2020-ci ilin dekabr ayının 18-də 90 yaşı tamam olan, yaşadığı 83 illik ömrünün 60 ilə yaxınını Azərbaycan xalqının tarixinin öyrənilməsinə həsr etmiş görkəmli tarixçimiz, Azərbaycan tarixi kafedrasının professoru Süleyman Sərdar oğlu Əliyarlı 1930-cu il dekabr ayının 18-də Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdur. 1948-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olan S.Əliyarlı 1949-cu ildə Moskva Dövlət Universitetinə köçürülmüş və 1954-cü ildə həmin Universitetin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1954-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutuna işləməyə göndərilən S.Əliyarlı 1954-56-cı illərdə burada kiçik elmi işçi və elmi katib vəzifəsində çalışmışdır. 1956-59-cu illərdə həmin institutda aspiranturada oxuyan S.Əliyarlı 1962-ci ildə namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. S.Əliyarlı 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin “Azərbaycan tarixi kafedrası”na müəllim vəzifəsinə dəvət alandan sonra bütün ömrünü bu təhsil ocağı ilə bağlamışdır. O, 1965-ci ildə burada dosent elmi adını almış, 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş və 1980-cı ildə professor elmi adını almışdır. S.Əliyarlı 1978-ci ildən 2001-ci ilə qədər “Azərbaycan tarixi kafedrası”nın müdiri vəzifəsində çalışmışdır. Tarix elmi sahəsində qazandığı böyük elmi uğurlara görə S.Əliyarlı 1990-cı ildə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi kimi yüksək ada layiq görülmüşdür.
S.Əliyarlı Azərbaycanın sayı çox olmayan elə alimlər cərgəsinə daxildir ki, o, 55 illik əmək fəaliyyəti dövründə çox məhsuldar işləmiş və 150-dən çox elmi əsər, 7 monoqrafiya, 8 kitab, dərslik və dərs vəsaiti yazaraq çap etdirmişdir.
S.Əliyarlı bir böyük tarixçi kimi, Azərbaycan tarixinin ən ümdə, konseptual və fundamental problemlərini öz elmi araşdırmalarının tədqiqat obyektinə çevirərək bu sahədə böyük uğurlar əldə etmişdir. Bu baxımdan onun “Birinci dünya müharibəsi dövründə Azərbaycanda neft inhisarları”, “Azərbaycan xalqının soykökü (etnogenezisi)”, “Kitabi-Dədə-Qorqud” dastanının tarixi mənbə kimi öyrənilməsi, “Qarabağ tarixi” və başqa problemlər üzrə elmi araşdırmalarını xüsusi qeyd etmək lazımdır. Görkəmli alim Azərbaycan xalqının soykökü ilə bağlı Moskva tərəfindən işlənib hazırlanan və bir çox Azərbaycan alimləri tərəfindən müdafiə edilən, azərbaycanlıların türk kimliyinin inkarı üzərində qurulan qeyri-elmi “konsepsiya”nı tarixi qaynaqlar, antropoloji, onomastik və linqvistik materiallar əsasında əsaslı sübut və dəlillərə söykənərək darmadağın etmiş və soydaşlarımız olan Cənubi Azərbaycan türklərinin etnik mənsubiyyətinə şübhə ilə yanaşan kəsrəviçilik nəzəriyyəsinin qeyri-elmi mahiyyət daşıdığını sübuta yetirmişdir. Nəticədə bu problemlə bağlı yeni bir elmi konsepsiya yaratmaqla tarix elmimizə və xalqımıza əvəzsiz xidmət göstərmişdir.
S.Əliyarlının elmi-pedaqoji fəaliyyətində Azərbaycan tarixi üzrə dərslik və dərs vəsaitlərinin hazırlanması mühüm yer tutmuşdur. Bu baxımdan 1989 və 2007-ci ildə onun elmi redaktəsi ilə çapdan çıxmış “Azərbaycan tarixi üzrə qaynaqlar” adlanan mənbələr toplusunu və 1996-cı və 2009-cu ildə müəlliflər kollektivi ilə birlikdə hazırlayıb Azərbaycan və rus dilində çap etdirdiyi “Azərbaycan tarixi”. “Uzaq keçmişdən 1870-ci illərə qədər” adlı dərsliyi xüsusi qeyd etmək lazımdır. Bu iri həcmli və sanballı kitab öz orijinallığı və yeni elmi konsepsiyası ilə seçilməklə ali təhsilimizdə Azərbaycan tarixi üzrə dərslik probleminin həllində mühüm rol oynamış və indi də oynamaqda davam edir.
