Bakının Atatürk prospektində üfüqi nişanlanma xətlərinin çəkilməsinə başlanılıb.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, avtobus zolağı prospektin daha çox sıxlıq halları və ləngimələr müşahidə olunan istiqamətində, Əlövsət Əbdülrəhimov küçəsilə kəsişməsindən Səttar Bəhlulzadə küçəsilə kəsişməsinədək olan hissəsində təşkil olunacaq.
Prospektin həmin hissəsindən 15 marşrut xətti üzrə 231 avtobus keçir. Gündəlik olaraq bu avtobuslardan 140 min nəfərə yaxın sərnişin istifadə edir. Lakin bu istiqamətdə yolda müşahidə olunan nəqliyyat sıxlığı avtobusların hərəkət qrafikinin 15-20 dəqiqə, bəzən isə daha uzun müddətə gecikməsinə səbəb olur. Nəticədə avtobuslarda və prospekt boyunca dayanacaqlarda sərnişin sıxlıqları yaranır, sərnişinlərin səyahət müddəti lüzumsüz yerə artır.
Zolağın təşkili ilə pik saatlarda avtobuslararası interval stabilləşəcək, orta hərəkət sürəti artacaq, sərnişinlərin səfər müddəti isə 20 dəqiqədən 4 dəqiqəyədək azalacaq.