"Effektiv peyvənd alanlar və almağa hazırlaşanlar üçün 2022-ci ildə pandemiya bitmiş olacaq. Buna Azərbaycanda qısa müddətdə nail olmaq üçün isə elmi əsaslı yeni strategiyanın tətbiqi və tibbi xidmətlərin səviyyəsinin artırılması 2022-ci il üçün çox önəmlidir".
Bu barədə Lent.az-a açıqlamasında Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Tibb elmləri doktoru bildirib ki, normal həyata qayıdış istiqamətində atılmalı olan addımlardan birincisi effektiv peyvənd alanlarda virus aşkarlandığı zaman və ya effektiv peyvənd alanların viruslu xəstə ilə kontaktda olduğu zaman tətbiq edilən karantin və izolyasiya tədbirlərində elmi əsaslı strategiyanın tətbiqidir.
Onun sözlərinə görə artıq elmi əsaslı şəkildə demək olar ki, effektiv peyvənd alanlarda virus aşkarlanarsa maksimum 5-7 gün izolyasiya tədbirləri kifayətdir. Bundan əlavə bir müddət əvvəl viruslu xəstə ilə kontakt zamanı şəxslər karantinə alınırdısa, indi effektiv peyvənd alanlar viruslu xəstə ilə kontaktdan sonra həyatlarına tam normal davam edə bilərlər və onların karantinə alınmasına elmi tərəfdən heç bir ehtiyac yoxdur.
"Ümumiyyətlə isə insanlar unutmamalıdır ki, virusla mübarizənin artıq bu mərhələsində dövlət, səhiyyə və xalq həmrəyliyi və eləcə də qarşılıqlı inamı bu gün Azərbaycanı qısa bir müddətdə tam normal həyata qaytara bilər", - deyə N. Abdullayev bildirib.