“Facebook” son günlər naməlum səbəbdən bəzi profillərin izləyicilərinin sayını aşağı salıb.
İzləyicilərini itirənlər arasında hətta “Facebook”un qurucusu Mark Zukerberq də var. Onun abunəçilərinin sayı da 119 milyon nəfər azalıb. Əvvəlki rəqəm yalnız bir qədər sonra bərpa olunub. Eyni halla Azərbaycanda da çoxsaylı izləyiciləri olan bloggerlər və tanınmışlar rastlaşıb. Onlar izləyicilərinin yarısından çoxunu itirdiklərini belə iddia edirdilər.
Bəs məsələnin əsas səbəbi nə idi?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Lent.az-a açıqlamasında deyib ki, bəzi mənbələr baş verənləri “Facebook”un son zamanlar botlardan istifadə edənlərə qarşı apardığı siyasətlə əlaqələndirib:
“Bir neçə həftə öncə bəzi ABŞ media qurumlarının hesabatlarında da belə bir problem baş vermişdi. Ümumiyyətlə, son zamanlar "Facebook" hesabatlarından görünürdü ki, qurum botlardan istifadə edən 1,4 milyard istifadəçiyə qarşı tədbir görüb. Son yarım ildə hətta milyarddan çox saxta "Facebook" profilinin silindiyi bildirilirdi”.
Rəqəmsal Marketinq Mütəxəssisi Fidan Abbaslı bildirib ki, sosial media sürətlə yenilənir və bu yenilənmələr əslində istifadəçi davranışlarını nəzərə alaraq həyata keçirilir:
"Yenilənmələr əksərən müsbət qarşılansa da, bəzi hallarda istifadəçilərin narazılıqlarına və problemlərə səbəb olur. Belə ki, son günlərdə “Facebook”da yaşanan hesab və səhifələrin izləyicilərinin (followerlərin) kütləvi şəkildə silinməsi halı istifadəçiləri narahat edir. Hətta Mark Zuckerberg də daxil olmaqla istifadəçilər bundan şikayətçidir.
Bu hal ölkəmizdə də bir çox hesabın başına gəlib. Meta mütəxəssisləri isə bu məsələ ilə bağlı bildirir ki, bəzi insanların feysbuk profillərində düzgün olmayan izləyici saylarının olduğunu bilirik. İşləri mümkün qədər tez normal vəziyyətə gətirmək üçün çalışırıq və narahatlığa görə üzr istəyirik. Odur ki, bu problemlə siz də qarşılaşmısınızsa, səbrli olun. Yaxşı olar ki, problemi "Facebook"un “Support chat” bölməsi vasitəsilə Meta mütəxəssisləri ilə bölüşəsiniz".
Sosial şəbəkələrdə çoxsaylı izləyiciləri olan blogger Əzizə İsmayılova bildirib ki, iki həftə bundan əvvəl "Facebook"da izləyicilərin sayında azalmanın baş verdiyini müşahidə edib.
O, bildirib ki, 22 minə yaxın izləyici 9 minə düşmüşdü:
"Bu, sadəcə "Facebook"un sistemində olan bir problem idi. Elə həmin dəqiqə problem aradan qaldırıldı. Artıq məndə bununla bağlı heç bir problem yoxdur. Sonradan "Facebook" bununla bağlı açıqlama verdi ki, bu onun özündə yaranmış bir texniki problem idi. Hazırda isə 21 min 832 izləyicim var".
Yazar Kəramət Böyükçöl də eyni problemlə rastlaşıb. O qeyd edib ki, izləyicilərinin sayı 69 mindən 9 minə düşmüşdü:
"İlk dəfə idi ki, başıma belə bir hadisə gəlib. Bu texniki bir problem idi. Problem bir neçə saatdan sonra düzəldi".
“Meta” şirkəti açıqlama yayaraq problemdən xəbərdar olduqlarını və bunun texniki xəta üzündən baş verdiyini bildirib. Daha sonra isə şirkət baş vermiş narahatlığa görə üzr istəyib.
Arzu Qurbanlı