Turizm üçün yeni ünvanlar:  Azərbaycanın hansı bölgələri diqqətdən kənarda qalıb?
08 iyun 2026 15:07 (UTC +04:00)

Turizm üçün yeni ünvanlar: Azərbaycanın hansı bölgələri diqqətdən kənarda qalıb?

0

Yay aylarında dincəlmək istəyənlər xarici ölkələrlə yanaşı, Azərbaycanın da bir sıra dağlıq ərazilərinə üz tuturlar. Buna görə də həmişə rezervasiya zamanı ölkənin turistik ərazilərində sıxlıq müşahidə olunur. Lakin maraqlısı budur ki, yalnız bir neçə populyar ərazilər qabardılır, digərləri bir qədər kölgədə qalırlar. 

Görəsən, ölkənin daha hansı bölgələrini turistik zona etməyə ehtiyac var? turizm sektoruna investisiya qoyan investorların qarşılaşdığı əsas iqtisadi risklər nədir?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Lent.az-a bildirib ki, turizm sektorunun inkişafınına stimul verə biləcək regionlardan hələ də istifadə edilmir:

featured-image-206

Turizm sektorunun qarşılaşdığı əsas risklərdən biri rəqabətin artmasıdır. Bu sahə gəlirli hesab olunduğundan yeni turizm obyektlərinin sayı durmadan çoxalır. Bununla yanaşı, sektorun davamlı inkişafı üçün ən vacib amillərdən biri geniş və sabit müştəri bazasının formalaşdırılmasıdır. Ölkəyə gələn turistlərin sayı nə qədər çox olarsa, turizm sektoru da bir o qədər yüksək gəlir əldə edə bilər. Quru sərhədlərinin bağlı qalması təhlükəsizlik baxımından əhəmiyyətli olsa da, turizmin inkişafı üçün ciddi problemlər yaradır.

Turizm obyektlərinin əhəmiyyətli hissəsi mövsümi fəaliyyət göstərir. Belə obyektlər ilin yalnız müəyyən dövründə gəlir əldə edir, qalan aylarda isə fəaliyyətləri minimum səviyyəyə enir. Bu vəziyyət onların uzunmüddətli dayanıqlığını zəiflədir və zamanla fəaliyyətlərini dayandırmalarına səbəb olur. Buna görə də yeni turizm obyektləri yaradılarkən bütün mövsümlər nəzərə alınmlı və ilboyu fəaliyyət göstərə biləcək xidmətlər formalaşdırılmalıdır.

Turizm sektorunda fəaliyyət göstərmək hər bir biznesmenə uyğun olmur. Çünki sektoru açmaq və davam etdirmək üçün kifayət qədər böyük kapital tələb olunur. Turizm sektorundan qazanc əldə etməyə də uzun müddət lazımdır. Həmin dövrdə obyekti ayaqda saxlamaq olduqca çətindir. İlkin yatırımdan əlavə həmin qazanc olmayan dövr üçün də böyük maliyyə gücü lazımdır.

Makroiqtisadi risklər, inflyasiya, xərclərin, qiymətlərin artması, xarici valyutadan asılılıq da turizm sektorunun risklərindən biridir. Lakin ölkəyə turist axını nə qədər çox olarsa, turizm sektoru da o qədər inkişaf edər.

Servis səviyyəsinin beynəlxalq standartlara uyğun olmaması da problemlərdən biridir. Bəzi hallarda Azərbaycanda turizm sektorunda servis səviyyəsi standartlardan kənara qalır”.

İqtisadçı qeyd edib ki, turizm sektorunun inkişafı üçün xarici investorları cəlb etmək lazımdır:

Turizm sektorunun inkişafınına stimul verə biləcək regionlardan hələ də istifadə edilməməsi riskdir. Bunun üçün çox böyük kapital lazımdır. İnvestisiya mühitinin sağlamlaşdırılması, azad rəqabətin təmin olunması üçün öhdəliklər və bu istiqamətdə müəyyən qanunvericilik addımlarının atılması önəmli məsələdir. Xarici investorların cəlbi üçün müəyyən mühit yaradılmalıdır ki, həmin şərait onlara turizm sektorunda gəlir əldə etmə imkanlarını göstərə bilsin və bu istiqamətdə onların investisiya qoymalarını təşviq etsin.

Azərbaycan gözəl və əsrarəngiz təbiətə malikdir. Lakin turizm sektorunu inkişaf etdimək üçün yerli kapital kifayət deyil. Hal-hazırda xərclərin optimallaşdırılması və qənaət rejimində olduğumuza görə ölkədə iqtisadi aktivliyi artırmaq üçün xarici kapital axınını təmin etmək məqsədilə bir sıra investisiyayönümlü layihələrə start vermək lazımdır ki, turizm sektoru şaxələnsin.

Ölkəmizdə turizmin bütün istiqamətləri üçün imkanlar var. İlk sırada sağlamlıq məqsədi daşıyan tibbi turizm gəlir. Naxçıvandakı Duz dağı, Qalaaltı, Naftalan, Kəlbəcərdəki İstisu, Şuşa, Cənub bölgəsindəki İstisu turizm baxımından çox böyük əhəmiyyət kəsb edir. Ölkəmizdəki bu tibbi turizm sahələri nə Kislovodksdan, nə Yessentukidən, nə də dünyada məşhur olan digər istirahət mərkəzlərindən geri qalmır. Sadəcə onların piarını aparmaq, dünya səviyyəsində tanıtmaq lazımdır.

Qış turizmi sahəsində də mühüm addımlar atılıb. Qusar rayonundakı Şahdağ və Qəbələdəki Tufandağ qış-idman kompleksləri turistlərin diqqətini cəlb edir. Bununla belə, ölkənin şimal bölgələrində qış turizmi imkanlarının daha da genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi məqsədəuyğun olardı.

Son illərdə dünyada sürətlə populyarlaşan ekoturizm və kənd turizmi də Azərbaycan üçün perspektivli istiqamətlərdən biridir. Bu turizm növü kənd həyatının, təbii mühitin, sağlam qidaların və yerli məhsulların tanıdılmasına xidmət edir, eyni zamanda regionların sosial-iqtisadi inkişafına töhfə verir.

İşgüzar və rəsmi turizm də ölkə iqtisadiyyatı üçün mühüm gəlir mənbəyi ola bilər. Azərbaycan artıq beynəlxalq konfransların, forumların və müxtəlif qlobal tədbirlərin keçirilməsində ciddi təcrübə qazanıb. Bu istiqamətdə fəaliyyətin davam etdirilməsi ölkəyə əlavə turist axını və maliyyə gəlirləri gətirə bilər.

Bununla yanaşı, idman turizminin inkişafı üçün də geniş imkanlar mövcuddur. Beynəlxalq yarışların və idman tədbirlərinin təşkili ölkənin tanıdılmasına və turist sayının artmasına müsbət təsir göstərir. Klassik turizm istiqamətləri, yəni Bakının və regionların tarixi, mədəni və təbii görməli yerlərinin tanıdılması, eləcə də dəniz nəqliyyatından istifadə imkanlarının genişləndirilməsi ölkəyə turist marağının daha da artmasına şərait yarada bilər.

Bütün bu imkanlardan səmərəli istifadə olunarsa, Azərbaycan yaxın illərdə regionun aparıcı turizm mərkəzlərindən birinə çevrilə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 734

Oxşar yazılar