Bu kəndin sakinləri tonu 6 manata su almalı olur
19 oktyabr 2021 20:23 (UTC +04:00)

Bu kəndin sakinləri tonu 6 manata su almalı olur

Zaqatalada uzun illərdi ki, içməli su problemi yaşayan iki ən böyük kənd bir aya yaxındır ki, susuz qalıb.

APA TV-nin məlumatına görə, sentyabrın 23-ü rayon ərazisinə yağan leysan yağışları nəticəsində mənbəyini dağlardan götürən, rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərinin ərazisindən axan Tala çayında suyun səviyyəsi qalxıb, çaydan qısamüddətli sel keçmişdi. Tala çayından selin keçməsi səbəbindən 17 minə yaxın əhalisi olan Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xətti dağılaraq yararsız hala düşüb. Bu səbəbdən sentyabr ayının 23-dən bu günə kimi bu bəndlərdə əhali içməli su üzünə həsrət qalıb. Kənd sakinləri kəndlərin ərazilərində işlək vəziyyətdə olan bir-neçə su artezianlarından müəyyən texnikalar vasitəsi ilə evlərinə su daşıyırlar, yaxud da ailənin suya olan tələbatını ödəmək üçün su daşıyan maşınlardan tonu 6 manata su alırlar.

Kənd sakinləri uzun illərdi ki, içməli su problemi ilə üzləşdiklərini bildirirlər.

Sakinlər bildirir ki, Yuxarı Tala və Aşağı Tala kənlərini içməli su ilə təmin edən su xətti bu il artıq ikinci dəfədir dağılır.

Kənd sakinləri çıxış yolunu kəndlərin ərazisindəki təmirə ehtiyacı olan aretizan quyularını bərpa etməkdə görürlər. Bəzi kənd sakinləri isə su xəttinin artıq istismar müddətini başa vurduğunu bildirirlər.

Kəndlərin bəzi sakinləri isə artıq bir-neçə ildir ki, içməli suyu nəqd pula aldıqlarını bildirirlər.

Yuxarı Tala kənd bələdiyyəsinin sədri Eldar Qanzayev APA TV-yə verdiyi müsahibəsində bildirib ki, Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xətti əsaslı təmir edilməli yaxud yenidən qurulmalıdı. Bələdiyyələrin büdcəsindəki vəsait isə buna imkan vermir. Bələdiyyələr iki böyük kəndin içməli su ilə təmin edən xəttin əsalı təmir edilməsi və yaxud yenidən qurulması üçün dövlətdən dəstək istəyirlər.

Qeyd edək ki, Zaqatalanın Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən, mənbəyini Meşleş adlanan dağlıq ərazidən, Tala çayının yatağındakı qrunt sularından götürən su xətti ötən əsrin 70-ci illərində qurulub istismara verilib. Su xətti ötən əsrin 90-cı illərindən bu günə kimi dağlara yağan leysan yağışları səbəbindən ayrı-ayrı vaxtlarda 7 dəfə dağılıb. Yuxarı Tala və Aşağı Tala kənd bələdiyyələrinin daxili imkanları hesabına təmir edilərək yenidən bərpa edilib.

# 1968
avatar

Oxşar yazılar