Çində uğursuz estetik əməliyyat nəticəsində gözlərini tam yummaq qabiliyyətini itirən qadın məhkəmədə gözlənilməz məğlubiyyətlə üzləşib. Səhhətində ciddi problemlər yaranmasına və əlillik dərəcəsi almasına baxmayaraq, məhkəmə onu əməliyyatı həyata keçirən cərraha böyük məbləğdə təzminat ödəməyə məcbur edib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, zərərçəkmiş qadının hekayəsi artıq altı ildən çoxdur ki, Çində geniş müzakirə olunur.
O, 2020-ci ilin iyun ayında Tszyansu əyalətinin Suçjou şəhərində yerləşən Meixi plastik cərrahiyyə klinikasına müraciət edərək göz qapaqlarında ikili qatın yaradılması əməliyyatı etdirmək qərarına gəlib. Asiya blefaroplastikası kimi tanınan bu prosedur ölkədə kifayət qədər populyardır.
Qadın əməliyyat üçün 1800 ABŞ dolları ödəyib. Əməliyyatdan sonra qadın həmin gün evə buraxılıb. Lakin gecə saatlarında o, güclü ağrılar hiss etməyə başlayıb. Qadın həkimlə əlaqə saxladıqda ona vəziyyətinin normal olduğu və narahatlığın bir neçə gün ərzində keçəcəyi bildirilib.
Ancaq vəziyyət yaxşılaşmaq əvəzinə daha da ağırlaşıb. Ağrılar davam edib, göz qapaqları xaricə doğru çevrilməyə başlayıb və gözlərindən daim maye axıb. Zərərçəkmişin sözlərinə görə, bir müddət sonra cərrah onun zənglərinə cavab verməyi də dayandırıb. Bundan sonra o, başqa tibb müəssisəsinə müraciət etmək məcburiyyətində qalıb.
Qadının dediyinə görə, digər xəstəxanada aparılan müayinə zamanı həkimlər göz yaşı kanallarının zədələndiyini və əməliyyatın düzgün aparılmadığını müəyyən ediblər. Onlar vəziyyəti düzəltmək üçün əlavə əməliyyat keçirməyi tövsiyə ediblər.
Sonradan qadın korreksiya əməliyyatı keçirsə də, yaranmış problemləri tam aradan qaldırmaq mümkün olmayıb. Göz qapaqlarındakı zədələnmələr səbəbindən o, hətta yatarkən belə gözlərini tam bağlaya bilmədiyini bildirib.
2022-ci ildə aparılan ekspertiza nəticəsində qadının xəsarəti rəsmi şəkildə doqquzuncu dərəcəli əlillik kimi tanınıb. Yerli təsnifata görə, onuncu dərəcə ən ağır əlillik səviyyəsi hesab olunur.
Məhkəmə araşdırmaları zamanı daha bir maraqlı fakt üzə çıxıb. Məlum olub ki, həkimin tibbi fəaliyyət göstərmək üçün lisenziyası olmayıb. Həmçinin əməliyyatın aparıldığı klinikanın da lazımi fəaliyyət icazələrinin olmadığı müəyyən edilib.
Hökm çıxarılmazdan əvvəl tərəflər arasında barışıq sazişi imzalanıb. Razılaşmaya əsasən, həkim qadına 125 min ABŞ dolları məbləğində təzminat ödəməyi qəbul edib. Bunun müqabilində qadın sosial şəbəkələrdə bu hadisə ilə bağlı paylaşdığı məlumatları silməyə, media ilə danışmamağa və məsələ ilə bağlı yeni iddialar qaldırmamağa razılaşıb.
Sazişdə əlavə bir bənd də yer alıb. Şərtlərə görə, qadın razılaşmanın tələblərini pozarsa, həkimə 59 min ABŞ dolları məbləğində cərimə ödəməli olacaq. Qadın mübahisənin həllindən sonra normal həyatına qayıtmağa ümid etsə də, onun sözlərinə görə, bir müddət sonra həkim sosial şəbəkələrdə videolar paylaşaraq onu təhqir etməyə və qardaşını dələduzluqda ittiham etməyə başlayıb.
Buna cavab olaraq qadının bacısı cərrahın qanunsuz tibbi fəaliyyət göstərdiyini təsdiqləyən sənədləri ictimaiyyətə təqdim edib. Zərərçəkmiş özü də bir neçə video müraciət yayımlayaraq başına gələnləri və əməliyyatın nəticələrini danışıb. Məhz bu addımlar yeni məhkəmə çəkişməsinə səbəb olub. Məhkəmə qadının ictimai şəkildə hadisə barədə danışmasını barışıq sazişinin pozulması kimi qiymətləndirib.
Bu ilin əvvəlində məhkəmə həkimin xeyrinə qərar çıxarıb və qadının müqavilədə nəzərdə tutulmuş məbləğdə cərimə ödəməsinə hökm verib. Qadının qərarın yenidən nəzərdən keçirilməsi ilə bağlı etdiyi müraciətlər də nəticəsiz qalıb.
Beləliklə, uğursuz əməliyyat nəticəsində ömürlük sağlamlıq problemləri ilə üzləşən qadın indi həmin əməliyyatı həyata keçirdiyi iddia olunan şəxsə təzminat ödəməli olacaq.
![]()
![]()