Mayor Qaflanov Şixamir Oruc oğlu
03 yanvar 2021 12:56 (UTC +04:00)

Mayor Qaflanov Şixamir Oruc oğlu

“Cəbhəyə böyük inam və həvəslə getmişdi” - Şəhid zabitimizin qardaşı danışır

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı almış Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının 4 nəfər hərbi qulluqçusundan biri də ölümündən sonra bu fəxri ada layiq görülmüş mayor Qaflanov Şixamir Oruc oğludur.

Ölkə başçısının, həmçinin, 15 dekabr 2020-ci il tarixli və 22 dekabr 2020-ci il tarixli sərəncamları ilə mayor Şixamir Qaflanov (ölümündən sonra) müvafiq olaraq “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Mayor Şixamir Qaflanov 1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Dombabinə kəndində (indiki Üçüncü Tala kəndi) anadan olub. Oruc dayının və Mominət ananın böyüdüb boya-başa çatdırdığı və tərbiyə etdiyi 4 övladdan (Asif, Vasif, Qurban və Şixamir) biri, eyni zamanda, ailənin sonbeşiyi və sevimlisi idi Şixamir...

Orta təhsilini şəhid Abdurahman Qurbanov adına Üçüncü Tala kənd orta məktəbində alıb. Müddətli həqiqi hərbi xidmətini 2005-2006-cı illərdə Daxili Qoşunların Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib. Hərbi xidmətə olan böyük həvəsi sayəsində Şixamir tərxis olunduqdan bir müddət sonra – 2007-ci ilin aprelindən yenidən sıralarımıza qayıdaraq, Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə olan borcunu şərəflə yerinə yetirməyə başlayıb. 2008-ci ilin avqust ayınadək qoşunların Bakıdakı “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində müxtəlif vəzifələrdə xidmət edib. Lakin hələ hərbi xidmətə yenicə başladığı dövrlərdə belə Şixamirin ən böyük arzusu zabit kimi Vətəninə xidmət etmək olub. Məhz bu arzu ilə 2008-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə daxil olan silahdaşımız 2010-cu ildə bu hərbi təhsil ocağını müvəffəqiyyətlə bitirərək “leytenant” hərbi rütbəsi alıb. Zabit kimi ilk olaraq qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsində fəaliyyətə başlayan Şixamir 2012-ci ilin oktyabr ayınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət etməklə, yüksək çalışqanlığı, bilik və bacarığı sayəsində qısa müddətdə hərbi hissə komandanlığının etimadını qazanmağa müvəffəq olub. Mayor Ş.Qaflanov, həmçinin, xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı və nümunəvi xidmətilə fərqlənən hərbi qulluqçu kimi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, eləcə də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları ilə təltif edilib.  

Ş.Qaflanov xidmət etdiyi dövrdə iki dəfə - 2012-ci ilin oktyabr ayından dekabr ayınadək və 2019-cu ilin fevral ayından iyun ayınadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında müvafiq olaraq “Zabit komando təməl kursu” və “Jandarma komando ixtisas kursu”nda təhsilini davam etdirib.

Kursları müvəffəqiyyətlə bitirən Ş.Qaflanovun bilik və bacarığı nəzərə alınaraq, əvvəlcə Daxili Qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstə komandirinin müavini və dəstə komandirinin müavini-qərargah rəisi, 2020-ci ilin fevral ayından etibarən isə qoşunların Qubada yerləşən “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin komandiri vəzifəsində xidmət edib.

Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirən bir zabit və hər bir qeyrətli Azərbaycan vətəndaşı kimi Şixamirin ən böyük arzusu məhz işğal altındakı torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması idi.

Qəhrəman zabitimizin qardaşı, vaxtilə Daxili Qoşunların sıralarında xidmət etmiş Qurban Qaflanov (hazırda DİN-in Əlahiddə Çevik Polis Alayında xüsusi vasitələr xidməti rəisi, polis mayoru) məhz bu səbəbdən Şixamirin Ali Baş Komandanın torpaqlarımızın işğaldan azad edilməsi uğrunda verdiyi döyüş əmrini böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladığını deyir: “Şixamir mənim üçün təkcə qardaş deyil, həm də bir dost, bir sirdaş idi. Hər bir dərdini mənimlə bölüşərdi. Cəbhəyə yollananda da evdəkilər nigaran olmasın deyə bu barədə yalnız mənə bildirmişdi...

Mehriban, şən, eyni zamanda, xidmətə münasibətdə olduqca məsuliyyətli və ciddi, həyata maraqlı baxışı olan bir insan idi. Hərəkət etməyi çox sevirdi. Yatmaqla demək olar ki, heç arası yox idi. Sanki çox yaşamayacağını bilirdi. Onun bir sözü var idi həmişə: “O dünyada çox yatacağıq” – deyərdi. Ona görə də gecə saat 3-də də olsa qaldırıb desəydin ki, Şixamir gəl gedək gəzməyə, nə bilim, balıq tutmağa və sair, böyük həvəslə gedərdi...

Tale elə gətirdi ki, 2008-2010-cu illərdə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbini də Şixamirlə birgə bitirdik. Eyni gündə “leytenant” hərbi rütbəsi almışdıq. Nə deyim... Olduqca vətənpərvər, mərd, dostcanlı bir insan idi. Cəbhəyə də böyük inam və həvəslə getmişdi...”.

Bəli, o, hərbi anda sadiq qalan vətənpərvər, mərd bir hərbi qulluqçu kimi ən böyük arzusunun çin olması üçün qanından və canından keçməyə hər zaman hazır idi və keçdi də...  

