"Qalatasaray"ın məşhur futbolçusu Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara qalmaqallı addım atıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Nara İkardinin evli olduqları dövrdə hədiyyə aldığı İtaliyanın Komo gölü sahilində yerləşən lüks villanı satışa çıxarıb.
İtaliyanın Brienno qəsəbəsində yerləşən bu mülk üçün qiymət 8 milyon avro müəyyən edilib. Bildirilir ki, villanın sənədləri Vanda Naranın adına qeydiyyatdadır və bu ev cütlüyün keçmişindən qalan ən xüsusi simvollardan biri sayılır.
2018-ci ildə təxminən 2,5 milyon avroya alınan villa aparılan təmir işlərindən sonra dəyərini xeyli artırıb. İki mərtəbəli evdə 8 otaq, 4 hamam, geniş terras, bağ, əlavə mənzillər, dayanacaq və gölə açılan xüsusi platforma mövcuddur.
Həmçinin Naranın uzun müddətdir villaya getmədiyi, 2025-ci ildə qonşuların baxımsız bağ və qapı önündə yığılan paketlərdən şikayət etdiyi də iddia olunur.
Qeyd edək ki, uzun müddət evli olan cütlük son zamanlar boşanma prosesindəki qalmaqallarla gündəmə gəlir.