S.Əliyarlı Azərbaycan tarixi üzrə elmi kadrların hazırlanması sahəsində də səmərəli fəaliyyət göstərmişdir. Onun elmi rəhbərliyi altında 3 nəfər doktorluq və 18 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. Görkəmli elm xadimi S.Əliyarlı Azərbaycanda tarix sahəsində elmi məktəbi olan nadir alimlərdən biridir. 1978-ci ildən 2001-ci ilədək başçılıq etdiyi Azərbaycan tarixi kafedrasının əsas elmi istiqamətlərini müəyyənləşdirərkən Süleyman Əliyarlı tariximizin taleyüklü və aktual məsələlərinin, xüsusilə SSRİ rəhbərliyinin təzyiqi ilə Azərbaycan xalqının tarixinin daha çox təhriflərə məruz qalmış problemlərinin araşdırılmasını ön plana çəkmişdir. Azərbaycan xalqının soykökü ilə bağlı düzgün elmi konsepsiyanın işlənib hazırlanması, epik abidələrin tarixi mənbə kimi öyrənilməsi, Səfəvi dövlətinin etnik kimliyi məsələsinin elmi əsaslarla müəyyən edilməsi, Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı və bu işğalın iqtisadi, siyasi nəticələrinin yenidən tədqiq edilməsi, Şimali Azərbaycanda kapitalizmin genezisi və inkişafı ilə bağlı konsepsiyanın dəqiqləşdirilməsi kimi aktual və vacib problemlərin araşdırılmasını təmin etmək üçün professor S.S.Əliyarlının rəhbərliyi altında səriştəli və savadlı elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirilmiş və kafedrada yüksək elmi vəzifələrin öhdəsindən gələ bilən güclü kadr potensialı yaradılmışdır. Keçən əsrin 70-90-cı illərində formalaşan bu elmi məktəb hal-hazırda Azərbaycan tarixi kafedrasında (təbiət fakültələri üzrə), Bakı Dövlət Universitetində və müxtəlif elmi – tədqiqat institutlarında çalışan mütəxəssislər tərəfindən davam etdirilir. Görkəmli alimin yaradığı “Azərbaycan tarixinin orta əsrlər və yeni dövrünün başlıca problemləri” elmi məktəbinin davamçılarından biri olub, bu il 70 yaşı tamam olan tanınmış alimimiz, Azərbaycan tarixi kafedrasının professoru Zabil Bayramov ilkin mənbə rolunu oynayan farsdilli qaynaqları elmi tədqiqatına cəlb edərək Azərbaycan Səfəvi dövlətinin quruluşu, mərkəzi və yerli idarəetmə sistemi, şəhər idarəçiliyi kimi tariximizin bu parlaq dövrünün böyük elmi aktuallıq kəsb edən problemlərini hərtərəfli şəkildə öyrənmişdir. Dövrünün Böyük Moğol imperatorluğu və Osmanlı imperiyası kimi nəhəng dövlətləri ilə rəqabət aparmaq gücündə olan Səfəvi dövlətinin quruluşu və idarəçilik sistemində türk-qızılbaş əyanlarının rolu məsələsini ilkin mənbələr əsasında tədqiq edən prof. Z.H.Bayramov bir sıra mühüm və yeni elmi nəticələr əldə etmişdir. Bu zəhmətkeş alimin gəldiyi əsas elmi nəticə ondan ibarətdir ki, Səfəvi dövləti yarandığı 1501-ci ildən XVIII əsrin ilk onilliklərinədək öz etnik mənşəyini qətiyyən dəyişməmiş və bir türk dövləti olaraq qalmış, dövlətin qurucusu olan türk-qızılbaş əyanları əvvəldən axıradək bu dövlətdə əsas etnos kimi öz dominantlığını qoruyub saxlamışdır. Xüsusilə qeyd etmək lazımdır ki, artıq professor Zabil Bayramovun rəhbərliyi ilə Azərbaycan Səfəvişünaslığında yeni bir elmi məktəb yaradılmışdır.
