“İllərdən gələn təcrübələr də onu göstərir ki, istər soyğunçuluq, istər insan alveri belə anlarda daha da çox artır. Bir də görürsən hansısa qadın, uşaq itkin düşüb”.
Bu sözləri Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə dağıntılar altından sağ çıxarılan körpələrin aqibəti barədə danışarkən deyib.
O qeyd edir ki, Türkiyədə baş verən zəlzələdən sağ qalmış qadın və uşaqlara dövlət nəzarət etməlidir:
“Belə təhlükəli olan yerlərdə cinayətkar qrupların da fəaliyyəti aktivləşir. İllərdən gələn təcrübələr də onu göstərir ki, istər soyğunçuluq, istər insan alveri belə anlarda daha da çox artır. Bir də görürsən hansısa qadın, uşaq itkin düşüb. Elə bu istiqamətdən də bu bölgəyə çox həssas yanaşmaq lazımdır.
Ona görə də bununla bağlı çoxlu məlumatlar paylaşırıq. Dağıntıda ailə üzvlərini itirən uşaqların qoruyucu ailələr deyil, dövlətin himayəsində, nəzarətində olması daha önəmlidir. Çünki ən azında onlara qarşı hansısa cinayət hadisələrinin olmasının bu addımla qarşısı alınmış ola bilər.
Əlbəttə, bununla yanaşı, cəmiyyət davamlı olaraq məlumatlandırmaq lazımdır. Eyni zamanda, söhbət burda uşaqdan gedir. Buna görə uşağa belə bir xırda şübhə olduqda nə etməli, hara müraciət olunmalı olduğu deyilməlidir. İnsanların ən çox olduğu sosial şəbəkələrdə paylaşımlar edilməlidir".