Sumqayıt şəhərində 41-ci məhəllədə 16 nömrəli tibb kollecinin yataqxanası yaşanmaz haldadır.
Lent.az xəbər verir ki, 30 ildir həmin yataqxanada məskunlaşan qaçqınlar bildirirlər ki, yaşadıqları bina tamamilə qəzalı vəziyyətdədir. Sakinlərin dediyinə görə, binada qaz və su yoxdur.
Yataqxana sakinləri əvvəllər bu binada səksən ailənin yaşadığını deyirlər. Sonra isə altmış ailə özlərinə ev alıb və köçüblər. İndi burada 20 ailə yaşayır.
Həmin binanın içərisinə baxanda burada insan yaşadığına inanmırsan. Soyuq və qaranlıq otaqların tavanı uçub, döşəməsi qapqara hisdi. Köhnəlmiş qapının dəstəyinə isə sanki insan toxunmur, paslanıb. Divarlar ovulub tökülür, uçmaq üzrədir.
Bununla da bitmir; hamama daxil olanda necə deyərlər, ömrünü başa vurmuş su qızdırıcı, yanında isə aşıb-daşan plastik zibil qutusu gözə dəyir.
Yerə vurulan kafellər isə artıq həm rəngini, həm də döşəmə xüsusiyyətini itirmək üzrədir. Mətbəxdəki qaz sobaları artıq sönüb. Nə onları yandırmaq üçün qaz var, nə də onların üzərində yemək bişirmək mümkündür.
Qubadlı qaçqını Aybəniz Səfərova Lent.az-a deyir ki, onun mənzilinin tavanı və döşəməsi uçub. “Bura bir komendant qoyublar, o da uçuq-sökük otaqları elə adamlara kirayə verib ki, danışmağa belə utanıram. Bunu ona görə edirlər ki, qalan 20 ailə qaçqın da çıxıb getsin və onlar həmin binanın yerində çoxmərtəbəli bina tiksinlər”.
Aybəniz Səfərova
Onun sözlərinə görə, bu binada yaşamaq fəlakətə çevrilib:
“Mətbəx pis vəziyyətdədir. Yemək bişirmək üçün soba belə yoxdu. Hər yer bərbad vəziyyətdədir. Hamam və tualetdən isə ümumiyyətlə danışmaq istəmirəm. Öz gücümə tualetə su çəkdirmişəm ki, natəmizlik olmasın. Qaz borularını kəsiblər. İndi sual verirəm, qazı, suyu, kanalizasiya sistemi, döşəməsi, tavanı olmayan yerdə yaşamaq olar?! Başımıza daş-kəsək, suvaq tökülür. Hər gün Qubadlı icra hakimiyyətindən üstümə adam göndərirlər ki, şikayət etməyim. 80 yaşlı xəstə anamla və himayəmdə olan bir şikəst uşaqla burda qalmaq mümkün deyil. Cəhənnəm həyatı yaşayırıq. Sumqayıtın icra hakimiyyətində olmuşam, mənə deyirlər ki, ev, mənzil yoxdu. Get, harada yaşayırsan, yaşa”.
Yataqxanadakı evlərin kirayəyə verilməsi ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, əmlakla bağlı saytlarda həmin binada mənzillərin kirayəyə verilməsi ilə bağlı elanlar var. Həmin elanı Emin adlı bir şəxs paylaşıb. Əldə etdiyimiz məlumata görə, Emin adlı şəxsin həmin yataqxanada evi var və indi başqa yerdə özünə mənzil aldığı üçün digər evi kirayəyə verir.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev Lent.az-a bildirdi ki, onlara heç kim deyə bilməz ki, harada istəyirsən yaşayın:
Eyvaz Qocayev
“Heç kim deyə bilməz, get, küçədə yaşa. Bu məsələ ilə bağlı isə Qubadlı icra hakimiyyəti ilə əlaqə saxlasanız daha yaxşı olar.”
Qubadlı rayon icra hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev isə Lent.az-ın sorğusuna cavab olaraq bunları dedi:
Allahverdi Haxverdiyev
“Çalışırq ki, həmin ailə evlə təmin olunsun. O, ailəni tanıyıram. Yaşlı anasının olmasından da xəbərdaram. Onlar özləri də “Qaçqınkom”a müraciət ediblər. Biz də əlimizdən gələni edirik ki, evlə təmin olunsunlar”.
Amma nə vaxta, bax, bunu heç Allahverdi müəllim də bilmir...