Gövhər Ağadan evimizə qədər olan yol - Şuşalıdan ŞUŞA YAZISI
07 avqust 2021 10:37 (UTC +04:00)

Gövhər Ağadan evimizə qədər olan yol - Şuşalıdan ŞUŞA YAZISI

29 ildən sonra Şuşadaydım...

***

... Dörd yaşım vardı. Xəyal kimi xatırlayıram. Gecə top, qrad səsi evin içində oturmağa imkan vermir:

- Nənə, atan ermənilərdi?

- Yox, Zakir babandı (nənəmin qardaşıdı, Şuşada o vaxt topçu idi, ləqəbi də “Qrad Zakir”di-Ş.P.) ermənilərə qrad atır.

- Ermənilər deyil də, eləmi?

- Yox, Zakir babandı, ermənilər tərəfə atır ki, buralara gələ bilməsinlər.

- Sağ ol, Zakir... Qoymayacaq hə, ermənilər bura gəlsin?

- Yox, qoymayacaq...

- Nənə, hüriyyətçilik nə  deməkdi? 

- Bunu hardan eşitmisən?

-Babamın yasında dedilər, ermənilər Şuşanı tutacaq, hüriyyətçilikdi. Bəs niyə  bizdə hüriyyətçilikdi, ermənilərdə  yox?

- Hüriyyətçilik pis şey deyil. Böyüyəndə biləcəksən.

- Nənə, türklər də  gəlib bizə  kömək edəcəklər?

- Gələcəklər, amma ermənilərə Zakir baban da bəsdi.

- Nənə, niyə ermənilərə kömək edirlər, bizə yox?

- Bunu da babanın yasında eşitdin?

- Hə

- Sən narahat olma, yat, Zakir baban qoymaz bura erməni gələ, mıxı mismara döndərən var. Şuşada Qacarın başı qalıb, heç kəs ala bilməz buranı.

- Qacar kimdi, başı niyə burda qalıb?

- Yat indi gecdi, hamısını deyəcəm sənə.

- Yaman atır Zakir, sağ ol, Zakir...

Hər gün qrad səslərinin böyütdüyü uşaq ağlıma gələn bu suallarla nənəmi dəng eləyirdim. “Nə idi axı bu hürriyyətçilik?”, “Kim idi mıxı mismara döndərən?”. Nənəm elə hey deyirdi: “Böyüyəndə biləcəksən”.

Hə, böyüyəndə bildim.

Bildim ki, o vaxt hər şey nənəm deyən kimi deyilmiş. Təkcə Zakir baba  atmırmış, ermənilər daha çox top atırmış biz tərəflərə.

Böyüyəndə bildim ki, o vaxt mənim eşitdiyim “hürriyətçilik”lə nənəmin dediyi tam fərqli anlayışlar imiş. Bizim tərəflərdə “başıpozuqluğ”a, yiyəsizliyə “hürriyyətçilik” deyirmişlər. O vaxt Şuşa da, şuşalılar da sözün həqiqi mənasında yiyəsiz, Allah ümidinə qalıbmış. Böyüyəndə öyrəndiyim, nənəmin “yaxşı şey” dediyi “hürriyyətçilik” isə bizi Şuşaya qaytardı. Şuşanı hürr elədi.

Böyüyəndə onu da bildim ki, “mıxı mismara döndərmək” məsəli Qacardan qalıb. Şuşanı tutandan sonra burda kütləvi edam düzənləməyi, “kəllələrdən minarə düzəldin, Molla Pənahın da başı lap yuxarıda asılsın! Gedin, dəmirçilərə deyin, edam üçün mıx hazırlasınlar” əmrini verir. Gecə Ağa Məhəmməd şah qətlə yetirilir. Mıx hazırlamalı olan dəmirçi İrana göndəriləcək şah tabutu üçün cəmi 4 mismar hazırlamalı olur. Ondan bəri qalıb bu misal: “Mıxı mismara döndərən var”.

Nənəm ona görə deyirmiş, “burda Qacarın başı qalıb, buranı heç kim ala bilməz”. 

***

Uşaqlığımında ən çox eşitdiyim səs idi, hələ də qulağımdadı, “trivoqa” səsi. Gözümün qabağından getmir, o səs gələndə hamı qaçıb zirzəmilərə doluşurdu. Zirzəmisi olmayan qonşulardan bizə gələnlər də olurdu.

Atam həmişə postda olurdu, uşaqlığımda onu ancaq əli avtomatlı xatırlayıram. Gəlib, 3-5 dəqiqə hal-əhval tutub qayıdardı.

***

Bir də Şuşanı tərk elədiyimiz o gecəni heç unutmuram. Atam tələsik gəlmişdi, anamdan hazır olub-olmadığımız soruşdu. Tez hazırlaşıb çıxdıq. Atam Şuşada qalırdı, postdaydı, anamla mən Ağdama gedirdik. Evdən bir-iki dəst geyimdən başqa heç nə götürmədik. Atam ağır əşyaları aparmağın əleyhinəydi, deyirdi: “3-5 günə ara sakitləşsin, qayıdırsınız”. Məcburi köçkünlükdə də uzun illər o, eyni inamla yaşadı. Ev almadı, yurd, iş qurmadı, hər gün “bu ay Şuşaya qayıdırıq” dedi. İndi yadıma düşür, yenə heyrətlənirəm, atam Şuşaya qayıtmaq inamını heç vaxt itirmədi. Heç vaxt! 

Hə, onu deyirdim, evdən çıxıb, “Zil”ə oturduq. Oyuncaqlarımı da aparmırdılar, ona görə ağlayırdım. Sürücü yalvarırdı: “Ağlama, maşından səs gəlsə, ermənilər bizi tutacaq”. Erməni  kəndlərindən  keçib Ağdama tərəf çıxmalı idik. Böyüyəndə biləcəkdim ki, ermənilər maşınlarda qadın, uşaq görəndə saxlayıb, düşürdür, işgəncə ilə öldürürmüşlər. Ona görə yola gecə çıxmışdıq, ona görə də sürücü mənə “ağlama” deyirdi, ona görə bizi kabinənin altında gizlədirmiş. Sonralar anamla o gecəni çox danışacaqdıq. 

***

Qarabağın, Şuşanın işğalı məndən çox şey aldı. Qarabağda böyüsəydim, yəqin başqa həyatım olacaqdı. Şuşada yaşasaydım, yəqin hər şey başqa cür olacaqdı.

Şuşa işğal olunandan sonra çox şey dəyişdi. Şuşaya gələndə “şəhərə gedirik” deyib kostyum geyinən ətraf rayonlular da özlərinə “ şəhərli” dedi. Qalalıların (mən qalalı deyiləm, qalalılar orda-burda yazmamış, özüm yazım))) səsi gur gəlmədi, aralarındakı rabitə itdi. Qalalı zarafatları, qalalı atmacaları, lap elə qalalı davaları yoxa çıxdı. Hamımız “ qaçqın şuşalı” olduq, qalalıların şirin-şirin sonaladıqları “qalalı-kəndçi” davaları da uzaq keçmişdə qaldı elə bil.  

Şuşanın  işğalı mənə  milli düşünməyi, millətçi olmağı, milləti sevməyi öyrətdi. İtirdiyim uşaqlığı başqa uşaqlar da itirməsin deyə dövlətçi olmağı öyrətdi...

***

İndi Şuşaya gedirəm. 29 il əvvəl “Zil”in kabinesində sürücünün gizli Şuşadan çıxartdığı uşağın əvəzinə özündən başqa 3 nəfərlə Şuşaya maşın sürən şuşalı qayıdır. APA-nın Şuşaya gedən heyəti məni həm şuşalı, həm də hüquqşünas-ekspert kimi dəvət edəndə heç düşünmədən qəbul elədim. Bir az düz olmadı, əslində düşündüm. Atamı düşündüm, o, Şuşaya getməyi məndən də çox istəyirdi. İnciyəcəyini də bilirdim, amma getmək həvəsi güc gəldi. Atama da, əslən qalalı olan anama da Şuşaya getdiyimi demədən Bakıdan çıxdım. 

... Şuşanın girişindəyik. Maşını saxlayıram, “Şuşa” yazılmış lövhənin yanında şəkil çəkdirmək istəyirik. Səfər yoldaşlarımdan biri əsgərlərimizdən soruşur: “Burda şəkil çəkdirmək olar?”

Cavab ləzzətlidi: “Qaqa, öz şəhərimizdi, öz yurdumuzdu, harasında istəsəniz şəkil çəkdirin”. Bu söz “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik!” ifadəsindən  sonra məni  xoşbəxt edən ikinci fikir idi... 

APA-nın redaktoru Mirmehdinin yekə bir siyahısı var. Şuşadakı tarixi abidələr, tarixi şəxsiyyətlərin evləri, burdakı məhlələr, Cıdır... Ona görə də “bələdçi tapaq” deyib israr edir. İnadkarlıq eləyirəm, “mən tanıyıram, bələdçi lazım deyil”. Adama deyərlər, hardan tanıyırsan? Dörd yaşında çıxdığın şəhəri necə tanıyar adam?

İçimdə bir hiss var ki, mən Şuşanı tanıyıram, tanımalıyam. Bu şəhəri “google map”də bəlkə milyon dəfə gəzmişəm, Şuşa ilə bağlı küçə-küçə oxumuşam. 17 məhəllə, 17 hamam, 17 məscid, 17 bulaq...

Adam öz şəhərini necə tanımaz axı?!

Şuşa İcra hakimiyyətinin qarşısına çatırıq, Yuxarı Gövhər Ağa  məscidinin yanında dayanırıq. Onu bilirəm ki, burdan evimizə az məsafə var. Uşaqları burda qoyub, evimizə tək getmək istəyirəm, Mirmehdi duyuq düşür. İsrar edir ki, onlarsız getməyim. Seyid məndən söz alandan sonra çəklişə davam eləyir.

***

Yuxarı Gövhər Ağadan sonra evə getmək istəyirəm. Yox, yaddaş kömək eləməyəcək, başqa yol yoxdu, atama zəng eləyirəm:

- Ata, Yuxarı Gövhər Ağa məscidindən bizim evə necə gedirlər?

- Şuşadasan?

- ...

Gəl, cavab ver! Deyirəm:

- Hə, Şuşadayam.  

Anamın səsi gəlir:

- Görüntülü zəng elə, rahat başa salaq.

Zəng edirəm:

- Gövhər Ağa ilə üzbəüz dayan, dön sağa, beşmərtəbəni  keç, yolun axırına çatanda sola dön, sağ tərəfdən sənin getdiyin bağçadı. Ora aparırdıq səni, durur bağça?

- Dağılıb.

- Bir az da qabağa get, birinci aradan dön sağa, qalx yuxarı,  Ağadədəli məhləsində bulaq görəcəksən, “Yaşıl aptek” vardı orda, durur? Ona bitişik, Kərim bəy Mehmandarovun evidi.

- Hə, görürəm Mehmandarovun evini, üstünə yazıblar.

- Ordan 50 metr yuxarı qalx, özün tanıyacaqsan, bizim evdi. İkimərtəbəli evdi, yandan 6, qabaqdan 8 pəncərəsi var.

Sola baxıram:

- Hə, Mirmehdi, bizim evdi... 

Həmin evdi. Bu evi o qədər arzulamışam ki. Dostlarımız yay tətilində rayonlarına, kəndlərinə gedəndə arzulamışam. Adımıza “qaçqın uşağı” deyib, bir az da yazıq kimi baxanda axtardığım evdi bu. Bu evi məcburi köçkün kimi zirzəmilərdə yaşayanda, rayon-rayon, məhlə-məhlə qalacaq yer dəyişəndə arzulamışam.  Bu evi “heç vaxt evim olmayacaq” düşünəndə içimə yerləşdirmişəm. Zamanla çox şey dəyişdi, evim də oldu, amma o ev bu ev deyil... Bu ev mənimdi, bəlkə də indi inanıram, Şuşadayam!

***

Şuşada xeyli çəkilişlər oldu, bunları APA-da oxuyub, APA TV-də izləyəcəksiniz. Amma bizə Şuşada doğrudan da bələdçi lazım olmadı. Hər yeri özümüz tapdıq.

***

Mənə görə Şuşanın  möcüzəsi nə Cıdır düzüdü, nə  İsa bulağı, nə Gövhər Ağa məscidləri, nə də sirli 17 məhləsi. Mənə görə Şuşa-yetişdirdiyi şəxsiyyətlərdir. Buranın bütün tarixi boyu ictimai, elmi, mədəni, siyasi fikir mərkəzi olmasıdır. “Şuşa möcüzəsi” Şuşanın  insanıdır. Şuşa ola bilən insan. Prezident də Şuşanı Azərbaycanın “mədəniyyət paytaxtı” elan eləməklə məhz elə o mesajı verdi.

***

Şuşa, sən mənim Məbədimsən! 

Şamil Paşayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13665
avatar

Şamil Paşayev

Oxşar yazılar