"Bölgələrdə gənclərin sosiallaşması üçün imkanlar məhduddur" - Ekspert
03 noyabr 2022 15:21 (UTC +04:00)

"Bölgələrdə gənclərin sosiallaşması üçün imkanlar məhduddur" - Ekspert

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı üzrə

İşdən evə dönürəm. Hər gün olduğu kimi qonşumuz Mina nənə nəvəsini gəzdirir küçədə.  Yaxınlarına çatanda gördüm ki, 4-5 yaşlı nəvəsi yerə düşmüş çörəyi yerdən qaldırıb öncə gözlərinə, sonra alnına sürtdü. Uşaq vaxtı bizə də belə öyrətmişdilər. Yerə düşmüş çörək, buğda, düyü dənəsini tapdamaq günah kimi öyrədilmişdi bizə. “Zəhmətlə başa gələndir, nemətdir” deyib baş üstə saxlamağı öyrədərdi ulularımız. Bəlkə də nənə-babalarımız “Qurandan əvvəl gəlib, müqəddəsdir” dedikləri çörəyin gələcəkdə zibilliyə atıldığını eşitsələr bu sözə inanmaz, inansalar belə üsyan edərdilər. Mina nənənin bu ənənəni yaşatması keçmişlə gələcək arasında körpü rolunu oynaması təqdirəlayiqdir.
Bir zamanlar Ucar şəhər 6 nömrəli məktəbdə direktor işləmiş, təqaüdçü - müəllim Rafiq Musayevin fikrinə görə, uşaq xammaldır, plastilindir, ondan nə formada nə heykəli yapmaq böyüklərin işidir. Rafiq müəllimin uşaq və gənclərin mənəvi inkişafı barədə Lent.az-a dediklərindən:

“Uşağın tərbiyəsi ətraf mühitinin güzgüsüdür. Balacalara nəyisə öyrətmək yox, öncə düzgün davranış sərgiləməli, nümunə olmalıyıq. Məşhur bir hədis var.  Məhəmməd peyğəmbər xurma yeyərkən bir xanım uşğaının əlindən tutaraq onun evinə gəlir, rica edir ki, peyğəmbər uşağa məsləhət versin ki, xurmanı az yesin. Çünki uşaq xuma yeməkdən qaşınırmış. Peyğəmbər xanıma məsləhət görür ki, gedib səhər gəlsinlər. Səhəri gün gələn ana-balaya peyğəmbər tövsiyələr verir. Qadın maraqlanır ki, bu sözləri o dünən nə üçün demirdi? Peyğəmbər deyir ki, özü dünən xurma yeyirdi və xurma yeyərkən balaca uşağa “yemə” deyə tövsiyə vermək düzgün sayılmazdı.

Uşaqlar yalnız öyrədilməklə öyrənmirlər, onlar həyatı gündəlik müşahidələri ilə də dərk edirlər. Öyrəndikləri dəyişdikcə xarakterləri formalaşır, dəyişir. Məhz bu dəyişikliklərin onun yetişdiyi ailənin, cəmiyyətin, vətəninin maraqlarına xidmət etməsi üçün təlim-tərbiyə vacibdir. Bu işdə əsas rolu valideynlər və müəllimlər oynayrlar” .

Qocaman müəllimin dediyinə görə, mənəvi tərbiyənin formalaşması elmdən yox, insanın insana münasibətindən asılıdır.
“Mən heç unutmuram, rəhbərlik etdiyim məktəbdə 4 paralel birinci sinif var idi. Hər birində fərqli xarakterli ibtidai sinif müəllimləri dərs deyirdilər. Və o şagirdlərin hər biri öz müəlliminin xarakterinə bənzəyirdi. Ədalı, yüksək eqolu  müəllim olan Nailə müəllimin şagirdləri davakar, heç kimi bəyənməyən, inadkar uşaqlar idilər. Bir sözlə müəllimin xarakteri uşaqlara hopmuşdu. Lütfiyyə müəllimənin uşaqları isə özü kimi mehriban, şirindil, insanpərvər idilər.

Unutmamalıyıq ki, məktəbi bitirən hər kəs alim olmayacaq.  Amma hamısı insani xarakter almalı, tərbiyələnməlidirlər. Cəmiyyətə yalnız həkimlər, müəllimlər, vəkillər lazım deyil, bənnalar, fəhlələr, ustalar da yetişməlidirlər. Lakin onların hər biri yaşadığı ölkəyə faydalı fərdlər kimi yetişməlidirlər. Müəllim olaraq hamımızın öhdəsinə düşən ilk vəzifə insan yetişdirməkdir”,- deyə, o qeyd edir.

