“Məşq müəllimi uşağı qəbul edəndə sağlamlıq haqqında arayışını almalıdır və həkim müayinəsindən keçməlidir. Çünki elə bir gizli patologiyalar olur ki, onu kənardan görmək olmur. Və idmana gələnə qədər üzə çıxmır”.
Bu sözləri Lent.az-a Azərbaycan Cüdo Federasiyasının üzvü, əməkdar məşqçi Asif Abdullayev deyib.
O, bildirib ki, məşqlərdə ibtidai qruplar olmalıdır:
“Hər bir uşaq yalnız öz yaşına uyğun qruplarda olmalıdır. Uşaq Gənclər İdman məktəbində çalışıram. Təlimata görə, məktəbdə əsasən ibtidai qruplar olur. Bu qrupa 10 yaş da daxil uşaqlar cəlb edilir.
Burada “uşaq cüdo”su amili var. Məşqçi müəllim uşaqlara fərqi yanaşma prinsipini bilməlidir. Hər bir uşağın özünəməxsus inkişafı var. İdmana başlayan uşağın fiziologiyasına baxılır. Uşağın hansı mühitdə böyüməsi, gün ərzində hansı dərəcədə hərəkətdə olmasına diqqət edilməlidir. Bununla yanaşı, məşq müəllimi uşağı qəbul edəndə sağlamlıq haqqında arayışını almalıdır və həkim müayinəsindən keçməlidir. Çünki elə bir gizli patologiyalar olur ki, onu kənardan görmək olmur. Və idmana gələnə qədər üzə çıxmır.
Şabran rayonunun kəndində idman məktəbi açmaq üçün federasiyadan məni göndərmişdilər. Uşaqlar yoxlanışdan keçəndə elə xəstəliklər üzə çıxdı ki, bunların heç biri bəlli olmurdu. Qan analiz verildi və məlum oldu ki, uşaqların əksəriyyətində xroniki revmatizma var. Məşqçi bu halları nəzərə alıb, uşaqları başdan ayağa yoxlamadan keçirməlidir. Hər şey qaydasından keçəndən sonra məşqə götürülə bilər.
Nazirliyin belə bir təlimatı var ki, yoxlama test normativləridir. Burada uzunluğa, hündürlüyə tullanma, 30 metr qaçış, turnikdən dartılma daxildir. Hər birindən keçdikdən sonra məşq müəllimində həmin uşağın fizioloji durumu ilə bağlı təsəvvür yaradır”.
Fəndi etməyi bacarmayan tələbəyə məcbur etmək olarmı?
Onun sözlərinə görə, bəzi müəllimlər uşaqları vaxtından əvvəl yarışa hazırlamaq üçün tələsir:
“Əgər o, uşaq fəndi yerinə yetirə bilmirsə, deməli onun bədəni, əzələləri buna hazır deyil. Bəzi məşqçilər uşağı vaxtından əvvəl yarışa hazırlamaq üçün tələsir. Elə fəndlər var ki, tək ayaq üzərində edilməlidir. Gərək uşağa tək ayaq üzərində dayanmağı öyrədəsən ki, sonra o fəndi etsin. Bir sözlə, uşaq əgər fəndi öyrənə bilmirsə, deməli bunun hansısa bir səbəbi var. Bədəni tam inkişaf etməyə bilər.
Məşqçi müəllimlər çoxlu imtahanlardan keçirilməlidir. İlk növbədə uşaq müəllimləri olmalıdır. Bunlar uşaqların fiziologiyasını, anatomiyasını bilməlidir. Uşaqda müəyyən patologiyalar gedir heç kimin xəbəri olmur. Bir də görürsən ki, məşq prosesində uşağın burnun, dodağının üstündə üçbucaq şəkilində göyərti əmələ gəlir. Bəlkə, uşağın ürəyində problem var. Daha sonra, uşağın qarın boşluğunda anadangəlmə yırtıq olur. “Press” elətdirəndə görürsən ki, uşağı ağrı tutur. Bunu məşqçi müəllim görüb, bilməlidir. Uşaq fəndi öyrənə bilmirsə, məcbur etmək olmaz”.