Böyük Britaniyada mükafatlar nəzərə alınmadan orta əmək haqqının səviyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə sentyabr-noyabr ayları arasında 6,4 faiz artıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Milli Statistika İdarəsinin məlumatına görə, bu da 2001-ci ildən bu yana, pandemiyanın qızğın dövrü nəzərə alınmazsa, bu göstəricinin hesablanması tarixində rekord artım olub.
Əmək haqqının ən çox artımı özəl sektorda - 7,2 faiz, dövlət sektorunda isə artım cəmi 3,3 faiz olub. Eyni zamanda, real ifadədə (inflyasiya nəzərə alınmaqla) əmək haqqının orta səviyyəsi illik müqayisədə 2,6 faiz azalsa da, aprel-iyun aylarında 3 faiz azalma qeydə alınıb.
“Bloomberg” qeyd edir ki, əmək haqqının kəskin artması işsizliyin 4 faizdən aşağı düşməsi və ölkədə işçi qüvvəsi çatışmazlığının işəgötürənləri ixtisaslı işçilər üçün mübarizə aparmağa məcbur etməsi ilə bağlıdır.
Britaniyanın əmək bazarındakı gərginlik ölkə biznesinin və iqtisadiyyatının inkişafı yolunda əsas maneələrdən biri olaraq qalır, Britaniya Ticarət Palatasının İnsan Resursları şöbəsinin rəhbəri Ceyn Qratton bildirib.
Bütün dünyada əmək bazarında böhran hadisələri müşahidə olunur. Beynəlxalq Əmək Təşkilatı 2023-cü ildə məşğulluq artımının ötən illə müqayisədə yarı azalaraq 1 faizə düşəcəyini, işsizlərin sayının isə üç milyon nəfər artacağını proqnozlaşdırıb.
Qlobal iqtisadi tənəzzül insanları aşağı maaşlı işləri qəbul etməyə və işdə daha çox saat sərf etməyə məcbur edəcək.