Təqvim
10 dekabr 2020 09:04 (UTC +04:00)

Təqvim

Dünyanın bu günü - VİDEO

ÜMUMDÜNYA İNSAN HÜQUQLARI GÜNÜ

(1950)

1948-ci il dekabrın 10-da BMT Baş Məclisi "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə" qəbul edib. Bu sənədin qəbul edilməsində məqsəd insan hüquqlarını və bütün ölkələrin əməl etməli olduqları normaları müəyyən etmək idi. "Bəyannamə"ni qısa bir müddətdə dünya ölkələrinin böyük əksəriyyəti, hətta ən qəddar diktaturalar belə imzalanıb. 1950-ci ildən etibarən 10 dekabr – Ümumdünya İnsan Hüquqları Günü kimi qeyd olunur.

ZƏKİ VƏLİDİ TOĞAN

(1890-1970)

Görkəmli başqırd alimi, pedaqoq, professor Əhməd Zəki Vəlidi Toğan 10 dekabr 1890-cı ildə Başqırdıstanın Sterlitamak mahalının Küzən kəndində anadan olub. Mədrəsədə təhsil alıb, ərəb və fars dillərini öyrənib, türk xalqının tarixi ilə bağlı elmi araşdırmalar aparıb. 1912-ci ildə Kazanda nəşr olunan “Türk və tatar tarixi” əsərinə görə Kazan Universiteti Tarix və Arxeologiya Cəmiyyətinin üzvlüyünə qəbul edilib. 1917-ci ildə yaranan Başqırd milli hökumətinin daxili işlər naziri təyin olunub. Bolşevik işğalından sonra İstanbul, Paris və Berlində yaşayıb. 1935-ci ildə Vyana Universitetində “İbn Fədlanın səyahətnaməsi” mövzusunda dissertasiya işini müdafiə edib. 1935-1937-ci illərdə Bonn Universitetində, 1938-1939-cu illərdə Göttingen Universitetində professor olaraq çalışıb. 1939-cu ildə Türkiyəyə qayıdaraq İstanbul Universitetində dərs deyib. Əhməd Zəki Vəlidi Toğan 1970-ci il iyulun 26-da İstanbulda vəfat edib.

GÜLXAR HƏSƏNOVA

(1918-2005)

Azərbaycanın xalq artisti, görkəmli opera müğənnisi Gülxar İbrahim qızı Həsənova 1918-ci il dekabrın 10-da Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. Bakı Tibb Məktəbində təhsil alıb. Səhnə fəaliyyətinə gənc yaşlarından başlayıb, 1936-1942-ci illərdə Gənc Tamaşaçılar Teatrının solisti olub, sonrakı fəaliyyətini isə Opera və Balet Teatrında davam etdirib. 1983-cü ildən teatrda məşqçi-pedaqoq kimi işləyib. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli və Leylinin anası, “Əsli və Kərəm”də Əsli, “Koroğlu”da xanəndə qız, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Şahsənəm, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Ərəbzəngi, Süleyman Ələsgərovun “Bahadır və Sona” operasında Təravət xanım, Şəfiqə Axundovanın “Gəlin qayası”nda Ana və digər obrazları canlandırıb. Gülxar Həsənova 2005-ci il martın 30-da Bakıda dünyasını dəyişib. O, xalq artisti Ağadadaş Qurbanovun həyat yoldaşı, xalq artisti Hamlet Qurbanovun anasıdır.

