Vilyam Hacıyev
06 may 2022 15:50 (UTC +04:00)

Vilyam Hacıyev

“Heç özü də bilmir, kişidir, ya qadın” - Vilyam Hacıyevin məhkəməsində QALMAQAL

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Əksər proseslərdə olduğu kimi, bu günki məhkəmə də qalmaqalsız ötüşməyib.

Lent.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə bu gün keçirilən prosesdə növbəti zərərçəkmiş şəxslər dindirilib.

 

“Nə bilim, vallah, rayon adamı idik, güvənirdik”

Zərərçəkmişlər sırasında olan Eldəniz Nəbiyev öz xoşu ilə baş mühasibə 3000 manat verdiyini dedi:

“Bizdən heç bir tələb olmayıb. Sadəcə, məhkəmə işi ilə əlaqəli fermer təsərrüfatına aid arayış lazım idi. Baş mühasibə yaxınlaşıb arayış istədik. Arayış verildi. Biz də bu səbəbdən rayonumuzun abadlaşdırılması üçün 3000 manat pul verdik. Amma heç bir məcburiyyət olmadı. Öz istəyimlə vermişəm”.

Əkinçiliklə məşğul olan zərərçəkmiş Fariz Əliyev isə 500 hektar torpaq sahəsi üçün 80 min manat pul ödədiyini açıqlayıb:

“Eşitdim ki, rayonda torpaq paylanılır. Gedib baxdıq əkinə yararlı yer idi. İcra hakimiyyətinə müraciət etdik, hüquqşünas dedi ki, pul köçürülməlidir. 500 hektar torpaq sahəsi üçün 80 min pul verdik. Pulu da baş mühasibə verdim. Torpaq sahəsinə sərəncam da verildi. Daha sonra təyinatı dəyişmək üçün 5 min manat Cəmil Musayevə pul verdik”. 

Vəkilin “Pulların qəbzi varmı?” sualına zərərçəkmiş belə cavab verdi:

“Qəbz yoxdur. Başa düşüləndir ki, bu qeyri-rəsmidir”.

Vəkil:

- “Sizin kifayət qədər yaşınız var. Bilmirdiniz ki, qəbzsiz pul ödəmək qeyri-rəsmidir. Bunu niyə edirdiniz?”.

Zərərçəkmiş:

- “Nə bilim, vallah. Başa düşmədim. Amma rayon adamı idik. Güvənirdik”.

 

Hakim deyir “deyib”, zərərçəkmiş deyir, “deməmişəm”

Sonra tikinti materiallarının satışı ilə məşğul olan zərərçəkmiş Zabil Behbudov dinlənildi.  Onun ifadəsi bir qədər çaşqınlıq yaratdı:

“Atam 200 kvadrat metrlik mağaza inşa etdirmək üçün icra hakimiyyətinə müraciət edib. Mən heç kimi tanımıram, heç kimə də rüşvət verməmişəm”.

Bu zaman vəkil sual etdi:

“Vilyam Hacıyevi tanımır. Heç kimə pul, rüşvət verməyib. Bu niyə zərərçəkmiş qismində çıxış edir?”.

Hakim zərərçəkmişin istintaqdakı ifadəsini elan etsə də, Zabil Behbudov təsdiqləmədi:

- “Mən elə sözlər deməmişəm”. 

 

“Heç özü də bilmir, kişidir ya qadın...”

İfadə verən digər zərərçəkmiş Xankişi Balayev mənzil növbəsində olduğu halda ev almaq üçün 20 min pul verdiyini bildirdi:

“Qızıma ev almışam. Ev 3 otaqdan ibarət idi. 20 min pul istədilər, amma mən 18 min verdim. Ev növbəsinə də durmuşdum. Pulu kimə verdim, hansı cins olduğunu belə bilmirəm”.

Hakim vəkilə “Sualın varmı”?

Vəkil:

- “Zərərçəkmiş heç pul verdiyi adamın qadın və ya kişi olduğunu bilmir. Nə sualı verim?”.

