Hər şey peşəkar media naminə:  Və ya kimdir jurnalist?
13 dekabr 2021 13:05 (UTC +04:00)

Hər şey peşəkar media naminə: Və ya kimdir jurnalist?

Əslində, təklif olunan və artıq neçə gündür sosial şəbəkələrdən tutmuş əksər kluarlaradək müzakirə edilən media ilə bağlı yeni qanun layihəsinə bir tək prizmadan baxmaq gərəkdir: İctimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılması, peşəkar jurnalistika və həvəskar jurnalistika arasındakı sərhədlərin müəyyən edilməsi, bununla da ictimaiyyət və media arasında qarşılıqlı etimadın gücləndirilməsi, bu sahənin nümayəndələrinin peşəkar çəkisinin yüksəldilməsi. 

Heç kimə sirr deyil ki, media mühiti daim dəyişən, yeni yanaşmalar tələb edən, dövrün çağırışlarına ən operativ şəkildə cavab verməli olan, dinamik xarakterli mühitdir. Cəmiyyətin informasiya təminatçısı olan media öz auditoriyasını düzgün, qərəzsiz, obyektiv, yoxlanılmış və əsaslandırılmış faktlarla təmin etdiyi və bunu edərkən öz peşəsinin etik davranış qaydalarını və prinsiplərini pozmadığı halda peşəkardır, etibarlıdır.

Sosial şəbəkələrdə emosiya və populizmdən kənar aparılan müzakirələr sübut etdi ki, jurnalistikanın təməl prinsiplərindən kənarda yaradılan kütləvi informasiya cəmiyyət tərəfindən qəbul edilmir, onun informasiya “aclığını” ödəmir, doydurmur. Bu isə öz növbəsində media müstəvisindən kənarda formalaşan, jurnalistika fəaliyyəti ilə peşəkar səviyyədə məşğul olmayan subyektlərin hesabına peşəkar media nümayəndələrinin ictimai nüfuzunun aşağı düşməsi, ümumilikdə jurnalist peşəsinə olan etimadın kəskin surətdə azalması ilə nəticələnir.

Təklif olunan qanun layihəsi məhz peşəkar jurnalistləri müdafiə edəcək, onlara layiq olduqları nüfuzu və etimadı geri qaytarmağa şərait yaradacaq, digər tərəfdən keyfiyyətli xəbər istehsalını təşviq edəcək, yalnız yerli deyil, həm də xarici informasiya məkanlarına inteqrasiya etmək qabiliyyətinə malik jurnalistlərin yetişməsinə, peşənin həqiqi mahiyyətini özünə qaytarmaqla gənclərin bu sahəyə marağının artmasına imkan yaradacaq. 

Məhz elə bu səbəbdən, qanun layihəsində “jurnalist” termininə anlayış verilib, onun peşəkar statusu müəyyən edilib. Fikir versəz görərsiniz ki, dövrün reallıqlarına uyğun olaraq müvafiq sahədə yalnız əmək müqaviləsi ilə deyil, həm də fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq (xidmət) müqaviləsi  ilə fəaliyyət göstərən şəxslər də bu anlayışla əhatə olunub.

Əslində, yeni qanunda jurnalist anlayışı necə deyərlər, göydən götürülməyib. Bu anlayışın əsas elementləri beynəlxalq yanaşma nəzərə alınmaqla formalaşdırılıb. Belə ki Beynəlxalq Jurnalistlər Federasiyası jurnalisti əsas, davamlı və gəlir əldə etdiyi işi yazılı və ya audiovizual mediaya yazı və ya audiovizual materiallar təqdim etmək olan və qazancının əsas hissəsini bu yolla təmin edən şəxs olaraq adlandırır. 
Beynəlxalq Əmək Təşkilatı isə peşələrin beynəlxalq standart təsnifatında jurnalisti qəzet, jurnal, televiziya və radiolarda  dərc olunmaq və ya yayımlanmaq üçün gündəlik hadisələri və xəbərləri toplayan, verən və şərh edən şəxs kimi ifadə edir. 