Bu elmi məktəbin digər davamçılarından biri də Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, Tarix elmləri doktoru Kərim Şükürovdur. Professor K.K.Şükürovun əsas elmi araşdırmaları Azərbaycanda tarixi demoqrafiya və əhali problemlərinin hərtərəfli şəkildə tədqiqinə yönəlmişdir. İlkin mənbələr əsasında apardığı elmi tədqiqatlar nəticəsində prof. K.K.Şükürov tariximizdə demoqrafiya və əhali problemləri sahəsində yeni istiqamət açmışdır. Onun təşəbbüsü ilə AMEA-nın Tarix İnstitutunda “Əhali tarixi və tarixi demoqrafiyası” üzrə şöbə təşkil olumuşdur. Hal-hazırda bu şöbədə K.K.Şükürovun rəhbərliyi altında tarixi demoqrafiya və əhali problemləri ilə bağlı geniş tədqiqat işləri aparılır və artıq bu sahədə yeni bir elmi məktəb formalaşmaqdadır.
Bu məktəbin davamçılarından biri olan Tarix elmləri doktoru, professor Elmira Muradəliyevanın əsas tədqiqat istiqamətini Azərbaycanda kapitalizmin genezisi və inkişafında mühüm rol oynayan Azərbaycan neft sənayesinin və XIX əsrdə Şimali Azərbaycan şəhərlərinin tarixinin hərtərəfli şəkildə öyrənilməsi təşkil etmişdir. Prof. E.B.Muradəliyeva Azərbaycan tarixində ilk dəfə olaraq kütləvi mənbələr əsasında Azərbaycan neft sənayesində inhisarçı kapitalın yeri və rolunu müəyyənləşdirmişdir. XIX yüzilliyin ikinci yarısında Şimali Azərbaycan şəhərlərinin tarixini hərtərəfli şəkildə tədqiq edən prof. E.B.Muradəliyeva həmin şəhərlərin kapitalist sənayesinin formalaşması və inkişafında rolunu tarixşünaslığımızda ilk dəfə olaraq dəqiq şəkildə qiymətləndirmişdir. Bu zaman çar hökumətinin şəhər idarəçiliyi sahəsində yeritdiyi siyasətin müstəmləkəçi mahiyyəti açıq şəkildə göstərilmişdir.
Bu elmi məktəbin davamçılarından biri olan mərhum professorumuz Lətifə Həsənova XIX əsrdə Azərbaycan kəndində kapitalist münasibətlərinin təşəkkülü və torpaq münasibətlərinin təkamülü ilə bağlı olan məsələləri yeni şəkildə dərindən araşdırmışdır. Süleyman Əliyarlı elmi məktəbinin əsas istiqamətləri üzrə tədqiqat aparan kafedramızın əməkdaşlarından dosent Lalə Əliyeva tarixşünaslığımızda ilk dəfə olaraq Azərbaycan xalqının soykökündə qıpçaqların yeri və rolunu müəyyənləşdirmişdir. Dosent Rəsul Hüseynli isə sovet dönəmində üzərinə qadağa qoyulmuş mühüm mövzulardan olan XIX-XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində ruhani zümrəsinin yeri və rolu məsələsini ilkin mənbələr əsasında kompleks şəkildə araşdırmışdır.
Görkəmli alim Süleyman Əliyarlının müəyyən etdiyi elmi istiqamətin ayrı-ayrı problemləri ilə məşğul olan kafedra əməkdaşları dosent Yunis Nəsibov, dosent Ülviyyə İbrahimova tərəfindən müxtəlif dillərdə olan mənbələr əsasında orta əsrlər dövründə Azərbaycanın sosial-iqtisadi və siyasi həyatının bir çox mühüm məsələləri yeni şəkildə araşdırılmışdır. Dosent Bəymirzə Şabıyev Azərbaycan Səfəvi dövlətinin əsas inzibati vahidlərindən birini təşkil edən İrəvan vilayətinin sosial-iqtisadi, siyasi və mədəni həyatını kompleks şəkildə araşdıraraq bu bölgənin tarixi türk torpağı olmasını son dövrlərdə çapdan çıxan monoqrafiyasında ilkin mənbələr əsasında sübuta yetirmiş, baş müəllim Ərşad Həsənov tərəfindən Avropa səyyahlarının əsərlərində Azərbaycan Səfəvi dövləti haqqında olan bilgilər sistemləşdirilərək elmi dövriyyəyə gətirilmiş, Aysel Qəribovanın tədqiqatlarında isə Səfəvilərin Mərkəzi Asiya dövlətləri ilə qarşılıqlı əlaqələri problemi tarixşünaslığımızda ilk dəfə olaraq təhlil edilmişdir. Kafedranın dosenti Almas Cavadovanın tədqiqatlarında XV əsrdə Azərbaycanın Osmanlı dövləti ilə iqtisadi əlaqələri, Zəhra İslamovanın araşdırmalarında diplomatik sənədlərdə Azərbaycanın XVIII əsr tarixinin problemləri, baş müəllim Nurlana Cavanşirin tədqiqatlarında isə Azərbaycan xanlıqlarının xarici siyasət məsələləri yeni mənbələr əsasında təhlil olunmuşdur.
