Düşmənin dağıtdığı evlər və infrastruktur bərpa olunur-FOTOLENT
27 yanvar 2021 13:11 (UTC +04:00)

Düşmənin dağıtdığı evlər və infrastruktur bərpa olunur-FOTOLENT

44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkənin bir sıra dinc şəhər və rayonları artilleriya və ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, günahsız şəxslər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə və infrastruktura irimiqyaslı zərər vurulub.

APA-nın məlumatına görə, dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə ölkə başçısının 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının Baş Nazirin rəhbərliyi altında təşkil olunmuş fəaliyyəti nəticəsində qısa müddət ərzində ümumilikdə 11 şəhər və rayon ərazisində 10000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üzrə işlərə bu gündən Gəncə, Mingəçevir, Tərtər və Naftalan şəhərlərində, habelə Füzuli, Cəbrayıl, Goranboy, Ağdam, Ağcabədi, Beyləqan və Bərdə rayonları ərazisində paralel olaraq başlanılıb.

 

APA-nın yerli bürosunun məlumatına görə, düşmənin müharibə zamanı Gəncə şəhərini atəşə tutması nəticəsində xeyli insan həlak olub, yaralanıb, infrastruktura, inzibati obyektlərə, yaşayış binalarına, evlərə, şəxsi təsərrüfatlara ciddi ziyan dəyib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi altında bu gündən Gəncədə Ermənistanın təcavüzü nəticəsində zərər çəkmiş infrastrukturun, sahibkarlıq obyektlərinin və yaşayış evlərinin bərpasına başlanılıb.

İlkin mərhələdə şəhərə ballistik raketlərin atılması nəticəsində dağılmış evlər yenidən tikiləcək, bəzi evlər və mənzillər təmir-bərpa olunacaq.

Artıq ərazilərə texnikalar cəlb olunub, raket düşən evlərin yeri təmizlənir, yenilərinin tikilməsi üçün hazırlıq işləri görülür.

Tikiləcək, həmçinin təmir ediləcəklər sırasında fərdi yaşayış evləri ilə yanaşı, çoxmənzilli binalar da var.

Qeyd edək ki cəbhə xəttindən xeyli aralıda yerləşməsinə baxmayaraq, dağıntılara daha çox məruz qalan şəhərlərdən biri Gəncədir. Şəhər ardıcıl olaraq atılan uzaqmənzilli raket zərbələrindən fərdi yaşayış evləri ilə yanaşı, çoxmənzilli binalar, inzibati və ticarət obyektləri, məktəblər, poliklinika, Rus pravoslav kilsəsi və digər obyektlər zərər görüb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi ilə inşaat işlərinin icrasına cəlb edilmiş podratçı təşkilatlar Mingəçevir şəhərində də kompleks şəkildə tikinti-təmir işlərinə başlayıb.

Vətən müharibəsinin gedişində strateji mövqeyi və obyektləri ilə düşmən ordusunun hədəfinə çevrilən Mingəçevir şəhəri dəfələrlə uzaqmənzilli ballistik raketlərlə atəşə tutulub.

Atəş nəticəsində iri enerji müəssisəsi ilə yanaşı, vətəndaşların fərdi yaşayış evləri də  dağıntılara məruz qalıb. Əsasən, Azərbaycan İstilik Elektrik Stansiyası hədəf alındığı üçün ən çox zərər görən də stansiyanın yerləşdiyi əraziyə yaxın evlər və fərdi təsərrüfatlar olub.

Belə ki, şəhərə atılan mərmi və raketlərin bir qismi bu ərazilərdəki evlərə düşərək, dağıntılara yol açıb.

“Energetik” yaşayış massivində yerlən fərdi təsərrüfatların bir çoxu tamamən, bəziləri qismən dağılaraq qəzalı vəziyyətə düşüb. Bozdağ küçəsi və ümumilikdə bu ərazidə zərər görmüş fərdi təsərrüfatlar Dövlət Komissiyası tərəfindən qiymətləndirilərək problemin həlli istiqamətində vacib qərarlar qəbul edilib.

Hazırda podratçı inşaat şirkəti tərəfindən qeyd olunan əraziyə kifayət qədər işçi qüvvəsi və maşın-mexanizm cəlb olunub.

