Əhməd Vəliyev
08 oktyabr 2021 18:11 (UTC +04:00)

Əhməd Vəliyev

Döyüşçü həkim: "O qazini döyüş meydanından çıxaranda..."

"Mən ora həkim kimi yox, döyüşçü kimi getdim. Amma könüllü olaraq həkimlik də etdim orda. Olurdu ki, döyüş yoldaşım xəstələnirdi. Ona nə lazımdırsa, köməklik edirdim”. 

Əhməd deyir bunları. Əhməd Vəliyev. 30 yaşı var fizioterapevt Əhmədin. Saatlı rayonunda doğulub, böyüyüb. 

“Özüm əslən Axıska türklərindənəm. Amma bu torpaqlarda doğulub böyümüşəm. Orta məktəbi də elə Saatlıda oxumuşam. Türkiyədə Ankaranın Hacettepe universitetinin fizioterapiya və reablitasiya fakültəsini bitirmişəm. Məzun olduqdan sonra ölkəyə qayıtdım və hərbi xidmətə yollandım. Ordan gələndən sonra da hazırda çalışdığım Milli İdman tibbi reablitasiya mərkəzində işləməyə başladım”. 

Düz altı ildir ki, burada çalışır. Peşəsini sevir. Elə bu sevginin ardınca da gedib və arzuladığı kimi həkim olub. 

“Mən universitetə qəbul olan ili sağlıq bilimləri fakultəsinin tərkibində fizioterapiya və reablitasiya şöbəsi var idi. Daha sonra bu ixtisas ayrıldı. Hazırda da elə fizioterapiya və reablitasiya adlı fakültə var və 4 illik təhsildir. Mən də bu ixtisası özüm seçdim. 4 il oxudum və 1 il də praktika keçdim. Bu ixtisas Azərbaycanda yox idi deyə bilərəm. Sovet dövründən qalma Tibb universitetinin nəzdində belə bir şöbə var idi. Amma sırf mənim təhsil aldığım ixtisas yox idi. Mən də bu sənətin bütün xırdalıqlarını orda öyrənmişəm”. 

Əvvəllər bu ixtisas ölkəmizdə tədris olunmasa da, artıq keçirildiyini deyir Əhməd. Eyni zamanda gənclərin də bu ixtisasa marağı olduğunu söyləyir.

“İdman Akademiyasında idmanda reablitasiya ixtisası var. Bir də Tibb Universitetinin nəzdində fiziki tibbi reablitasiya ixtisası var. İki ildi açılıb. Hətta orada dərs demək üçün təklif də gəlmişdi. Gənclərin də bu ixtisasa marağı var. İdman Akademiyasından təcrübə üçün bura gəlir tələbələr. Onlar sırf idmanda reablitasiyanı öyrənirlər. Amma mən Türkiyədə bu sahəni hər tərəfli öyrənmişəm. Məsələn, mən reanimasiyada yatan, komada olan xəstənin də reablitasiyası ilə məşğul oluram, udma pozğunluğu olan xəstənin müalicəsi ilə də,  insult və ortapedik reablitasiyalarla da”. 

Biz onu elə həkim kimi tanıyırdıq. Amma bir balaca söhbət etdikdən sonra aydın oldu ki, Əhməd həm də İkinci Qarabağ müharibəsinin iştirakçısı imiş...

“Mən ora həkim kimi yox, döyüşçü kimi getdim. Amma könüllü olaraq həkimlik də etdim orda. Olurdu ki, döyüş yoldaşım xəstələnirdi. Ona nə lazımdırsa köməklik edirdim”. 

Müharibəyə getməsi də elə bircə zənglə olub. Hadisələri özü daha ətraflı danışır.

“Məzuniyyətdən təzə qayıtmışdım. Sentyabr idi. Şəhərə gəldim. Sonra atam zəng etdi ki, sənin adına çağırış vərəqi gəlib. Səfərbərlik elan olunub və məni də çağırırdılar. Mən də tez qayıtdım rayona. Oradan da getdim müharibəyə”.

*

“Əvvəlcə Gorana getdik. Orda bizə təlim keçdilər. Daha sonra Füzuliyə getdik. 4 gün də orda olduq. Biz xeyli müddət ehtiyatda saxlandıq. Tez-tez soruşurduq ki, bəs, bizi cəbhəyə nə vaxt göndərirsiz? Axı eşidirdik əsgərlərimiz torpaqları alır bir-bir. Köməyə getmək istəyirdik. Heç birimizdə bir qramda olsun qorxu yox idi. Çox həvəsli və qürurlu idik. Daha sonra bizə dedilər ki, azad olunan torpaqların müdafiəsi üçün getməliyik. Əvvəlcə Zəngilanda olduq. Daha sonra Qubadlıda”.

Düz dekabrın 28-ə kimi orda olur. Daha sonra tərxis edilir. Bir övlad atası olan Əhməd tərxisdən sonra da iş başına qayıdır. Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutuna. 
“Gələndən sonra dərhal işə başladım. Müdir mənə təklif etdi ki, bir müddət evdə istirahət edim. Amma mən istəmədim”.

Elə yaxşı ki də qayıdır. Çünki ona ehtiyacı olanlar var idi...

“İşə başlayandan sonra müalicəyə çoxlu qazilər gəlirdi. Müxtəlif nahiyələrdən güllə yarası ilə müraciət edirdilər bura. Şükür Allaha, indi çoxu yaxşıdır. Bir qazimiz var burda. Gələndə ümumiyyətlə gəzə bilmirdi. Onun bir qolunun üstündən texnika ilə keçmişdilər. Üç gün orada belə vəziyyətdə ac susuz qalmışdı. Çıxara bilməmişdilər. Sonra bizim döyüşçülər erməniləri çıxarandan sonra bu qazimizi tapıblar və görüblər ki, sağdır. Belə yaralanmaq elə bir şeydir ki, gərək tez müdaxilə edilsin. Amma bu döyüşçü üç gün orada qaldığına görə qolu çox zədə görmüşdü. Onun sümüklərini birləşdirib, qolunu tikmişdilər. Düzdü, əvvəlki kimi olmayacaq, amma ən azından öz geyimini özü geyə biləcək”. 

Bəs, tam reabilitasiya mümkündür?

“Əlbəttə, xəstəliyin növündən asılı olaraq dəyişir. 100 faiz deyə bilmərik. Heç bir xəstəlik tam sağalmır. Əvvəlki kimi olmur. Xəstə bizə müraciət edəndə biz əlimizdən gələnin ən yaxşısını edirik. Mümkün olanın ən yaxşısını. Hər vücud eyni reaksiyanı vermir. Məsələn adam var insultla gəlir bir aya sağalır, adam da var ki, 3 aya sağalır. Burada orqanizmin bizə verdiyi cavab vacibdir. Və ən önəmlisi zədələnən yerin beynin hansı nahiyəsi olmasıdır. Çünki hər nahiyənin öz xüsusiyyəti var, öz cavab vermə reaksiyası var”. 

Mərkəzlərinə gələn ən ağır xəstə ilə maraqlanırıq. Əlbəttə, yenə səbəb müharibədir. Müharibənin yarım qoyduğu talelər.

“Bura gələn ən ağır xəstə qazi kəllə-beyin yarası alan olub. Hansı ki, snayper gülləsi ilə yaralanıb. Bunun da nəticəsində bir tərəfi işləməyib. İnfarkt kimi. Xüsusi təyinatlı gizirimiz idi. O, bura arabada gəlmişdi. Sadəcə, bir əli sağlam idi. Orqanları yerində idi sadəcə işləmirdi. Biz onunla iki aya yaxın işlədik və xeyli irəliləyiş əldə etdik. Daha sonra Türkiyəyə göndərildi”.

# 5688
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar