Yay mövsümündə insanlar istirahət məkanı kimi daha çox çimərliklərdən istifadə edir. Təəssüf ki, bəzən istirahət xoşagəlməz vəziyyətlə, hətta ölümlərlə bitir. Çimərlik mövsümü açılar-açılmaz aldığımız ilk xəbərlər dənizdə boğulma hadisələri olur.
Bəs, buna səbəb nədir? Dənizdə boğulma halları niyə baş verir?
Üzgüçülük kurslarından birində məşqçi kimi çalışan Aytən Sultanova Lent.az-ın suallarını cavablandırarkən bildirib ki, boğulma hallarının əsas səbəbi insanların təhlükə anında özünü itirməsidir.
“Üzməyi bacarmayanlar, xüsusən də gənclər batma təhlükəsi ilə daha çox üzləşirlər. Özlərinə arxayın olub, dənizin dərinliyinə gedirlər. Bu zaman dərinlikdə üzmək daha da çətinləşir. Boğulmalar, adətən damar tutulmasından, panikadan və yorğunluqdan irəli gəlir. Adi vəziyyətdə belə özlərini ələ ala bilmirlər, panikaya düşürlər. Nəticədə boğulmalar qaçılmaz olur.
İnsanların bir çoxu batan zaman qorxu içərisində olurlar və çığırırlar. Bu zaman nəfəs azalır, bədən boşalır. Biz öz məşqlərimizdə tələbələrə bu vəziyyətdən çıxış yollarını nəzəri və praktiki öyrədirik. Birincisi, batmaq təhlükəsi yaranan zamanı sakit qalmaq lazımdı, dənizin suyu duzlu olduğundan insanı yuxarı qaldıracaq.
İkincisi, asta əl-ayaq hərəkətləri ilə suyun üzündə qalıb, ətrafımıza baxıb, yaxındakılardan kömək istəməliyik. Burada həm psixoloji, həm də fiziki cəhətdən üstünlük əldə etmək olur. Əks halda, qorxu xofu bizi üstələyəcək, nəticədə psixoloji durumumuzu nəzarətdən çıxaracağıq. Müvazinətimizi itirərək batacağıq. Ölüm halları isə əsasən çimərliklərdə qadağan olunmuş ərazilərdə baş verir. Ümumiyyətlə, qadağan edilmiş ərazidə çimmək, qoyulan işarələrdən keçmək olmaz“.
Məşqçi bildirib ki, üzməyi bacaran adamlar da batma təhlükəsi ilə üzləşə bilərlər.
“Biz dayaz yerlərdə üzməyi tövsiyə edirik. Üzgüçülüyə gələnlərin çoxu sudan qorxur. Öncə onları psixoloji tərəfdən hazırlayırıq, sonra suda müvazinəti saxlamaq qaydasını, əl-ayaq hərəkətlərini öyrədirik. Çalışırıq yeni gələnləri ayaqları yerə dəyən qədər dərinlikdə öyrədək. Müəyyən mərhələdən sonra dərinliyə buraxırıq. Ancaq onları nəzarətsiz qoymuruq. Üzə bilməyən üçün fərq yoxdur, dəniz və ya hovuz. Hər an suda qıcolma və panika yarana bilər. Suda üzmək insanlara nə qədər zövq versə də, həm də olduqca qorxulu və çətindir. Su nə qədər xoşagələn olsa da, bir o qədər də təhlükəli sayılır”.
Qeyd edək ki, suda boğulanı xilas edərkən ehtiyatlı olmaq lazımdır. Bu zaman suda batan hər şeydən tutmağa cəhd etdiyi üçün zərərçəkənlə bərabər xilasedən də bata bilər. Batan şəxsə arxa tərəfdən yaxınlaşmaq, onu saçlarından, paltarının yaxalığından və ya qoltuqaltı nahiyəsindən tutaraq üzünu yuxarı çevirməklə onunla birlikdə sahilə tərəf üzmək lazımdır. Batan şəxsin üzü mütləq suyun səthindən yuxarıda olmalıdır. Cəld hərəkətlə zərərçəkənin ağız boşluğunu barmağınızla və ya dəsmalla dəniz yosunları və digər yad cisimlərdən təmizləyin. Sonra sağ dizinizi yerə qoyaraq, zərərçəkəni üzüaşağı və qarnı budunuza söykənməklə, dizdən bükülmüş sol ayağınızın üzərinə qoyun. Əlinizlə onun kürəkləri arasındakı sahəyə təzyiq etməklə tənəffüs yollarından suyu xaric edin. Sonra zərərçəkəni üzüyuxarı yerə uzadın, qusma başladığı halda onun boğulmaması üçün başını yana çevirin, nəfəs alıb-almamasını, ürəyinin döyünüb-döyünməməsini yoxlayın. Əgər zərərçəkən nəfəs almırsa, yuxarıda göstərildiyi qaydada tənəffüs yollarından suyu xaric edən kimi, ona süni tənəffüs vermək lazımdır. Əgər zərərçəkənin ürəyi dayanıbsa, süni tənəffüs hərəkətləri ilə yanaşı, ürəyin qapalı masajını da icra edin. Bu reanimasiya tədbirlərini həkim gələnədək davam etdirmək lazımdır. Zərərçəkəni tibb müəssisəsinə çatdırmaq imkanı olarsa, bunu dərhal etmək, reanimasiya tədbirlərini isə yolda olarkən davam etdirmək lazımdır.
Əgər zərərçəkən huşunu itirməyibsə, tənəffüs yollarından suyu xaric etdikdən sonra onun əynindəki yaş paltarları çıxarmaq, bədənini spirt və ya quru dəsmalla ovxalamaq, içməyə isti maye vermək, onu isti bir şeyə bürümək, ayaqlarını bir qədər qaldırmaq və dərhal xəstəxanaya çatdırmaq lazımdır.