Görülən işlər müxtəlif istiqamətlər üzrə həyata keçirilir. Evlərin və digər tikililərin damı, divarları, qapı-pəncərələr bərpa olunub yenidən qurulur, yaşayış üçün uyğunsuz hesab edilən tikililər isə sökülərək, yerində yenisi inşa olunur. Tikinti-təmir işlərinin ən qısa zamanda və keyfiyyətlə aparılması üçün tikinti-inşaat materialları ilə fasiləsiz təminat həyata keçirilir.

Ermənistan Ordusunun təxribatı nəticəsində Goranboy və Naftalan rayonlarında da zərər çəkmiş mülki obyektlərin, dağılmış evlərin tikintisinə və təmiri işlərinə başlanıb. Goranboy rayonunun Aşağı Ağcakənd, Qaraçinar, Qızılhacılı, Səfikürd, Meşəli, Zeyvə, Tapqaraqoyunlu kəndlərində, habelə Naftalan rayonunun Qaşaltı kəndində tikinti, təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və podratçı şirkət tərəfindən həyata keçirilir.

Naftalan və Goranboya xeyli sayda işçi qüvvəsi və texnika cəlb olunub. İşlər mərhələli şəkildə görülür. Evlərin tikilməsi üçün layihəsi hazırlanıb. Dağılmış evlər texnikalar vasitəsi ilə sökülüb, yeni evlərin tikilməsi üçün təməllər atılır. Tikinti və bərpa işləri üçün lazım olan inşaat tikinti materialları əraziyə gətirilib. Dağıntıya məruz qalmış evlərin dam örtüyü, divarları və qapı-pəncərələrinin bərpasına başlanılıb.

Qeyd edək ki, erməni silahlı birləşmələri tərəfindən Vətən müharibəsi zamanı Naftalan və Goranboy ərazisinə yüzlərlə artilleriya mərmisi və raket atılıb.

Ermənistan Ordusunun 44 günlük müharibə zamanı aşdığı atəş nəticəsində Ağcabədi rayonunda da zərər çəkmiş infrastrukturun, mülki obyektlərin, dağılmış evlərin tikintisinə və təmiri işlərinə başlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və podratçı şirlət tərəfindən Ağcabədi şəhərində və keçmiş cəbhəyanı kəndlərdə aparılır.

Rayonun Yuxarı Qiyaməddinli kənd sakini Lazım Quliyev APA-ya açıqlamasında bildirib ki, ermənilərin atəşi nəticəsində evi tam dağılıb.

“Evimin yenidən tikilməsinə başlanılıb. Üçotaqlı evim yenidən tikilir. Ermənilərin atdığı mərmilər nəticəsində evim dağılmış, bütün əşyalarım da içində məhv olmuşdu. İndi hər evimizi yenidən tikirlər”.

Ermənistan Silahlı Qüvvələrinin Beyləqan rayonunu atəşə tutması nəticəsində dağılan və zərər görən fərdi yaşayış evlərinin, inzibati binaların və mülki obyektlərin də tikintisi və bərpası işlərinə bu gündən start verilib.

Ermənilərin rayon mərkəzini atəşə tutmağı nəticəsində ailə üzvləri xəsarət alan və evi dağılan rayon sakini, II qrup əlil Ceyhun Kazımov APA-ya bildirib ki, evi bünövrədən tikilir, sahəsi əvvəlkindən daha böyükdür: “Ötən il oktyabr ayının 3-də atılan raketlər mənə məxsus ev dağıdıb. Atəş zamanı evdə olan üç övladım və həyat yoldaşım xəsarət alıb. Bu gün isə Cənab Prezidentimiz evlərimizi bərpa etdirir. Evimiz beşotaqlı idi, indi də beşotaqlı tikilir, əvvəlkindən də gözəldir”.

Tikinti və bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır. İşlərinin aparılması üçün Beyləqan rayonuna zəruri tikinti materialları çatdırılıb.

Ermənistan Silahlı Qüvvələrinin təcavüzündən Füzuli rayonu ərazisində də yaşayış evləri, mülki və infrastruktur obyektləri ciddi ziyan görüb. Dövlət Komissiyasının rəyi əsasında yanvarın 27-dən Füzuli rayonu ərazisində tikinti və təmir-bərpa işlərinə start verilib.    

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və podratçı şirkət tərəfindən mərhələli şəkildə aparılacaq işlər çərçivəsində fərdi yaşayış evləri bərpa edilir, bərpası mümkün olmayanlar isə yenidən inşa olunur. İşlərin aparılması üçün Füzuli rayonuna inşaat və digər zəruri materialları gətirilib. Fərdi evlərlə yanaşı, dağılmış və zərər görmüş sosial obyektlərin də tezliklə və yüksək keyfiyyətlə tikintisi və bərpası nəzərdə tutulur.  

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində də tikinti və təmir-bərpa işlərinə başlanılıb. 44 günlük müharibənin ilk günlərindən erməni silahlı birləşmələrinin hədəfinə çevrilən Cocuq Mərcanlıda yaşayış evləri, inzibati binalar, mülki obyektlər ciddi ziyan görüb. Bu gündən Cocuq Mərcanlı kəndində də tikinti işlərinə start verilib.

Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ən çox ziyan görən ərazilərdən biri Tərtər şəhəri və rayonun keçmiş cəbhəyanı kəndləridir. Erməni silahlı birləşmələrinin intensiv artilleriya və raket zərbələri nəticəsində günahsız mülki insanların qətlə yetirilməsi ilə yanaşı, mülki binalara, fərdi yaşayış evlərinə, sahibkarlıq  və infrastruktur obyektlərinə külli-miqdarda ziyan dəyib.

APA-nın yerli bürosunun məlumatına görə, Dövlət Komissiyasının rəyinə əsasən bu gündən Tərtər rayonunda da tikini və təmir-bərpa işlərinə başlanılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı və koordinatorluğu ilə Tərtər şəhəri və rayonun keçmiş cəbhəyanı kəndlərdə aparılan işlər çərçivəsində bərpası mümkün olmayan evlər yenidən inşa olunur, qismən zərər çəkmiş evlər isə təmir-bərpa edilir. Bununla yanaşı, infrastruktura və mülki obyektlərə dəymiş ziyan aradan qaldırılması üçün zəruri addımlar atılır.

Analoji işlər Ağdam rayonunun keçmiş cəbhəyanı yaşayış məntəqələrində də aparılır. Bu gündən Ağdam rayonunda da ermənilərin artilleriya və raket atəşləri nəticəsində ziyan dəymiş yaşayış evlərinin, inzibati binaların, sosial obyektlərinin tikintisinə və təmir-bərpasına başlanılıb. Bu məqsədlə rayona zəruri tikinti materialları gətirilib, işlərə lazımı qədər işçi qüvvəsi cəlb olunub. İşlər mərhələli şəkildə aparılacaq. Dağılmış yaşayış evlərinin yerində yeniləri inşa ediləcək, qismən zərər görən evlər isə təmir-bərpa olunacaq. Bununla yanaşı, infrastruktur və sahibkarlıq obyektləri, sosial və inzibati binaların tikintisi və təmir-bərpası həyata keçiriləcək. İşlərin keyfiyyətlə görülməsi və tezliklə başa çatdırılması üçün qüvvələr səfərbər edilib.

Həm Bərdə şəhəri, həm də rayonun bəzi kəndləri 44 günlük müharibə dövründə düşmənin əsas hədəflərindən olub. Rayon mərkəzi və kəndlər dəfələrlə erməni silahlı birləşmələrinin artilleriya və raket atəşinə məruz qalıb. Nəticədə Bərdə sakinləri arasında xeyli mülki şəxs şəhid olub, rayon mərkəzində və kəndlərdə irimiqyaslı dağıntılar baş verib. Artilleriya və raket zərbələri nəticəsində yaşayış binaları, fərdi evlər, inzibati binalar, ticarət və sahibkarlıq obyektləri, sosial və iaşə tikililəri dağılıb, infrastruktura ziddi ziyan dəyib.

Artıq Bərdə rayonunda da bu gündən tikinti və təmir işlərinə start verilib. Dövlət Komissiyasının qiymətləndirməsinə əsasən, tam dağılmış evlərin yerində yeniləri inşa edilir, qismən dağıntıya məruz qalan evlərin isə təmir-bərpası aparılır. Bundan başqa, inzibati və digər sosial obyektlərə dəymiş ziyanın qiymətləndirilməsinə əsasən, zəruri tədbirlərin görülməsinə başlanılıb.   

Artıq Bərdə rayonuna zəruri tikinti materiallarının gətirilməsi təmin edilib, işçi qüvvəsi və texnika cəlb olunub.

Tikinti və təmir-bərpa işlərinin yüksək keyfiyyətlə aparılması və tezlik başa çatdırılması nəzərdə tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3999
avatar

Oxşar yazılar