Bu böyük alimin müəyyən etdiyi elmi istiqamət üzrə tədqiqatlarını davam etdirən dosent Arzu Məmmədova Azərbaycanın Car-Balakən camaatlığı adlanan bölgəsinin tarixini kompleks şəkildə araşdırmışdır. Tariximizin yeni dövrü ilə məşğul olan alimlərimizdən professor Sevda Süleymanova XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatının inkişaf mərhələlərini və xüsusiyyətlərini mötəbər mənbələr əsasında təhlil etmiş, baş müəllim Rabil Süleymanlı isə Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini həyata keçirən idarə orqanlarının təşkili və fəaliyyətini arxiv sənədləri əsasında hərtərəfli şəkildə təhlil etmişdir.
Süleyman Əliyarlı məktəbinin yetirməsi olan istedadlı tarixçimiz Boran Əziz 2020-ci ildə çap etdirdiyi monoqrafiyasında Azərbaycanda rus müstəmləkə əsarətinə qarşı XIX əsrin II yarısından başlayan milli azadlıq hərəkatının gedişini, ideya qaynaqlarını və əsas mərhələlərini kompleks şəkildə araşdıraraq, yeni elmi nəticələr əldə etmişdir.
S.Əliyarlının elmi məktəbinin davamçılarından biri olub, onun rəhbərliyi altında “Azərbaycanda islamaqədərki dini inanclar” mövzusunda dissertasiya müdafiə edən dosent Kərəm Məmmədovun sonrakı elmi tədqiqatlarında Azərbaycan xalqının etnogenezisinin antropoloji aspektləri dərindən araşdırılmışdır. Böyük alim Süleyman Əliyarlının dastan və bədii ədəbiyyat nümunələrində tarixi keçmişimizlə bağlı apardığı araşdırmalar heyrətamiz dərəcədə yeni elmi nəticələrə gətirib çıxartmışdır. Bu sahədə onun hələlik yeganə davamçısı olan dosent Sevda İsmayılovanın XIX əsrdə Azərbaycan tarixinin taleyüklü məsələlərinin həmin dövrün bədii ədəbiyyat nümunələrində hansı şəkildə əks olunması ilə bağlı apardığı dərin araşdırmalar yeni elmi nəticələrə gətirib çıxarmışdır.
Özünü adı çəkilən elmi məktəbin davamçısı hesab edən bu sətirlərin müəllifi tərəfindən Şimali Azərbaycanın Rusiya tərəfindən işğalı və bu işğalın sosial – iqtisadi və siyasi nəticələri ilə bağlı tədqiqatlar davam etdirilmişdir. İşğaldan sonrakı Azərbaycanın aqrar və sosial quruluşunda baş vermiş mühüm dəyişikliklər ilkin arxiv sənədləri əsasında dərindən təhlil olunmuş və bir sıra mühüm elmi nəticələr əldə edilmişdir. Adı çəkilən məktəbin əsas istiqamətlərindən biri olan dərslik və dərs vəsaitlərinin hazırlanaraq çap etdirilməsi sahəsində də işlər davam etdirilmişdir. Kafedra əməkdaşlarının böyük əksəriyyətinin müəllifi olduğu və mənim elmi redaktorluğumla 2014 – 2019-cu illərdə dəfələrlə Azərbaycan, rus və ingilis dillərində çap edilmiş və ali məktəblər üçün nəzərdə tutulmuş “Azərbaycan tarixi (ən qədim zamanlardan XXI əsrin ilk onuilliklərinədək)” adlı dərslikdə xalqımızın tarixi yeni və düzgün elmi konsepsiya əsasında araşdırılmış, hal-hazırda elmimizdə mövcud olan ənənəvi “sülalə” dövlətləri prinsipindən tarixşünaslığımızda ilk dəfə olaraq imtina edilmiş, Azərbaycan dövlətçiliyinin əbədiliyi və varisliyi, xalqımızın müxtəlif dövrlərdə dövlətçiliyimizi qoruyub saxlamaq uğrunda mübarizəsi xüsusi diqqət mərkəzinə çəkilmişdir. Bu dərslikdə böyük alimimiz Süleyman Əliyarlının müəllifi olduğu bölümdə Azərbaycan xalqının etnik kimliyi məsələsi və Azərbaycanın ta qədimdən türk yurdu olması elmi cəhətdən əsaslandırılaraq aydın şəkildə verilmişdir.
