Elm və Təhsil Naziri Emin Əmrullayevin " Yaşı 25-dən yuxarı olan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür" açıqlaması müzakirələrə səbəb olub.
Lent.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyi ( ETN) yanında İctimai Şuranın üzvü, deputat Etibar Əliyev də nazirin bu fikirlərini əsassız adlandırıb və sosial şəbəkədə tənqidi status paylaşıb.
Deputatın statusundan az sonra onun nazir Əmrullayevə göndərdiyi whatsapp mesajı statusu ilə yanaşı paylaşılıb. Mesajda deputat nazirdən 65 yaşı tamam olmuş qohumunun müəllim kimi iş müddətinin 1 il daha uzadılmasını xahiş edib.
Saxta profildən edilən paylaşımda iddia olunub ki, nazir bu xahişi yerinə yetirmədiyi üçün deputat onu tənqid edib.
Etibar Əliyev isə bu gün məsələnin Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın iclasında müzakirə edilməsini istəyib.
O, bununla bağlı bu gün statusunda yazıb: "İclasdan bir gün əvvəl Elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi WhatsApp yazışmamın nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşımları məsələsinin də müzakirəsinin gündəliyə salınmasını təklif etmişdim. Nazir tərəfindən şəxsi yazışmanın ictimailəşdirilməsini mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə zidd hesab edirəm. Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. İclasda dəfələrlə etdiyim təkidlərə baxmayaraq, məsələ gündəliyə salınmadı. İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi “yaşı 25-dən yuxarı, gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimi pislədilər və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti “İctimai iştirakçılıq haqqında" qanunun fəlsəfəsinə ziddir. Mənim təkliflərimindən biri də nazirin iclasda iştirakının təmin olunması idi. Bu təklifə, ümumiyyətlə, münasibət bildirilmədi. Bugünkü müzakirə bir daha göstərdi ki, İctimai Şura yalnız bir adamın (Emin Əmrullayevin) təsiri altındadır və onun müdafiəsi ilə məşğul olur. Şura üzvlərinin nazir tərəfindən təlimatlandırılması isə açıq şəkildə görünürdü. Bir məsələni də qeyd edim ki, E. Əmrullayev elm və təhsillə bağlı prinsipial məsələlərin heç birində Şura ilə məsləhətləşmə aparmayıb.
Bütün bunları əsas götürüb, Elm və Təhsil Nazirliyinin yanında İctimai Şurada fəaliyyətimi qeyri - mümkün hesab edirəm və Şura üzvlüyündən istefa verirəm".