımdı. Baxmayaraq ki, orda nə yazıldığını anlamayacaqdı, amma onun üçün bu avtoqraf qiymətli idi... Belə kitablar nadir hallarda olur. Görürsən bir elm xadimi, ya yazıçı rəhmətə gedəndən sonra övladları kitabları yığıb gətirir bura...
Aygün:
- Öz kitablarını, yoxsa atasının kitablarını?
- Atasına bağışlanan kitabları. Mən belə şeylərə çox pis baxıram. Bağışlanan kitab evdə saxlanılmalıdır. Evimdə beş mindən artıq kitabım var, onların hardasa iki yüzü müəlliflərin öz avtoqrafları ilə mənə bağışladıqları kitablardır. Özü də SSRİ miqyasında, rus yazıçıları-zadı... Hamısını çox qiymətli hədiyyə kimi saxlayıram. Bütöv bir otaq divarboyu kitabdır.
Aygün:
- Elman dayı, heç kitab oğurlayan olur?
- Elə adam olur ki, almağa pulu olmur, pulsuz verirəm. Bir dəfə rəhmətlik Bəxtiyar Vahabzadə gəlmişdi, söhbət edirdik. Dedi Elman, heç kitab oğurlayan olur? Dedim olur, hətta sizin də kitablarınızı oğurlayırlar.
Aygün:
- Sevindi?
- Dedi “Yəqin pulları yoxdu e, istəyən olanda pulsuz ver aparsınlar”. Rəhmətlik çox xeyirxah adam idi.
Sonra unutqanlardan danışır:
- Elə adamlar var ki, telefonunu, pul qabını unudur, sonra qayıdıb götürürlər. Amma neçə ildi iki nəfər papağını unudub geri qayıtmır... Axı papaq qeyrət əlamətidir... Paradoksdur... Üç-dörd ildir papaqları orda kitablarla yan-yana durur...
Aygün:
- Yazaq ki, papaqları etibarlı yerdədir, istəyəndə gəlib götürsünlər.
- Hə, gəlib götürsünlər. Papaq qeyrətdir, qoyub getmək olmaz...
Vüsalə:
- Qeyrət elə bir şeydir ki, onu bir dəfə unutdunsa, sonra ha dalınca qayıtsan, xeyri yoxdu, artıq əldən vermisən...
- Amma yenə də... (Gülür)
Elman dayı tezliklə öz kitabının da çıxacağını dedi:
- İçində şeirlərim, rübailərim, mağazada olmuş məşhur adamlar haqda xatirələrim, dünya mətbuatında mənim haqqımda çıxan yazılar... hamısı olacaq. Sizə avtoqrafla hədiyyə edəcəm.
Biz kitab evindən çıxanda yağış kəsmişdi. Salam müəllim zəng elədi:
- Axşamdan telefonu maşında unutmuşam, yatıb qalmışam...
- Narahat olmayın, materialımız var...
- Nə yazacaqsız?
- Sizi gözləyərkən elədiyimiz söhbəti.
- Vay-vay... Qeybətimi də qırmısız?
- Sevdiyimiz insan haqda necə danışmayaq?
- (Gülür) Bu yaxınlarda mən bir layihə edib, sizi və Aygün xanımı dəvət edəcəm. Söz! Üzrxahlığı belə edə bilərik?
Sağollaşırıq, yolda Aygünlə ayrılanda tapşırır:
- Vüsalə, yazıda mütləq Salam müəllimə təşəkkür elə! Bəlkə də gəlməməyi daha yaxşıdı... Nizami necə demişdi?
- “Ayı gendən görmək yaxşıdı!”