Evində gizlənən qoca, əsaya möhtac nənə - Bakıda  “Tanrının unutduğu”  QƏSƏBƏ
05 aprel 2024 16:00 (UTC +04:00)

Evində gizlənən qoca, əsaya möhtac nənə - Bakıda “Tanrının unutduğu” QƏSƏBƏ

“Təxminən 20 il əvvəl siqnal səsi eşitdim, nəvəmi yoldan çəkən zaman qatar ayağımın üstündən keçdi. Neçə illərdi əsa ilə gəzirəm. Düzdü, indi qatar işləmir. Amma zamanında qorxu keçirtmədiyimiz bir gün olmurdu”. 

Montinlə Keşlənin ortasındayıq. Bu iki qəsəbəni bircə qatar yolu ayırır. Qatar relslərinin bir addımlığında insan həyatı düşünün. Və taleləri ilə barışıb, relslərin üzərində gül, çiçək əkənləri… 

Qanuna görə, tikililər əsas dəmiryol xəttindən 25, dəmiryol stansiyasından isə 50 metr kənarda tikilə bilər.

Amma elə deyil. Burada qatar siqnalını uzaqdan eşidən sakinlərin ürəkləri ağızlarında döyünür. “Şəpit”lərini geyinib evdən qaçmağı bilirlər. Amandır, qatarın altında uşaq qalmasın… 

Lent.az-ın sizə təqdim edəcəyin yazının əsl məğzi elə bu evin tinindən sağa dönməklə başlayır. 

Belə baxanda normal evlər görünür, qatar relslərindən isə əsər-əlamət yoxdur. Bir də bu tinlərdən sağa-sola dönə-dönə gəzəndə düşünün. Gəzdikcə Bakıda olduğumuzu unuduruq. Sanki ucqar bir rayonun, ucqar kəndidir. Ətrafdan təcrid olunmuş bir “anklav”ı xatırladır.  

Bu zaman evinin qabağında əlində əsa ilə ayağını uzadıb oturan Yetər nənəni görürük. Əlindəki əsanı görəndə elə bil kimsə mənə “Nənənin ayağını qatar əzib” dedi. Yaxınlaşıb, həmsöhbət olanda gördüm ki, həqiqətən elə imiş:

“Ayağım nəvəmi illər əvvəl qatar gələn zaman yoldan çəkəndə əzildi. Elə o vaxtdan bəri əsa ilə gəzirəm. 50 ilə yaxındır ki, burda yaşayıram. Çox qorxular yaşamışıq. Bir tərəfi sökdülər bizim evlər qaldı. İndi qatar keçmir, amma vaxt var idi ki, qatarın siqnalını eşidəndə yalın ayaq çölə qaçırdıq ki, bir hadisə olmasın”. 

Bir az qarşıda 72 yaşlı Sona Qarayeva ilə qarşılaşırıq. Onun sözlərinə görə, evləndikdən sonra bu qəsəbədə yaşamağa başlayıb:

“19 yaşımda bura ərə gəlmişəm. Əvvəllər suyumuz da gəlmirdi. Çiynimizdə səhənglə bu relsləri keçib su daşıyırdıq evə. Qatarın titrəməsi isə başqa aləm idi. O gələndə ev titrəyirdi. Neçə dənə cehizlik boşqablarım servantdan düşüb qırılıb. Uşaqlarımız çölə çıxanda bir ayağımız yanlarından olurdu. İndi hər şərait var. Bir neçə ildir burdan keçən qatarı dayandırıblar. Relsləri ot basıb. Biz də qorxularımızın üstündə gül-çiçək əkmişik. Heç olmasa, yaşadığımız qorxularımızın acısı belə çıxsın”. 

Sona xanımın yanında oturan söhbət yoldaşı Elmira xanım deyir ki, evdə nə danışırdıqsa, qonşu söhbətdən agah idi:

“Evlər o qədər sıxdır ki, bir az səsini yüksəldəndə digər qonşu haraya gəlir. Elə bilirlər nə isə olub. Nə danışırdıqsa, bütün söhbətdən məhəllə camaatı agahdı”. 

Amma deyə bilərik ki, qatar relslərinin bir addımlığında yaşayan heç də hamı şikayətçi deyil. Güləbətin xala deyir ki, qatar səsi onlara layla kimi gəlir:

“Qızım, narazı və şikayətçi deyiləm. Sizdən də kim soruşsa, buranın sökülməsini istəmədiyimizi deyin. Bütün şəraitimizi qurmuşuq. Relslər qalsa da, artıq qatar keçmir. 5-6 metr kənardadı qatar keçən ərazi. Biz də halımızdan razıyıq. O qatar səsi gəlməyəndə darıxırıq”. 

Nə yalan deyək, eşitdiyimizdən təəccüblənib yola davam etdik. Çönüb arxaya baxanda isə xalanın nə demək istədiyini başa düşdük. Güləbətin xala bu relslərin yanında bir ev tikib ki, onun yerində kim olsa, vəziyyətindən narazı olmaz. Bir az gülüb, yolumuza davam edirik. 

Hələ sizə nədən danışım. Evlərin önünü artıra-artıra rels dəmirlərinə gəlib çatan evlərdən. Deyirlər, qatar keçən vaxtı da belə idi. Amma bu son 5-6 ildə qatar keçidi dayanıb ki, evlər daha da irəliyə gəlib.  

Burada yaşayan sakinlər yaşadıqları qorxuları bir də relslər üstündə palaz, xalça çırpmaqla ödəyirlər. Bir zamanlar buranın insanlarının qorxulu yuxusu, “ölüm yolu” olduğunu bilməsəm, necə gözəl mənzərədi deyərəm. Amma nə fayda, bu relslərdə neçə uşaq ölüb, neçə adam yaralanıb. Nə deyək, təki bundan sonra bu relslərdə ancaq gül-çiçək açsın, sakinlərin evləri yenilənsin. 

Tinlərdən dönə-dönə elə bir məhəlləyə gəlib çatdıq ki, keçmişin gecəqondularını xatırladır. Ora girişin haradan, necə olduğunu nə qədər axtarsaq da, tapmadıq. Pəncərədən bizə baxan bir qadın gördük. Yaxınlaşmaq istədik ki, pərdəni bağlayıb gizləndi. Həm də bu dar yolda azca kilolu oldunsa, işin qalıb Allaha. Sirr saxlamayaq. Bir az da qorxduq. Çünki bu yol üzü işığa yox, qaranlığa gedirdi. 

Bu da belə… ürpəndik və geri qayıdırıq. Qatar relsi üzərində.

# 10473
avatar

Fidan İlqar

Oxşar yazılar

APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22
Bakının bu qəsəbəsi 2 gün susuz  qalacaq

Bakının bu qəsəbəsi 2 gün susuz qalacaq

28 may 2024 , 14:43
Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

28 may 2024 , 14:14
Sabah 33 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 33 dərəcə isti olacaq - PROQNOZ

28 may 2024 , 12:54
Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

28 may 2024 , 11:23
"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

27 may 2024 , 21:22
3 məktəbin direktoru  İŞDƏN ÇIXARILDI

3 məktəbin direktoru İŞDƏN ÇIXARILDI

27 may 2024 , 18:57