BİR ZƏRURİ QEYD:

Türkiyə Respublikasının qanunvericiliyinə əsasən bir şəxsin jurnalist hesab edilməsi və qanunun əhatə dairəsinə daxil olunması üçün onun işlədiyi media subyekti Türkiyə Respublikasında qeydiyyatdan keçməli və fəaliyyət göstərməlidir. Həmin media subyekti dövlət müəssisə və təşkilatları (idarələri), həmçinin nizamnamə fondunda dövlətin payı 50 faiz və daha çox olan müəssisə və təşkilatlar olmamalıdır. 
O, qəzet, jurnal, informasiya agentliyi, televiziya və ya radioda işləməli, fəaliyyəti əmək müqaviləsinə əsaslanmalı, bu fəaliyyət mütləq ödəniş qarşılığında həyata keçirilməlidir.

Göründüyü kimi sadalanan anlayışlar bu və ya digər elementlərinə görə oxşar olsalar da, “Media haqqında” qanun layihəsində təklif edilən anlayışdan bir sıra prinsipial əhəmiyyətli fərqləri mövcuddur. Belə ki beynəlxalq yanaşma onlayn media subyektlərində jurnalistika fəaliyyəti ilə məşğul olan şəxslərin jurnalist olub-olmadığına dair dəqiq mövqe bildirmir, bununla həmin subyektlərdə çalışan jurnalistlərin statusunu müəyyənləşdirmir. Başqa bir ifadə ilə, jurnalistin əhatə dairəsini qəzet, jurnal, televiziya və radioda çalışan jurnalistlərlə məhdudlaşdırır. Bir sıra normalar isə jurnalist fəaliyyətinin hüquqi əsası kimi yalnız əmək müqaviləsini göstərir.

Təqdim edilən layihə isə daha əhatəli yanaşma sərgiləyərək jurnalist anlayışının hüdudlarını genişləndirib, bütün media subyektlərində, o cümlədən onlayn media subyektlərində çalışan jurnalistləri əhatə dairəsinə alıb, onların da hüquqlarının müdafiəsi mexanizmini formalaşdırılıb, jurnalistika fəaliyyətinin hüquqi əsasını əmək müqaviləsi ilə məhdudlaşdırmayıb. 
Onlayn media 20 ilə yaxındır ki, Azərbaycanda yaranıb, inkişaf edir. Bu gün Azərbaycan media məkanında çox böyük paya malikdir. Amma onun hüquqi tənzimlənməsi tamamlanmamışdı. Belə natamamlıq, boşluq həm onlayn media sferasında fəaliyyət göstərənlərin özləri üçün, həm də cəmiyyət üçün problemlər yaradırdı. Yeni qanunun qəbul edilməsi bu boşluğu aradan qalırır. 

Layihəyə qədər jurnalist statusu daşımayan fərdi jurnalistlər, bu layihənin qəbulu ilə qeyd olunan statusdan yararlana biləcək, həqiqi adlarına qovuşacaqlar. 

Xüsusilə qeyd edilməlidir ki, fərdi olaraq müəllif hüquqlar əsasında həyata keçirilən jurnalistika fəaliyyəti ilə “vətəndaş jurnalistikası” olaraq adlandırılan fəaliyyətin eyniləşdirilməsi nə beynəlxalq hüquqi yanaşma, nə də məntiq etibarı ilə qəbul edilən deyil. 

Birincisi peşəkar jurnalistlərin, ikincisi isə həvəskar vətəndaşların fəaliyyətidir. Hazırkı qanun layihəsinin predmeti məhz jurnalistlər və media subyektlərinin tərəf olduğu münasibətlər olduğundan peşəsi jurnalist olmayan, sadəcə cəmiyyətdə baş verən proseslərə vətəndaş mövqeyini nümayiş etdirən şəxslərin fəaliyyəti müvafiq qanunun əhatə dairəsinə aid deyil, başqa bir ifadə ilə layihə bu istiqamətdəki münasibətləri ümumiyyətlə ehtiva etmir.

Sadalanan münasibətlərin nizamlanmasına yönəlmiş digər qanunlar onsuz da mövcuddur (“İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunları və s.) və illərdir uğurla icra olunur.

Qeyd olunanlar göstərir ki, müxtəlif yanaşmaların mövcud olmasına baxmayaraq, jurnalistika müəyyən peşə qaydaları ilə müşayiət olunan, peşəkar fəaliyyət olaraq qiymətləndirilməkdədir.
Bütün müzakirə platformalarında səsləndirilən təkliflər də nəzərə alınmaqla qəbul ediləcək yeni qanun ölkədə peşəkar medianın inkişafını stimullaşdıracaq. Buna şübhə olmasın!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3243
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar