Qış turizmi
24 fevral 2021 12:50 (UTC +04:00)

Qış turizmi

Havaların qarlı keçməsinin turizmə təsiri... - RƏSMİ AÇIQLAMA

“Bu günlərdə müəyyən qış turizm komplekslərində sıxlıq yaranıb. Buna görə də əlavə məhdudiyyətlər tətbiq edilib”.

Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Lent.az-a açıqlamasında bildirib.

Fevralın 23-dən başlayaraq Bakıda və Abşeron yarımadasında havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı endi. Qarlı-şaxtalı günlərdə istirahət məkanlarına üz tutanlar heç də az deyil. Bəs hazırda qış turizmində vəziyyət necədir? Havaların qarlı keçməsinin qiymətlərə təsiri varmı?

Mövzu ilə bağlı geniş məlumat verən Kənan Quluzadə deyir ki, sərt karantin rejiminin qaydaları müəyyən qədər yumşaldılandan, şəhərlər və rayonlar arasında gediş-gəliş bərpa ediləndən sonra faktiki olaraq Azərbaycanda daxili turizm imkanları açılıb.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə

“İnsanlar Bakıdan regionlara və regionlar arası səyahət etməyə başlayıblar. Səyahətlər daha çox qış turizm imkanı olan rayonlara, əsasən də, şimal və şimal-qərb istiqamətindəki rayonlaradır. Qiymətlərə gəldikdə isə onu deyə bilərik ki, ötən illə müqayisə etdikdə faktiki olaraq stabildir. Bakı şəhərində müəyyən dərəcədə azalma da var. İntensiv olan səfərlər müəyyən dərəcədə pandemiya qaydaları ilə də uyğunlaşdırılmalıdır”.

O bildirir ki, pandemiya qaydalarına riayət olunması xüsusilə diqqət mərkəzindədir:

“Bizim əsas vəzifəmiz hazırda olan daxili turizmin təhlükəsizliyini təmin etməkdir. Karantin rejimi hələ də qüvvədədir və elementar olan qaydalara həm turistlərə xidmət edən personal, həm də turistlər tərəfindən əməl edilməlidir. Açıq və qapalı məkanlarda maskanın taxılması, dezinfeksiya məsələlərinə riayət olunması, sosial məsafənin qorunması və.s kimi qaydalara əməl etmək vacibdir. Ötən ilin avqust ayından otellərdə monitorinq aparılır. Davamlı olaraq hər gün aparılan monitorinqlər ölkə üzrə 21 rayonda keçirilib. Keçirilən 70-ə yaxın monitorinq əsasən turistlik məkanlarda baş tutub. Təbii ki, qaydaları pozan şəxslər cərimələnir”.

Amma havaların qarlı keçməsi turizm komplekslərinə öz təsirini göstərib:

“Bu günlərdə müəyyən qış turizm komplekslərində sıxlıq yaranıb. Buna görə də əlavə məhdudiyyətlər tətbiq edilib. Məsələn, “Şahdağ” və “Tufandağ” da bütün xidmətlər rezervasiyası, yaxud mövsümü abunə olan şəxslərə göstərilir. Digərləri üçün məhdudiyyətlər qoyulub ki, sıxlıq yaranmasın. Çünki sıxlıq buraya gələn insanların sağlamlığı üçün təhlükə yarada bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2112
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar