Sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair görüntülər yayılıb.
Lent.az xəbər verir ki, həmin hadisə ilə bağlı qızlardan birinin oxuduğu məktəbin direktoru Gülər İsmayılova açıqlama verib.
Direktor açıqlamasında hadisənin yanvarın 17-si məktəbdən kənar vaxtda baş verdiyini deyib:
"Yayılan videogörüntülərdə əks olunan hadisə yanvarın 17-si təqribən günorta saat 3-dən sonra baş verib. Oradakı qızlardan yalnız biri bizim məktəbin 11-ci sinif şagirdidir. Videonu çəkən və başına hadisə gələn qız onun qonşusudur. Hadisəni törədən qızın indiyə qədər məktəbdə heç bir psixoloji durumunu qeydə almamışıq. Sinif və ya məktəbin digər şagirdlərinə qarşı heç bir yanlış hərəkəti olmayıb".
Direktor qeyd edib ki, hadisədən fevralın 14-ü xəbər tutub:
"Fevralın 14-ü xəbərdar oldum. Məlumatı bildikdən sonra valideyni və şagirdi məktəbə dəvət etdik. Şagirdlə psixoloji söhbət apardıq. Həmin qız bildirdi ki, bu addımı zarafat məqsədi ilə edib. Çox peşman olduğunu deyib".