Azərbaycanlı tədqiqatçılar İnqilab Şahbazov, Zaur Əfəndiyev və Ayşəm Balayevanın həmmüəllifliklə apardıqları sosioloji tədqiqatın nəticələri Scopus-da indekslənən “Journal of White Collar and Corporate Crime” jurnalında nəşr edilib.
Lent.az xəbər verir ki, tədqiqat aşağıdakı suallara cavab axtarıb;
Hansı növ zərərçəkənlərin aidiyyatı orqanlara müraciət edir?
Cinayətdən zərərçəkənlər niyə aidiyyatı orqanlara müraciət etmir?
1214 nəfərlə keçirilmiş sorğunun nəticələrinin analizində əsas diqqət mərkəzində‘‘ağ-yaxalıqlı’’ cinayətlərin bir neçəsi olub. Onlar analizdə iki qrupa bölünüb - maliyyə/iqtisadi və digər cinayətlər. Həmin cinayətlərdən zərərçəkən 186 nəfər ümumilikdə 261 müxtəlif qanun pozuntusu ilə üzləşdiyini qeyd edib. Qanun pozuntuları arasında ən geniş yayılan bu üçü olub; keyfiyyətsiz qidadan zəhərlənmək 50 faiz, maliyyə dələduzluğu 34.4 faiz və vəzifəli şəxsin qeyri-qanuni ödəniş tələb etməsi 30 faiz.
Zərərçəkənlərin 71 faizi bu barədə aidiyyatı orqanlara müraciət etməyib. Əsas səbəb kimi məsələnin tərəflər arasında həll edilməsi göstərilib 41 faiz.
Aparılan reqressiya analizlərinin nəticələrinə əsasən, dəyən maddi zərərin daha yüksək olduğu hallarda, cinayət barədə aidiyyatı orqanlara müraciətin edilmiş olma ehtimalı artır. Zorakılığa məruz qalmaq ehtimalını yüksək dəyərləndirlənlərin zərər çəkdikləri cinayət barədə aidiyyatı orqanlara müraciətin edilmiş olma ehtimalı daha yüksəkdir. Bu hallar hər iki cinayət kateqoriyasına da aiddir. Yalnız qeyri-iqtisadi cinayətlərə xas olan hal kimi, aylıq gəlir səviyyəsi ilə qanun pozuntusu barədə şikayət etmək qərarı arasında tərs mütənasib əlaqə aşkarlanıb.
Müəllifləri nəzərə çatdırır ki, onların işi dünyada üçüncü, Qərb dünyasından kənarda isə birinci məqalədir ki, bu yanaşmanı tətbiq edib.
Məqalənin abstraktı bu keçiddən əldə edilə bilər.