 

“Adıma ayrılan 7 min manat yardımdan mənə 100 manat çatdı” 

Sonra zərərçəkmiş Məhəmməd Qasımov ifadə verdi:

“Maddi durumuma görə icra hakimiyyətinə müraciət etdim. Dedilər ki, sənə 7 min 700 manat yardım ayrılıb. Pulu götürdüm, sonra bir nəfər dedi ki, icra hakimiyyətinin əməkdaşıdır, mənimlə görüşmək istəyir. Görüş zamanı mənə dedi ki, o, icra hakimiyyətinin işçisidir, pul ona çatacaq. Pulun hamısını aldı, mənə cəmi 100 manat verdi. Qalan pulu da götürüb getdi”.

Hakim: 

- “Kim verdi o pulu? Küçədən keçən idi?”.

Zərərçəkmiş:

- “Tanımıram. İcra nümayəndəsi olduğunu dedi”.

 

“Bankdan pulu alan kimi icra hakimiyyətinə çağırıb dedilər ki...”

Ticarətlə məşğul olan digər zərərçəkmiş Faiq Qasımov bildirib ki, ağır xərçəng xəstəsi olan atasının müalicəsi üçün icra hakimiyyətinə müraciət etdi:

"Müraciət etdim ki, atam əməliyyat olunmalıdır, mənə yardım edin. İcra Hakimiyyətindən dedilər ki, sizə 7 min manat yardım ayrılıb. Mən banka gedib pulu çıxardım. Pulu çıxarandan sonra İcra hakimiyyətinin maliyyə rəisi Rəhim Rəhimov məni çağırıb 6 min 700 manatını aldı, 300 manatını verdi mənə".

Digər zərərçəkmiş əvvəllər İmişli icra nümayəndəsi kimi işləyən rayon sakini Vüqar Quliyev də eyni məsələ ilə bağlı icra hakimiyyətinə müraciət etdiyini bildirdi.

Dedi ki, həyat yoldaşı xəstə olduğu üçün icra hakimiyyətindən yardım istəyib:

“Həyat yoldaşım xəstə idi, pula ehtiyacım var idi. Qonşular dedilər ki, icra hakimiyyətinə müraciət elə. Müraciət elədim. İcra hakimiyyətindən dedilər ki, 7 min 500 manat yardım ayrılıb, get bankdan pulu al. Gedib pulu alandan sonra icra hakimiyyətindən çağırıb dedilər ki, həmin puldan 200 manat götür, qalanını qaytar. Mən də qaytardım”. 

 

“Dedilər işə qəbul olmusan, amma maaş kartı bizdə qalacaq”

İfadə verən DOST mərkəzinin nümayəndəsi Kərim Əliyev maaş kartının icra hakimiyyətində olduğunu vurğuladı: 

“İşə qəbul olmaq üçün məşğulluğa müraciət etdim. Bir gün sonra icra hakimiyyətindən bir adam zəng edib dedi ki, sən işə qəbul olmusan. Amma maaş kartı bizdə qalacaq. İşə qəbul olduqdan bir neçə ay sonra maaş kartını mənə verdilər”.

Bu zaman Vilyam Hacıyev ifadəyə münasibətini bildirdi:

“DOST mərkəzində işə qəbul olduqdan bir neçə ay sonra vəsait o karta yatır. Qanunla belədir”.

Vəkil:

- “Onlar sizə çox şey deyə bilər. Siz niyə verirdiniz pulu? Sizə çatacaq pulu niyə onlara vermisən? İndi mən sizə nəsə desəm, edərsən?”.

Zərərçəkmiş:

- “Bu gündən sonra yox. Dərs oldu mənə”.

“İstintaqdakı ifadələrlə burda deyilənlər uyğun gəlmir...”

Şahidlərin ifadəsindən sonra hakim növbəti məhkəmədə Vilyam Hacıyevin ifadə verəcəyini bildirdi.

Vilyam Hacıyev:

- “Sizdən xahiş edirəm ki, şahidlərin hər biri gəlib ifadə versin. Çünki istintaqdakı ifadələrlə burda deyilənlər uyğun gəlmir”.

Sonra hakim elan etdi ki, məhkəmənin növbəti iclası mayın 13-də keçiriləcək.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

# 5031
avatar

Fidan İlqar

Oxşar yazılar