NƏBİ XƏZRİ

(1924-2007)


Azərbaycanın xalq şairi, nasir, dramaturq, publisist, tərcüməçi və ssenarist Nəbi Ələkbər oğlu Babayev 1924-cü ilin bu günü Bakının Xırdalan kəndində tacir ailəsində doğulub. Azərbaycan Dövlət Universitetində, Leninqrad Dövlət Universitetində və Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. 1942-1943-cü illərdə İkinci Dünya müharibəsində arxa cəbhədə iştirak edib. "Kommunist" qəzeti redaksiyasında korrektor, Azərbaycan radiosunda diktor, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqının katibi, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, mədəniyyət nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri vəzifələrində çalışıb. Bir neçə kitabın müəllifidir, şeirlərinə mahnılar bəstələnib. "Şöhrət", "İstiqlal" ordenlərinə və medallara layiq görülən Nəbi Xəzri 2007-ci il yanvarın 15-də Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

AQİL ƏLİYEV

(1926-2006)

Azərbaycanın əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyev 10 dekabr 1926-cı ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetində təhsil alıb. 1953-cü ilə qədər Azərbaycan SSR EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışıb. İqtisad elminə böyük marağı olduğundan, həmin ilin may ayından Azərbaycan Tibb İnstitutunun "Siyasi iqtisad" kafedrasında işləməyə başlayıb. 130-dan artıq elmi əsərin, o cümlədən 19 monoqrafiya və kitabın müəllifidir. Onun rəhbərliyi altında 4 doktorluq və 4 namizədlik dissertasiyası müdafiə olunub. Ulu öndər Heydər Əliyevin qardaşı olan Aqil Əliyev 2006-cı il martın 7-də dünyasını dəyişib.

MURAD BABAYEV

(1951-2013)

Görkəmli dövlət xadimi Murad Köçəri oğlu Babayev 1951-ci il dekabrın 10-da Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanı Köçəri Oruc oğlu Babayevin ailəsində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Binəqədi rayon Prokurorluğunda təcrübəçi müstəntiq, Bakı şəhər Prokurorluğunda açılmamış ölüm hadisələri üzrə müstəntiq, Mingəçevir şəhər prokuroru vəzifələrin çalışıb. 1987-ci ildə Azərbaycan Respublikası Baş prokurorunun müavini, 1991-1992-ci illərdə Baş prokuroru, 1993-cü ildə isə Bakı şəhər Nəqliyyat prokuroru vəzifəsinə təyin edilib, daha sonra Təfəkkür Universitetində Hüquq kafedrasının müdiri işləyib. Murad Babayev 6 yanvar 2013-cü ildə Bakıda dünyasını dəyişib.

ƏMİRASLAN XEYİRBƏYOV

(1996-2016)

Şəhid Əmiraslan Xəlil oğlu Xeyirbəyov 1996-cı ilin bu günü Qusar rayonunun Caqarqışlaq kəndində ailəsində anadan olub. Milliyyətcə ləzgidir. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-cı ilin aprelində Azərbaycan-Ermənistan təmas xəttində baş verən toqquşma zamanı qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn edilib. Əsgər Əmiraslan Xeyirbəyov ölümündən sonra III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

ALFRED NOBEL

(1833-1896)

İsveçli mühəndis, kimyaçı və ixtiraçı Alfred Nobelin anım günüdür. O, 21 oktyabr 1833-cü ildə İsveçin Stokholm şəhərində anadan olub. Ailəsi 1837-ci ildə Finlandiyaya, 1842-ci ildə isə Sankt-Peterburqa köçüb. Ev təhsili alıb, Parisdə kimya sahəsindəki biliklərini dərinləşdirib. Parisdə laboratoriyada, daha sonra atasının zavodunda işləyib. Dinamiti kəşf edib, tüstüsüz barıtın tərkibini tapıb. London Kral Cəmiyyətinin və İsveç Elmlər Akademiyasının üzvü olub. 1875-ci ildə qardaşları ilə birlikdə Bakıda “Nobel Qardaşları şirkəti”ni yaradıb. Az müddətdə Abşeronun bir sıra neft mədənlərinin sahibi olub, zavodlar alıb və xeyli kapitala yiyələniblər. Alfred Nobel 1896-cı il dekabrın 10-da San-Remo şəhərində vəfat edib. Onun ölümündən sonra qalan kapital Nobel Fondunu təşkil edib. Nobel mükafatları Alfred Nobel tərəfindən qurulan dərnəyin insanlığa xidmət edən şəxslərə təqdim etdiyi ən nüfuzlu mükafatdır.

RƏŞİD XAN QAPLANOV

(1883-1937)

Azərbaycanın dövlət xadimi Rəşid xan Zabit oğlu Qaplanovun xatirə günüdür. O, 1883-cü il noyabrın 11-də Şimali Qafqazda qumuq əsilzadə ailəsində doğulub. Vladiqafqaz realnı məktəbində və Parisdəki Sorbonna Universitetinin Hüquq fakültəsində təhsil alıb. İstanbul Universitetində dərs deyib, Vladiqafqazda şəhər dairə məhkəməsində andlı müvəkkil müavini işləyib. Rusiyada Fevral inqilabından sonra Şimali Qafqazda gedən siyasi proseslərdə fəal iştirak edib. Müxtəlif illərdə Dağlılar Respublikasının daxili işlər naziri, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinəsində maarif və dini etiqad naziri, 5-ci hökumət kabinəsində maliyyə naziri vəzifələrində çalışıb. Bakı Dövlət Universitetinin açılmasında yaxından iştirak edib, burada "Osmanlı ədəbiyyatı tarixi"ndən, daha sonra Moskvadakı Şərq Xalqları Universitetində "Osmanlı imperiyası tarixi"ndən dərs deyib. 8 oktyabr 1937-ci ildə həbs olunan Rəşid xan Qaplanov repressiyaya məruz qalıb və dekabrın 10-da güllələnib.

SÜLEYMAN ƏLƏSGƏROV

(1915-1998)

Azərbaycanın xalq artisti, aktyor Süleyman Ağababa oğlu Ələsgərov da bu gün xatırlanır. O, 1915-ci il iyunun 20-də Bakıda doğulub. Maliyyə Texnikumunda və Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb. Müxtəlif illərdə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində, "Azərbaycanfilm" kinostudiyasında və Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib. "Qızıl quş", "Qaraca qız", "Hacı Qəmbər", "Polad necə bərkidi", "Səfillər" və başqa tamaşalarda çıxış edib. Onun ən populyar və iri həcmli ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur. 1961-ci ildə oynadığı Səməd Vurğun roluna görə Respublika Lenin komsomolu mükafatına layiq görülüb. Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.

MÜXLİS CƏNİZADƏ

(1928-1972)

Azərbaycanın əməkdar artisti, aktyor, bədii qiraətçi Müxlis Mirsabir oğlu Cənizadənin xatirə günüdür. O, 1928-ci il noyabrın 26-da Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb. Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və başqa tamaşalara quruluş verib, respublikanın bir sıra teatrlarında Azərbaycan və dünya dramaturqlarının əsərlərində yaddaqalan obrazlar yaradıb. Bir çox filmlərdə çəkilib, gənc aktyorlar nəslinin yetişməsində əvəzsiz xidmətləri olub. Müxlis Cənizadə 1972-ci ilin dekabrında Bakıda vəfat edib.

ANATOLİ BANIŞEVSKİ

(1946-1997)

Ukrayna əsilli Azərbaycan futbolçusu və məşqçisi Anatoli Andreyeviç Banişevski də bu gün xatırlanır. O, 1946-cı il fevralın 23-də Bakıda anadan olub. Peşəkar karyerası ərzində – 1963-cü ildən 1978-ci ilədək yalnız “Neftçi” klubunda çıxış edib. “Neftçi”nin 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmasında böyük əməyi olub. 1968-1972-ci illərdə Avropa çempionatlarında iştirak edərək, gümüş mükafata layiq görülüb. SSRİ çempionatı və kuboku, o cümlədən sovetlərin yığma komandasında üst-üstə 100-dən çox qol vurduğuna görə bombardirlərin “Qriqori Fedotov Klubu”na üzv olub. 1981-ci ildən məşqçi kimi fəaliyyətə başlayıb, 1984-88-ci illərdə Burkino-Fasoda məşqçi vəzifəsində çalışıb. “Şöhrət” ordeninə layiq görülən Anatoli Banişevski 1997-ci il dekabrın 10-da vəfat edib.