Azərbaycanda maraqlı bir mərkəz fəaliyyət göstərir. Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi-texniki bazası əsasında yaradılıb. Ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradlıb. Hazırda 55 rayonda bu mərkəzin nümayəndəlikləri var.

Lent.az-ın mövzu ilə bağlı suallarını GİKM-in təlim-tədris üzrə aparıcı mütəxəssis Aytac Məmmədəova cavablandırıb.

O bildirib ki, GİKM hazırda respublikanın 55 şəhər və rayonunda gənclər üçün 4 əsas istiqamətdə fəaliyyət göstərir. Bunlar "Şəxsi inkişaf”, “Karyera quruculuğu", "Vətənpərvərlik və dövlətçilik", "Könüllülük və sosiallaşma" istiqamətləridir:
“Azərbaycan Respublikasının Gənclər siyasəti haqqında qanuna əsasən 14-29 yaş arası şəxslər gənc hesab edilir və GİKM olaraq bizim hədəf qrupumuz regionda yaşayan gənclərdir. 

Bildiyiniz kimi, rayonlarda gənclərin sosiallaşması üçün məkanlar, xidmətlər mövcud deyil və ya  varsa da, bu çox az rayonda var və bu məhdud çərçivədədir. Ona görə də bizim yarada biləcəyimiz imkanlardan ilki onların sosiallaşması və şəbəkələşməsi istiqamətindədir. Yəni onların yararlana biləcəyi önəmli məsələlərdən biri GİKM nümayəndəlikləri vasitəsilə respublikanın digər şəhər və rayonlarında yaşayan gənclərlə şəbəkələşmə imkanıdır. Bu şəbəkələşmə ilə onların sosial, fərdi inkişaf bacarıqlarının inkişafını şərtləndirir. Gənclərin təhsil müəsisələrində formal təhsilə yiyələndiyini nəzərə alaraq onların məşğulluğunu və asudə vaxtlarının səmərəliliyini təmin edə bilmək üçün qeyr-formal təhsil metodlarından və gənclərlə işin prinsiplərindən yararlanırıq”,- deyə Aytac xanım qeyd edib.

“Fəaliyyət göstərdiyimiz 3 il müddətində işlərimizlə 55 rayondan 40 minə qədər iştirakçıya çata bilmişik. GİKM regionlarda Heydər Əliyev Mərkəzlərində fəaliyyət göstərir və biz çalışırıq ki, onlar üçün bu mərkəzlər əlçatan olsun. Bu mərkəzlərə gələn gənclər çoxluq təşkil etsə də, heç də bütün gəncləri əhatə etmir. Buna görə də bizim fəaliyyətlərimizdən və dövlətin gənclər üçün yaratdığı imkanlardan ucqar kəndlərdə yaşayan gənclərin də xəbərdar olması üçün müxtəlif layihələr həyata keçiririk. Nümayəndəliklərimizdə, həmçinin, gənclər də öz ideyalarını reallaşdırır və fəaliyyətlərini təşkil edirlər. Bu çərçivədə onlarda qərarvermə bacarığı, eyni zamanda təşkilatçılıq və liderlik bacarıqlarını inkişaf etdirmiş olurlar. Hazırda GİKM-in əsas strategiyalarından biri də regionlarda gənclərlə işləyən şəxslərin yetişdirilməsidir. Hesab edirik ki, indiki halda bu istiqamətdə ata biləcəyimiz ən böyük addımlardan olar. Biz cari layihələrlə günlük toxunuşlar etmək əvəzinə, orada davamlı qalıb çalışa biləcək, gənclərə töhfə verə biləcək kadrların yetişdirilməsini qarşımıza hədəf kimi qoymuşuq.

Azərbaycanda gənclər üçün mövcud imkanlar barədə region gəncləri məlumatlandırmaq da bizim hədəflərimizdən biridir. Azərbaycan Gənclər Fondunun gənclərin təhsil xərclərinin qarşılanması, beynəlxalq layihələrdə iştirakçılığın təmin edilməsi üzrə proqramlarının, fərdi şəxslər üçün elan etdiyi qrant müsabiqələrinin, qeyr-hökümət təşkilatlarının və dövlət qurumlarının layihələrinin region gənclərinə əlçatımlılığını təmin edirik”,- deyə ekspert vurğulayıb.

 

 

 

 

 

Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1977
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar