“Uşağın üzünə uyğun ölçüdə maska tapa bilmirəm. Apteklərdə yalnız standart maskalar satılır. Böyük maskanı da uşaq taxmaq istəmir”.
Bu sözləri Lent.az-a övladı ilə birlikdə metrodan istifadə edən Sevinc Rəsulova bildirib. Qadın maska taxsa da, 4 yaşlı qızı Gülərin ağzında bunu görə bilmədik. Çox təəssüf ki, maskasız uşağını çölə çıxaran tək valideyn Sevinc Rəsulova deyildi. Onun kimi bir neçə valideyin də var idi.
Görəsən, bütün dünyanın koronavirus epidemiyası yaşadığı, hər kəsin qoruyucu maskalardan istifadə etməsi vacib olduğu vaxt niyə valideynlər bu qədər laqeydlik edirlər? Ümumiyyətlə, uşaqların maska taxması nə qədər vacibdir?
Pediatr Aytən İsmayılzadə Lent.az-a bildirib ki, uşaqların maska taxması həm vacibdir, həm də deyil:
“Koronavirusa uşaqlar yoluxa bilirlər. Lakin onlar xüsusi risk qrupunda deyillər. Məsələn, göy öskürəyə uşaqlar tutularsa, bu zaman onlar bir qrup olaraq risk qrupunda olarlar. Amma bu koronavirusda tamamilə əksinədir. Daun sindromu, talassemiya, leykoz kimi xəstəlikləri, onkoloji problemləri olan uşaqların immun sistemi zəif olduğuna görə koronavirusu daha ağır keçirirlər. Bundan əlavə, 1-2 aylıq körpələr də risk qrupu hesab olunurlar. Belə deyə bilərik ki, uşaqlar daha çox daşıyıcıdır. Onlar xəstəliyi yünglü keçirirlər və virusu daşıyırlar. Amma evdə ana bu virusa yoluxubsa, gigiyenik qaydalara riayət etmək və maska taxmaq şərti ilə körpəsinə süd verə bilər. Çünki koronavirus südlə keçmir. O ki, qaldı uşaqların maska taxmasına, əvvəlcə onu deyim ki, balacaların maskası təmiz pambıq parçadan olmalıdır. Üz ölçülərinə uyğun olmalıdır ki, onlara narahatlıq verməsin”.
Psixoloq Əfsanə Rüstəmova deyir ki, uşaqların virusa yoluxma və onu yayma ehtimalı daha yüksəkdir:
“Pandemiya dönəmi, sadəcə böyüklərin işlərini alt-üst eləmədi, eləcə də azyaşlıların həyatına da təsirsiz ötüşmədi. Çünki bağça-məktəb fəaliyyəti yarımçıq qalan, dostlarından ayrı düşən və oyun zonalarına müdaxilə olunan uşaqlar ilk dönəmdə buna səbrlə qarşılıq versə də, artıq uzun müddət davam edən bu pandemiyadan onların da səbri tükənib. Nəzərə almaq lazımdır ki, yay dönəmində evdə qalmaq azyaşlılar üçün doğurdan da çətindir. Şəraitdən aslı olaraq, bina evində yaşayan uşaqlar bu karantindən daha çox əziyyət çəkir. Açıq havadakı uşaq oyun parkları sosial məsafənin qorunması mümkün olmayan hissəsidir. Oyun zonasında əllərini hər şeyə vuran, daha sonra o əllərlə bir-birlərinə təmas edən balacaların virusu yaymaq ethimalı olduqca çoxdur. Bir versiyaya görə, azyaşlılar bu virusa məruz qalsa da, onu çox asan keçirir. Belə olan halda onlar evdəki daha yaşlı ailə üzvlərinə bu virusu daşıya bilərlər. İkinci halda isə onların immun sistemi hələ tam formalaşmadığından belə bir virusla mübarizə aparacaq gücdə deyildir. Hər bir halda valideynlərdən ehtiyatı əldən verməmək xahiş olunur. Burda uşaq parklarının da digər yerlərə nəzərən daha intensiv dezinfeksiya olunması gərəkdiyini qeyd etmədən keçmək olmaz”.
Psixoloq məsləhət görür ki, uşaqlara maska taxma vərdişini oyunlarla yaratmaq olar:
“Burnunda artıq ət olan, nəfəsalma prosesini tam dərk etməmiş uşaqlara maskadan istifadə etdirmək də təhlükə yarada bilər. Tövsiyə edə bilərik ki, evdə olduqları müddətdə kiçik-kiçik oyunlarda maska taxaraq "maska taxma müddətini" formalaşdıra bilərlər. Görünən odur ki, karantin qurtarsa da, pandemiya hələ davam edəcək. Ona görə də əlcək-maska-spirt həyatımızdakı ən yaxın dostlarımız olmalıdır”.
Pediatr Aytən İsmayılzadə isə deyir ki, maskanın görünüşü maraqlı olsa, uşaqlar onu çox bəyənər:
“Uşaqlarda maskaya maraq yaratmaq üçün, əyləncə yaratmaq lazımdır. Məsələn, rəngli və şəkilli maskalar uşaqların diqqətini çəkə bilər. Xüsusilə bu günlərdə demək olar ki, heç yerə getmək mümkün olmadığına görə uşaqların maska taxması da lazım deyil. Amma vacib durumlarda uşaqları harasa aparmalı olanda şəxsi avtomobildən, yaxud da taksilərdən istifadə etmələri daha yaxşı olardı”.
Sonda qeyd edək ki, ailənizin və doğmalarınızın sağlamlığı üçün sadalanan qaydalara riayət etmək lazımdır. Koronavirusa harada və necə yoluxduğunuzdan xəbərsiz ola bilərsiniz. Çünki bu virus, əsasən hava-damcı yolu ilə - xəstənin öskürməsi, asqırması, danışması və ya əllə burun və ağıza təmas edilməsi ilə baş verir. Ona görə də çölə çıxarkən istər özünüz, istərsə də övladınızın maska taxmasından əmin olun.