ETİBAR ƏHMƏDOV

(1960-1993)

Şəhid Etibar Qaragədə oğlu Əhmədovun anım günüdür. O, 1960-cı il martın 17-də Ağdam rayonunun Sarıcalı kəndində anadan olub. 1975-ci ildə Respublika kimya-biologiya təmayüllü 5 nömrəli internat məktəbinə, 1977-ci ildə 54 nömrəli texniki-peşə məktəbinə daxil olub və əl qaynaqçısı peşəsinə yiyələnib. 1978-ci ildən əmək fəaliyyətinə başlayıb, Belarusda hərbi xidmətdə olub. 1987-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Elektrotexnika fakültəsini mühəndis-elektrik ixtisası üzrə bitirib. 1993-cü il noyabrın 16-da könüllü olaraq Binəqədi batalyonuna qoşularaq cəbhədə döyüşməyə yollanıb. Etibar Əhmədov dekabrın 10-da Beyləqan rayonunun Haramı düzündə baş verən döyüşlərdə şəhid olub.

ELŞAD AĞAYEV

(1967-1993)

Şəhid Elşad Aşur oğlu Ağayevin xatirə günüdür. O, 1967-ci il aprelin 18-də Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1973-1984-cü illərdə kənd tam orta məktəbində təhsil alıb, 1985-ci ilin noyabr ayında isə hərbi xidmətə çağırılıb. Gürcüstanda rabitə-kəşfiyyat kursunu başa vurub. Ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirməklə yanaşı, Bakı Baş Tikinti İdarəsinin 4 saylı tikinti quraşdırma zavodunda işləyib. 1992-ci ilin mart ayında könüllü olaraq Milli Ordu sıralarına qatılıb. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsi əməliyyatlarında iştirak edib, Müdafiə Nazirliyi Baş Qərargahının xüsusi təyinatlı dəstəsində rota komandiri kimi xidmət edib. Elşad Ağayev 10 dekabr 1993-cü ildə düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

HƏSƏNQULU QASIMOV

(1969-1992)

Şəhid Həsənqulu Qaçay oğlu Qasımov da bu gün xatırlanır. O, 1969-cu il iyunun 9-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Qayalı səkkizillik və Qubadlı qəsəbə orta məktəbində təhsil alıb. 1987-ci ildə ordu sıralarına çağırılıb və 1989-cu ilə qədər Almaniya Demokratik Respublikasında xidmət edib. Ordudan tərxis olunduqdan sonra Azərbaycanın müdafiəsinə qalxıb. Laçın şəhəri işğal olunarkən el arasında “Qorxmazçılar” adı qazanmış taqımı ilə köməyə gəlib və 108 nəfəri mühasirədən çıxarıb. Həsənqulu Qasımov 1992-ci il dekabrın 10-da Qubadlının Ermənistanla sərhəddə yerləşən Yuxarı Cibikli kəndi uğrunda gedən döyüşlər zamanı həlak olub və Qubadlı Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 4 oktyabr 1994-cü il tarixli sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Onun qardaşı, Azərbaycan Ordusunun polkovnik-leytenantı Faiq Qasımov 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində şəhid olub.

CƏMİL ZEYNALOV

(1971-1992)

Şəhid Cəmil Sərdar oğlu Zeynalovun anım günüdür. O, 24 oktyabr 1971-ci ildə Zəngilan rayonunun Ağalı kəndində anadan olub. 1989-cu ildə kənd orta məktəbini bitirib. 1991-ci ildə hərbi xidmətə yollanıb və Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Cəmil Zeynalov 1992-ci il dekabrın 10-da Zəngilan rayonunun Şayıflı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

Dünyanın bu günü

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 990
avatar

Oxşar yazılar