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinin ilk günlərindən mayor Ş.Qaflanov komandiri olduğu və qoşunların “Bəbir” şərti adı verilmiş xüsusi təyinatlı dəstəsinin mərd hərbi qulluqçuları ilə birgə cəbhənin müxtəlif istiqamətlərində erməni terrorçularının başına od-alov yağdırmışdı.

19 oktyabr 2020-ci il... Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdən biri Şixamirin son döyüşü oldu. Baş vermiş bu qanlı döyüşdə tabeliyində olan cəsur silahdaşları ilə birgə ermənilərin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edərək, mühüm strateji mövqelərini ələ keçirir. Lakin acı məğlubiyyətlə barışmaq istəməyən düşmən digər yüksəkliklərdə yerləşən postlarından itirdikləri mövqeləri snayperlərdən, iriçaplı silahlardan və minaatanlardan güclü atəşə tutur. Şiddətli döyüş gedişində düşmən snayperinin açdığı atəş nəticəsində baş nahiyəsindən ağır yaralanan mayor Şixamir Qaflanov gözlərini yumaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlir...

Bu döyüşdə qəhrəman komandirlə birgə onun tabeliyində xidmət edən Daxili Qoşunların Quba rayonundakı “N” saylı hərbi hissəsinin digər 3 nəfər cəsur hərbi qulluqçusu – baş çavuş Mehdiyev Surxay Zülfi oğlu, baş çavuş Məmmədov Sahib Yaşar oğlu və çavuş Ələsgərzadə Sənan Muxtar oğlu da son damla qanlarınadək vuruşaraq şəhid oldular.

Mayor Ş.Qaflanov 2020-ci il oktyabrın 24-də Zaqatala rayonunun Üçüncü Tala kəndinin qəbiristanlığında dəfn olunub. Evli idi. Mədinə adlı bir qız övladı xalqımıza əmanətdir.

Qeyd edək ki, Şixamirin böyük qardaşı Asif Qaflanov Birinci Qarabağ müharibəsi qazisidir. Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanan Asif ikinci qrup müharibə əlilidir. Onun və digər ailə üzvlərinin xatirələri əsasında “ARB” və “ATV” televiziya kanallarının xəbər proqramlarında yayımlanan ““Rembo” ləqəbli şəhid mayor”, eləcə də ““Əfsanəvi Rembo”nun qəhrəmanlığı” adlı qısametrajlı süjetlərdə igid zabitimizin gənc nəslə nümunə olan həyat və hərbi xidmət yolu barədə məlumatlar izləyicilərə təqdim edilib.    

Daxili Qoşunların “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstə komandirinin tərbiyə işləri üzrə müavini, “Qarabağ” ordeni, “Şücaətə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş mayor Elşən Məmmədov (Vətən müharibəsi zamanı Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə iki dəfə yaralanıb) vaxtilə birgə xidmət etdiyi dəstə komandiri haqqında ancaq xoş sözlər danışa biləcəyini deyir: “Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq İkinci Qarabağ müharibəsində dəstəmizin 6 nəfər hərbi qulluqçusu şəhid olub. Onlardan biri də dəstə komandirimiz mayor Ş.Qaflanovdur.

Mayor Ş.Qaflanov komandir kimi dəstəmizə bu ilin fevralında gəlmişdi. Təlim sevən komandir olduğu üçün gəldiyi gündən bütün şəxsi heyətin hörmətini qazanmağa müvəffəq olmuşdu. O xoşlamırdı ki, komandiri olduğu dəstənin nəticəsi aşağı olsun. Bu baxımdan bir komandir kimi çox ciddi və tələbkar idi. Bəlkə də fikirləşirdi ki, belə bir gün gələcək. Biz müharibəyə cəlb oluna bilərik. Ona görə də təlimlərə xüsusi fikir verərdi.

Bir insan kimi də çox gözəl xasiyyəti vardı. Tabeliyində olan elə bir hərbi qulluqçu olmazdı ki, hər hansı bir problemi ilə əlaqədar müraciət etsin, lakin mayor Ş.Qaflanov ona biganə baxsın. Hər zaman şəxsi heyətin qayğısına qalardı... 

Biz Müdafiə Nazirliyinin hərbi hissəsi ilə birgə ayrı-ayrı dəstələrin tərkibində vuruşurduq. Sonuncu dəfə onunla Beyləqanda olarkən telefonla danışmışdıq. “İstiqamətiniz haradır” - deyə mənə sual verdi. Mən isə ona: “istiqamətimiz Füzulidir, komandir” - dedim. O da mənə: “Elə bizim də istiqamətimiz oradır. Allah hamımıza kömək olsun” - dedi. Ondan sonra nə özünü gördüm, nə də səsini eşitdim. Şəhid olma xəbərini eşidəndə inanmadım. Elə indi də inanmağım gəlmir... Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin!”.

Sonda onu qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məhv edərək torpaqlarımızdan qovub çıxardı. Dəmir yumruqla başı əzilən düşmən qarşımızda diz çökdü və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Vətən müharibəsində qazanılan Böyük Qələbə, təbii ki, Şixamir kimi qəhrəman şəhid və qazilərimizin canı-qanı bahasına əldə edilib. Şəhid silahdaşlarımızın həyat və döyüş yolu hər birimiz üçün örnəkdir. 

 

Allah rəhmət eləsin!

 

Mayor Anar Əhmədov DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru    

  

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8127
avatar

Oxşar yazılar