S.Əliyarlı bir vətənpərvər alim kimi 1988-ci ildən başlayaraq Qarabağ həqiqətlərini dünya ictimai fikrinə və elm ictimaiyyətinə çatdırılması sahəsində xalqımıza əvəzsiz xidmətlər göstərmişdir.
S.Əliyarlı 1964-cü ildən indiyədək 15-dən çox respublika və beynəlxalq miqyaslı elmi konfrans, simpozium və seminarlarda iştirak etmişdir. O, Moskva, Dnepropetrovsk, İstanbul, Ankara, Konya, Şimali Kiprdə keçirilən beynəlxalq miqyaslı elmi toplantılarda Azərbaycan tarixinin ən mühüm problemləri üzrə dəyərli çıxışlar edərək, Azərbaycan elminə beynəlxalq nüfuz qazandırmağa və dünya elmi ictimaiyyətində tarixi gerçəklərimiz haqqında düzgün təsəvvür yaratmağa çalışmışdır.
S.Əliyarlının onlarla elmi əsər və məqalələri xarici ölkələrdə (Rusiya, Türkiyə, ABŞ, İngiltərə, Almaniya, Şimali Kipr) müxtəlif dillərdə çap olunmuşdur ki, bu da onun elmi fəaliyyətinin beynəlxalq miqyasda tanınması deməkdir. Bu böyük alim Azərbaycan və Türkiyə tarixi ilə bağlı çox dəyərli araşdırmalarına görə 2000 ildə Türk Tarix Qurumunun fəxri üzvü seçilmişdir. Türkcə və ingiliscə 2002-ci ildə çap olunan 26 cildlik “Türklər” adlı ensiklopedik kitabın redaksiya heyətinin üzvü və müəlliflərindən biri olmuşdur.
S.Əliyarlı 1989-cu ildən 2000-ci ilədək Azərbaycan Respublikası Milli Məclisi yanında Yer adları (Toponimiya) Komissiyasına sədrlik etmişdir. S.Əliyarlının Komissiyaya sədrlik etdiyi dövrdə baş vermiş şahidi olduğum maraqlı bir hadisə haqqında sizə danışmaq istəyirəm. Kommunist dövlət xadimlərindən biri olan Jdanovun adını daşıyan rayonun necə adlandırılması ilə bağlı müzakirələr gedərkən komissiyaya rayon əhalisindən çoxlu sayda təkliflər daxil olmuşdu. Süleyman müəllimin çoxlu sayda həmyerlisi hər gün kafedraya gəlib gedir və təkliflərini ona bildirirdilər. Rayonun necə adlanması ilə bağlı üç təklif var idi: Aran, Milabad və həmin bölgədən olan Sosialist Əməyi Qəhrəmanı Sərdar İmrəliyevin adını əbədiləşdirmək üçün Sərdarabad. Süleyman müəllim bütün müraciətləri diqqətlə nəzərdən keçirib, gələn qonaqları çox hörmətlə yola salıb, mənim yanımda aşağıdakıları söylədi: “bu şəhərin özünün tarixi adı var – Beyləqan”, elə belə də adlandırıldı.
Qeyd etmək lazımdır ki, Bakı Dövlət Universitetinin 85 illik yubileyi ilə bağlı çapa hazırlanmış kitablarda professor Süleyman Əliyarlının Azərbaycan tarix elmi sahəsində əldə etdiyi uğurlar, onun böyük elmi araşdırmaları, ən əsası isə onun yaratdığı elmi məktəbin fəaliyyəti haqqında geniş məlumat verilmişdir.
Professor Süleyman Əliyarlı Xəzər Universitetinin təşkil etdiyi “Elm və sənət” məclisinin daimi iştirakçılarından biri olmaqla, Azərbaycan tarixinin çox mühüm və taleyüklü problemləri haqqında məruzələrlə çıxış edirdi.
Artıq yeddi ildir ki, böyük tarixçi alim Süleyman Əliyarlı sıralarımızda olmasa da, alimlərimiz və ziyalılarımız hələ uzun müddət onun sanballı elmi əsərlərindən bəhrələnəcəklər.
Mehman Abdullayev
BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri