Hərbi səbəblərlə əlaqədar təyin edilmiş əlillik müddətinin uzadılması üçün barələrində e-sistemə göndəriş daxil edilmiş, eləcə də əlillik sənədlərində ziddiyyət aşkarlanan 28 şəxsin əyani müayinəsi aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a verilən məlumata görə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində müvafiq komissiyada aparılan müayinə zamanı həmin şəxslərdən 16-na əlillik təyin olunmasına dair qərar qəbul olunub.
9 nəfərin diaqnoz və sağlamlıq durumunun əlilliyə əsas vermədiyi müəyyən edilib. 1 nəfərə müalicənin davam etdirilməsi, 1 nəfərə isə yenidən müayinə üçün göndəriş tərtib edilib. Digər şəxsə isə əlilliyin qiymətləndirilməsi üçün hərbi qərarın gətirilməsi tövsiyə olunub.
Şəffaflığın tam təmin olunması üçün əyani müayinələrin videoçəkilişləri aparılır, qeyri-hökumət təşkilatları nümayəndələrinin müayinələrdə iştirakı təmin edilir. Bu dəfəki müayinədə “Əlilliyi olan Qadınlar Cəmiyyəti” İctimai Birliyinın sədri Məhluqə Rəhimova iştirak edib.
Bu cür əyani müayinələrin əsas məqsədi əlilliyin qiymətləndirilməsinin tam şəffaflaşdırılması, əsassız əlillik təyinatlarına yol verilməməsidir.