Bu buraxılış imtahanının modeli  AÇIQLANDI
19 yanvar 2022 16:58 (UTC +04:00)

Bu buraxılış imtahanının modeli AÇIQLANDI

Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanının modeli açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında məlumat verilib. Qeyd edilib ki, hər fənn üzrə nisbi bal 100-dür.

Tədris dili üzrə dil qaydalarına dair qapalı tipli 10, oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik) və hər mətnə aid 10 tapşırıq – bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 və qapalı tipli 8 tapşırıq (hər iki mətn üzrə ümumilikdə 20), cəmi 30 tapşırıq verilir.

Riyaziyyat fənni üzrə qapalı tipli 15, cavablarının kodlaşdırılması tələb olunan açıq tipli 6, həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4, cəmi 25 tapşırıq verilir.

Xarici dil (ingilis, alman, fransız, rus, ərəb, fars dilləri) üzrə dinləyib-anlamaya dair 1 mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq – bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 və qapalı tipli 5, qapalı tipli 16, oxuyub-anlamaya dair 1 mətn və mətnə aid 8 tapşırıq – bunlardan yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 və qapalı tipli 5, cəmi 30 tapşırıq verilir.

Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanın müddəti 3 saatdır.

Tədris dili Azərbaycan dilindən fərqli olan şagirdlər qeyd edilən fənlərdən əlavə Azərbaycan dili (dövlət dili kimi) fənnindən də imtahan verirlər.

Şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara 30 tapşırıq təqdim olunur. Bunlardan dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq), oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq), qapalı tipli 10 tapşırıq verilir. Qapalı tapşırıqların hər birinin doğru cavabı 1 balla qiymətləndirilir.

Qeyd edək ki, ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanının apreldə keçirilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2295
avatar

Aytəkin Cəlali

Oxşar yazılar