Dəhşətli qətlin tarixçəsi:   31 il əvvəl baş vermiş cinayətdən Lent.az-a nələr danışırlar
19 may 2021 18:30 (UTC +04:00)

Dəhşətli qətlin tarixçəsi: 31 il əvvəl baş vermiş cinayətdən Lent.az-a nələr danışırlar

“Mərkəzi Komitədə o jurnalı, o qəzeti siyirməyə qoyub oxuyurdular. Qapını açıb içəri girən olanda siyirməni irəli itələyirlər ki, görən olmasın. Düz başa düşdüz, siyirmənin içinə qoyub gizlicə oxuyurdular ki, heç kim görməsin”.

Tanınmış jurnalist Müsəllim Həsənov deyir bu sözləri bizə. Haqqında danışdığımız jurnal isə “Teatralnaya jizn”di. Bir zaman Sovetlər İttifaqının teatr həyatından bəhs edən bir jurnal. Bəs nədən bu jurnalı bax elə beləcə gizlincə, qorxa-qorxa oxusunlar ki? Teatr mövzusu belə qorxuluydu SSRİ-də?

Jurnalist Müsəllim Həsənov

Biz bu məqama gələcəyik. Elə Müsəllim müəllimin dediklərinə də. Bu dediklərinin haradan qaynaqlandığına da. Hələ ki, Göyçaydayıq. Aydın müəllimin, Aydın Kərimovun qonağıyıq. Bəlkə də bu ad sizə heç nə deməyəcək. Elə biz də onu tanımırdıq. Sadəcə, elə haqqında eşitmişdik.

Sən demə, canlı ensiklopediya imiş, Aydın müəllim.  On beş, bəli uzağı on beş dəqiqə kifayət etdi ki, bunun şahidi olaq.

Əslində, bir mahnını iziylə gəlmişdik Göyçaya. Bir zamanlar üstündə hamınızın gözəl tanıdığı xalq artistlərinin bir-birini necə deyərlər qırdığı bir mahnının: “Sevgilimə könül açdım”ın. Bir mahnıyla milyonları riqqətə gətirmişdi Aydın Kərimov. Sonradan yüzlərlə  şeir yazmışdı. Nəğmə kimi, sanki mahnıdır hazır, oxu. Amma Aydın müəllim bütün bunları sonra danışacaqdı. Səməd Vurğundan danışacaqdı 87 yaşlı şair. Rəsul Rzadan, Əli Kərimdən, Hüseyn Arifin necə Fransaya getməsindən, Yazıçılar Birliyindəki intriqalardan,  xalq artistlərinin bir-biriylə hansı münaqişələr yaşamasından...

Çox şeydən danışacaqdı, bu ensiklopedik adam. 

Amma bir neçə saatlıq söhbət zamanı qəfil, 31 bir əvvəl baş vermiş bir olaydan da bəhs edəcəkdi.  Elə Moskvada nəşr edilmiş həmin “Teatralnaya jizn”dən, lap dəqiqi o jurnalda çıxmış bir müsahibədən. O müsahibədən ki, sonradan Bakıda “Yeni fikir” qəzetində də dərc edilmişdi. Və “Yeni fikir”in həmin sayı bütün Azərbaycanda əl-əl gəzmişdi.

Kimlə idi axı həmin müsahibə? Niyə, niyə məmurlar onu qorxa-qorxa oxuyurdular? Niyə, niyə sıravi Azərbaycan insanı həmin müsahibənin dərc olunduğu “Yeni fikr”i oxumaq üçün bir-birinə ötürürdü? Niyə?

Qoy, elə Aydın müəllim özü danışsın:

Aydın Kərimov

- Moskvada “Teatrlnaya jizn” jurnalında Heydər Əliyevin müsahibəsi dərc olunmuşdu. “Azərnəşr”in direktoru rəhmətlik Əjdər Xanbabayev həmin jurnalda çıxan müsahibəni xeyli qəzetə, jurnala aparmışdı ki, azərbaycanca da tərcümə edilib dərc edilsin. Amma heç kim qorxudan yaxın durmamışdı. Onda rəhmətlik Əjdər müəllim “Yeni fikir”ə gəldi. Rəhmətlik baş redaktorumuz Taleh Həmidin yanına. Həmin vaxt mən məsul katib işləyirdim o qəzetdə. Qəzetdə həftədə bir dəfə çıxırdı. Həftə boyu səhifələr hazırlanırdı. Həmin vaxt bütün səhifələr demək olar ki, hazır idi. Bir üçüncü səhifədən başqa. Bu vaxt məlum oldu ki, həmin müsahibə də tərcümə olunacaq, həmin səhifədə yerləşdiriləcək.

Burda bir məqama toxunaq. Zaman o zaman idi ki, o vaxtkı Azərbaycan hakimiyyəti əlindən gələni edirdi ki, Heydər Əliyevin adını unutdursunlar. Onunla bağlı həmin vaxtkı dövrü mətbuatda nəinki yazı, hətta kiçik bir xəbərin də verilməsinə qadağa vardı. Və Heydər Əliyevin Azərbaycandakı o vaxtkı durumuyla bağlı siyasi düşüncələrinin yer aldığı “Mən belə düşünürəm” başlıqlı bu müsahibəsinin Azərbaycanda nəşr edilən bir qəzetdə getməsi böyük risk və qəhrəmanlıq tələb edirdi.

Ardını yenə Aydın müəllim danışır:

Aydın Kərimov, Səbuhi Məmmədli və Lamiyə Məmmədova

- Yazını səhv etmirəmsə, Şakir Yaqubov tərcümə etmişdi. Tərcümə gələn kimi makinada yığdırdım. Biz “Yeni fikir”in növbədənkənar sayını hazırladıq. Yazı redaktə olundu, çap sexinə apardım. Amma son anacan yazıya nə foto yerləşdirmişdim, nə də başlıq qoyulmuşdu. Sexdə işləyənlər son anacan bilmədilər ki, həmin səhifədə nə müsahibə gedəcək. O vaxtlar ən tirajlı qəzet “Kommunist” idi. “Kommunist” bütün qəzetlərdən sonra çap olunurdu. Təsəvvür edin, “Kommunist” də çapa gedib, “Yeni fikir” hələ qalıb. Səhər yaxın çapa getdi qəzet. Həmin gün isə bütün Azərbaycan “Yeni fikir”dən və həmin müsahibədən danışırdı.

Müsəllim Həsənov:

- Heydər Əliyevin Moskvada çıxan “Teatralnaya jizn” jurnalındakı müsahibəsinin çap olunduğu gün idi. Taleh Həmidə xəbər vermişdilər ki, Heydər Əliyevin müsahibəsini Mərkəzi Komitədə kabinetlərdə stolun siyirməsində oxuyurlar. Qapını açıb içəri girən olanda siyirməni irəli itələyirlər ki, görən olmasın. Hamı bir-birindən xəlvət oxuyurmuş.

Bu xəbəri eşitmək həmin an Taleh Həmidin xoşbəxt olması üçün yetərli idi. Amma bu xoşbəxtliyin bir müəllifi də rəhmətlik Əjdər Xanbabayev idi.

Mərhum naşir Əjdər Xanbabayev

Mən onda 4-cü mikrorayonda yaşayırdım. Səhər işə getmək üçün yolda avtobus gözləyirdim ki, “Azərnəşr”in direktoru Əjdər Xanbabayev özünün şəxsi “Jiquli”sini  yanımda saxlayıb, maşına əyləşməyimi təklif etdi, yolumuz bir idi.

Yolda dedi ki, Heydər Əliyevin “Teatralnaya jizn” jurnalında müsahibəsi çıxıb, bizim qəzet redaktorlarının heç biri onu çap etməyə razılıq vermir, onu “Yeni fikir”də çap eləmək olarmı?

- Əjdər müəllim, mən Talehlə danışaram, - dedim, məncə, problem olmaz, əksinə maraqlıdır...

İşə çatdıq və mən Əjdər müəllimin istəyini Talehə çatdırdım. Taleh dərhal jurnalı tərcümə üçün tanınmış  jurnalist və tərcüməçi Şakir Yaqubova göndərdi. O da mətni yüksək səviyyədə Azərbaycan dilinə çevirdi.

Bir qədər sonra müsahibə artıq “Yeni fikir”in çapa hazır versiyasında mətbəədə idi. O vaxt şəhərdə  komendant saatı olduğundan (gecə saat 12-dən sonra küçəyə çıxmaq qadağan idi)  biz qəzeti çap üçün təqdim eləsək də, çap prosesini gözləyə bilmədik. Yalnız növbəti gün qəzeti köşklərdə görəndən sonra anladıq ki, Heydər Əliyevin bədxahları bu müsahibənin çapa getdiyini görməyiblər və mane ola bilməyiblər. Qəzeti və müsahibəni köşklərdə görən Taleh Həmid xoşbəxt idi. Ən azı qəzetin əl-əl gəzəcəyini bildiyi üçün. Elə belə də oldu, qəzet əl-əl gəzdi...

Qəzet çap olunandan sonra “Yeni fikir” rəhbərliyini o vaxtkı Dövlət Mətbuat Komitəsinə çağırırlar. Həmin vaxt komitənin sədri Rəşid Mahmudov olub.

Aydın müəllimin dediklərindən:

- İşdə oturmuşdum dedilər tez özünü çatdır Komitəyə. Mən də getdim. Gördüm ki, sədr Rəşid müəllim oturub qəzeti oxuyur. Yanında da müavinləri. Salam verdim, almadılar. Yanında oturanlardan biri də əli ilə müsahibəni göstərib soruşdu ki, “Kimdi bu?” Dedim ki, uzun illər Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş Azərbaycan xalqının qeyrətli oğlu Heydər Əliyev. Dedi ki, siz heç bilirsinizmi nə etmisiz? Rəşid müəllim də eynəyini çıxarıb qoydu qəzetin üstünə baxıb üzümə güldü. Dedi ki, “Əsil kişi işi görmüsüz. Bu adam Azərbaycan dilini özünə qaytaran insan olub. Onun haqqı ödənməz. Düz etmisiz. Narahat olmayın, mən sizi müdafiə edəcəm.  

Ümummilli lider Heydər Əliyev

Aradan bir müddət keçir. Mətbuat Komitəsində müşavirə baş verir. Aydın müəllim deyir ki, Əjdər Xanbabayev də o vaxt “Azərnəşr”in direktoru kimi müşavirədə iştirak edirmiş.

- Müşavirədən çıxandan sonra öz maşını ilə ölən dostunun evinə gedirmiş başsağlığı vermək üçün.  Gedib maşını saxlayır. Qayıdanda görür ki, maşının həm qarşısında, həm də arxasında başqa maşınlar saxlanılıb. Çıxmağa yer dardı. Oturur maşınına ki, çıxsın yola. Elə oradaca düz başından vururlar. Onu o vaxtkı Semaşkoya çatdırsalar da, həyatını xilas edə bilmirlər.

Mərhum naşir Əjdər Xanbabayev

Əslində, cinayətkarın şəxsiyyəti hələ 1991-ci ildən məlum idi. Bundan yalnız neçə il sonra Tarix Quliyevin evində axtarış aparılarkən iki tapança, qumbara, xeyli güllə aşkar edilir. Məhkəmə-ballistik ekspertizası nəticəsində müəyyən olunur ki, T.Quliyevin evindən aşkar edilən tapança Əjdər Xanbabayevin qətlə yetirildiyi silahla eynidir. Bir maraqlı tapıntı isə DTK sədrinin keçmiş birinci müavini və bir müddət MTN-ə rəhbərlik etmiş İlhüseyn Hüseynovun general mundiri ilə çəkdirdiyi şəklin bu evdə olması idi.

Əməliyyat tədbirləri nəticəsində istintaq qrupuna o da məlum olur ki, cinayətin digər iştirakçısı “Ceyil Tofiq” ləqəbli Bakı Şəhər Sovetinin deputatı Tofiq Qasımovdur. Onu saxladıqdan sonra dinləmədə Daxili İşlər Naziri Ramil Usubov da şəxsən iştirak edirdi. T.Qasımov cinayət faktını təkzib etməyin mümkünsüz olduğunu anlayaraq qətldə iştirakını etiraf edir. Tofiq Qasımovun etirafından dərhal sonra Tarix Quliyev cinayətdə iştirakını boynuna alır. Məlum olur ki, bu iki şəxs cinayətin icraçısı olub. Sifarişçi isə Azərbaycan parlamentinin deputatı Hacı Seyfəl Babayev imiş.

Məhkəmə qətlin siyasi motivli olduğunu və Heydər Əliyevin Azərbaycana qayıtmasının qarşısını almaq üçün həyata keçirildiyini təsdiq edir. Aydınlaşdırılır ki, DTK sədri Vaqif Hüseynov Əjdər Xanbabayevin Heydər Əliyevlə son telefon söhbətlərinin stenoqramını birinci katibə verib. Artıq iyunun 1-i üçün Heydər Əliyevin Azərbaycana gəlişi planlaşdırılırdı. DTK sədri bu səfərin qarşısını almaq üçün konkret addımlar atılmasını zəruri sayırdı və bunu reallaşdırmağı birinci katibdən tələb edirdi. Bu “konkret addım” isə Əjdər Xanbabayevin qətlə yetirilməsi demək idi...

Amma o vaxtkı iqtidar Heydər Əliyevin böyük qayıdışını yalnız bir ay ləngidə bilir. İyul ayında Heydər Əliyev Azərbaycana qayıdır...

Ümummilli lider Heydər Əliyev

 

Lamiyə Məmmədova

Səbuhi Məmmədli

Göyçay-Bakı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12126
avatar

Oxşar yazılar