“Qadınlar hazırda dünya üzrə səhiyyə və sosial xidmət işçilərinin 70%-ni (Azərbaycanda isə 77,6%) təşkil edir. İstər-istəməz bu qadınlar karantin rejiminə baxmayaraq, iş fəaliyyətini davam etdirirlər”.
Lent.az məlumat verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə yaydığı məlumatda bildirilib:
“Digər tərəfdən isə onların ailə-məişət zəminində iş yükü daha da artır (məsələn, təhsil müəssisələrinin müvəqqəti bağlanması şəraitində uşaqların təhsili ilə məşğul olmaq, qadının ailə üzvlərinə göstərdiyi qayğının belə dövrlərdə daha da artması və s.). O zaman ailə üzvləri bir-birinə qarşı anlayışla, hörmətlə yanaşmalı, tolerantlıq nümayiş etdirməlidirlər. Əlbəttə ki, bunun üçün bir neçə məsələni nəzərdən keçirmək lazımdır: birincisi, ailədə qadın və kişinin rol və vəzifə bölgüsü olmalıdır ki, qadın da özünü bir şəxsiyyət kimi formalaşdıra bilsin. Kişi yalnız ailəni iqtisadi cəhətdən təmin edən bir şəxs deyil, onun ər və ata kimi sosial vəzifə və öhdəlikləri var. Bu həm də sosial və mənəvi məsuliyyət hissinin bölüşdürülməsidir. Nəzərə alsaq ki, bu müddətdə kişilər müvəqqəti olaraq işləmirlər. Və ya həm qadın, həm də kişi işləmir. Onda ev işlərini görməkdə və uşaqlara dərslərini oxumaqda, ev tapşırıqlarını həll etməkdə, birgə vaxt keçirməkdə plan hazırlansa daha yaxşı olar. Məsələn, qadın mətbəx işlərini yerinə yetirəndə, kişi uşaqların dərsləri ilə məşğul ola və ya uşağı ilə stolüstü oyun oynaya bilər. Mühüm məsələlərdən biri də patriarxal mədəniyyət və tərbiyənin və yalnış stereotiplərin təsirindən yaranan “kişi hər zaman haqlıdır”, “onun istəyi əsasdır”, “kişiyə olar, qadına olmaz” və s. bu kimi birtərəfli və səhv yanaşmaların mövcudluğudur ki, bu da gender əsaslı zorakılıq halların baş verməsinə gətirib çıxarır. Ailədə ünsiyyətin düzgün qurulması, bütün üzvlərə bərabər münasibətin göstərilməsi də ailədə sülhün və əmin-amanlığın yaranmasında mühüm şərtlərdəndir. Səbrli olmaqla, bir-birinin fəaliyyətinə qarışmamaqla, boş vaxtı səmərəli keçirməklə insanlar zorakı davranışlardan qaça bilərlər”.