Dünya Geofizikasının Hatəmi... - 74 ilin mübarək!  - FOTOLENT
06 yanvar 2021 20:06 (UTC +04:00)

Dünya Geofizikasının Hatəmi... - 74 ilin mübarək! - FOTOLENT

Bu gün dünya şöhrətli alim, əziz dostum, AMEA-nın həqiqi üzvü akademik Hətəm Quliyevin doğum günüdür. Hətəm Quliyev ömrünü Azərbaycan elminin inkişafına, tərəqqisinə həsr etmiş elm adamıdır. Adının mənası kimi “qanun yaradan”, dünyaya “səxavət bəxş edən” akademik, dünya geofizika elminə böyük töhfələr vermiş, son 30 ildə ilk dəfə ümumdünya geofizika nəzəriyyələr sisteminin yenillənmiş modellərinin xətti xüsusiyyətlərini ixtira etmiş dahi şəxsiyyətdir. İqtisadi Geologiya üzrə Beynəlxalq İttifaqın, Amerika neftçi mühəndislər cəmiyyətinin, Amerika neftçi geoloqlar cəmiyyətinin, Mühəndis geoloqlar və geofiziklərin Avropa Assosiyasiyasının, Beynəlxalq Geofizika jurnalının beynəlxalq redaksiya heyətinin, "Geodinamika" jurnalının beynəlxalq redaksiya heyətinin üzvü və Beynəlxalq Geofizika İttifaqının Azərbaycan bölməsinin vitse prezidentidir. Hətəm Quliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Müşahidə Şurasının üzvüdür. Onun araşdırmaları, nəzəriyyələri elm aləmində olduğu kimi, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən də ciddi maraqla qarşılanır. Ədəbiyyat və mədəniyyət adamları ilə daim sıx münasibətdə olan akademik Azərbaycan mədəniyyəti və ədəbiyyatının klassik nümunələrinə gözəl bələd olan bir alimdir.

Akademik Hətəm Quliyev Yer təkamülünün qeyri-dayanıqsızlığı konsepsiyasının yaradılması, bu təkamülün öyrənilməsi üçün qeyri-klassik xətti yanaşmanın işlənib hazırlanması, Yer təkinin struktur inkişafının riyazi-geodinamik modelinin nəzəri əsasları, Yer təkində qırışların və yarıqların əmələ gəlməsi mexanizmləri və onların üçölçülü qeyri-klassik nəzəriyyəsi, çoxkomponentli və üçölçülü seysmik dalğaların qeyri-xətti nəzəriyyəsi, seysmikanın qeyri-klassik nəzəri baza modelinin yaradılması üzrə elmi işlərin müəllifidir.

BP-nin işlənmə üzrə vitse-prezidenti Dr. Greg Riley akademik Hətəm Quliyevi fundamental elmi nəticələri neft problemlərinin geofiziki tədqiqatlarına tətbiq edən böyük alim adlandırır. Rusiya Elmlər Akademiyasının müxbir üzvü A.B. Nikolayev akademik H.Quliyevi MDB dövlətlərinin geofizik və geoloq alimləri içərisində ən parlaq və istedadlılarından olduğunu deyir.

AMEA-nın həqiqi üzvü, akademik Hətəm Quliyev və AMEA-nın müxbir üzvü, professor Rəşid Cavanşir uzun müddətdir ki, əməkdaşlıq edir, birgə elmi araşdırmalar aparır, müştərək tədqiqatların müəllifi kimi elmi məqalələrlə çıxış edirlər. Onlardan biri də son vaxtlar irəli sürülən Yerin qeyri-xətti xüsusiyyətlərini hesablamaq üçün Yer elmlərinin klassik mexanika sahəsi ilə inteqrasiyasına əsaslanan yeni model nəzəriyyəsidir. Fundamental araşdırmalara əsaslanan Qeyri-Klassik Xətti Yanaşma adlandırılan bu yeni model Yerin İlkin Etalon Modelində lazımsız riyazi hesablamaları və köhnə metodologiyaları inkar etməklə dünya elm cameəsində ciddi müzakirələrə səbəb olmuşdur. Əminəm ki, bu iki fenomenal şəxsin dünya elminə, yeni nəsil tədqiqatçılara Yerin daxili xüsusiyyətlərinin həqiqi təbiətini araşdırmağa imkan verəcək modeli günlərin birində on illər boyu sürən geniş miqyaslı tədqiqat proqramlarına səbəb olacaq, planetimizin müxtəlif qeyri-xətti xüsusiyyətlərini üzə çıxaracaq.

Bir sözlə dünya şöhrətli akademik Hətəm Quliyev üzərində yaşayıb, yaratdığımız yer kürəsinin və kainatın geofizik strukturlarının proqnozlaşdırılması, qanunauyğunluqların aşkarlanması sahəsində xüsusi imzaya malikdir. Hətəm Quliyev, sadə, bir ölçülü həqiqətlərin 3 xassəli tərəflərini araşdıran, görünən cismlərin görünməyən tərəfləri haqda elmi hipotezalar irəli sürən, aləmin əbədi dövranı paradiqmasında kosmologiyanın rolunu araşdıran fenomenal bir şəxsiyyətdir. Bir daha yubiley münasibəti ilə əziz dostumu təbrik edir, ona möhkəm can sağlığı, bol-bol elmi nailiyyətlər və uğurlar arzu edirəm ! Tanrı Sizi Qorusun !

Umud Mirzəyev, BAMF-ın prezidenti

 

1
 

1
 

1
 

1
 

1

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1947
avatar

Oxşar yazılar