Dərsləri dayandırılan məktəblə bağlı növbəti AÇIQLAMA
14 oktyabr 2021 15:41 (UTC +04:00)

Dərsləri dayandırılan məktəblə bağlı növbəti AÇIQLAMA

Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 57 saylı tam orta məktəbin binasına müvafiq ixtisaslaşdırılmış dövlət qurumu texniki baxış keçirib və əsaslı araşdırma aparıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, qərara əsasən, məktəbin qəzalı vəziyyətdə olan bir tədris korpusunda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.

Oktyabrın 14-dən məktəbin bir korpusunda bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması ilə əlaqədar təhsil müəssisəsinin digər korpusunda dərslər ikinövbəli şəkildə davam edir.

Məlumat verildiyi kimi, əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının 57 saylı tam orta məktəbin bir tədris korpusunu qəzalı vəziyyətə salması səbəbindən müəllim və şagirdlərin təhlükəsizliyi nəzərə alınaraq, rəsmi rəy verilənədək (oktyabrın 11-13-də) məktəbin I-lV sinif şagirdləri 291 saylı Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 saylı tam orta məktəbdə dərs keçib.

Qeyd edək ki, normal tədris mühitinin, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir.

# 1944
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar