"Bir sual, bir cavab" - Övladını zorla evləndirənlər necə cəzalandırılır?
05 iyun 2020 19:23 (UTC +04:00)

"Bir sual, bir cavab" - Övladını zorla evləndirənlər necə cəzalandırılır?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu gün olan mövzu nikaha məcburetmə ilə bağlıdır.

Dünən axşam saatlarında Azərbaycan Dövlət Pedaqoji Kollecinin 21 yaşlı tələbəsi Nağıyeva Günel Bəhram qızının özünü binanın 18-ci mərtəbəsindən atması ilə bağlı mediada məlumatlar yayıldı. İlkin təfərrüatlara görə, ailəsi onu istəmədiyi şəxslə ailə qurmağa məcbur ediblər. Əvvəllər də dəfələrlə mediada oxşar məlumatların dolaşdığının şahidi olmuşuq.

Rubrikamızın “Kimisə nikaha məcbur edənlərə hansı cəza nəzərdə tutulub?” sualına hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. Onun sazlərinə görə, Konstitusiyaya əsasən, heç kəs məcburi evləndirilə bilməz:

“Konstitusiyada qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.

Valideynlik hüquqlarının uşaqların mənafeyinə zidd həyata keçirilməsi yolverilməzdir. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilməməlidir.

Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Heç kəs razılığı olmadan məcburi nikaha daxil olmağa məcbur edilə bilməz. Hər hansı şəxsin öz iradəsinin əleyhinə nikaha daxil olmasına məcbur edilməsi qadağan edilir. Eyni zamanda şəxs nikah yaşına çatsa belə, arzulamadığı, öz razılığı olmadan ailə qurulmasına məcbur etmə qanunla qadağan edilir.

Konstitusiyamızın qeyd olunan normasına əsasən, Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası tətbiq olunur. 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etmədən bəhs edir və üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5488
avatar

Mehman Nəbiyev

Oxşar yazılar