Həcc ziyarəti ELAN SAYTINDA:  "Biznes" QURUBLAR
14 iyun 2022 14:23 (UTC +04:00)

Həcc ziyarəti ELAN SAYTINDA: "Biznes" QURUBLAR

Azərbaycanda alqı-satqı saytlarının birində Həcc ziyarəti ilə bağlı elan yerləşdirilib. 

Lent.az xəbər verir ki, elanda tələb olunan sənədlərin siyahısı və ziyarət məbləği qeyd olunub. 

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) iyunun əvvəli Həcc ziyarəti ilə bağlı kvotanın dolduğunu açıqlayıb.

Maraqlıdır, kvota bitibsə, elanı kim və hansı məqsədlə yerləşdirib? Bəlkə kimlərsə Həcc ziyarəti adı altında biznes qurublar? 

Lent.az məsələyə aydınlıq gətirmək üçün elan sahibi ilə əlaqə saxlayıb.

Elan sahibi bildirib ki, bunun paylaşmasında məqsədi QMİ-yə kömək etməkdir: 

“Elan QMİ-yə kömək məqsədi ilə paylaşılıb. Bizə qurumdan hansı məlumatlar verilib, onları da qeyd etmişik”. 

İlahiyyatçı Elşad Miri isə bu elanı marketinq hiyləsi adlandırıb:

“Həcc təşkilatçılar üçün biznesdi və biznesini satmaq üçün müxtəlif metodlardan istifadə edirlər. Bununla bağlı televiziyalarda da reklam verirdilər. Bu marketinq hiyləsidir.

Kvotanın dolmasına baxmayaraq, elanın hələ də orada qalması o deməkdir ki, yer yoxdu, amma görək sizə nə edirik. Və ya başqası gəlməsə, onun əvəzinə sizə yer verərik, yaxud başqası öz yerini satır adıyla da mümkündür”.

Qafqaz Müsəlmanlar İdarəsinin nümayəndəsi Ağasəid Yaqubov deyir ki, elanların yerləşdirilməsində heç bir mənfi hal yoxdur:

“Həcc ziyarəti barədə insanları məlumatlandırmaq üçün bu cür elanların heç bir mənfi tərəfi yoxdur. İstər saytlarda, istər televiziyalarda, istərsə də elan saytlarında bu barədə çağırış etmək insanları məlumatlandırmaq xarakteri daşıyır. Yəni burada heç bir pis mövqe yoxdur”. 

Bununla yanaşı, rəsmi mövqe öyrənmək üçün Qafqaz Müsəlmanlar İdarəsinə müraciət etdik. Nə qədər çalışsaq da, məsələyə münasibət öyrənmək mümkün olmadı.

Qeyd edək ki, bu il Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Qafqaz Müsəlmanları İdarəsi 680 nəfərlik bütün yerlərin dolduğunu açıqlayıb. 

Bu da o deməkdir ki, bu il Azərbaycandan gedən zəvvarlar ümumilikdə  Həcc ziyarətinə altı milyon yüz doxsan iki min səksən (6192080) manat xərcləyəcəklər. 

# 4167
avatar

Fidan İlqar

Oxşar yazılar