Sosial şəbəkələri iki gündür ki, zəbt edən bir mövzu var. "İki oğlu Vətən Müharibəsində iştirak edən, kimsəsiz qalan Ana".
Bu təkcə sosial şəbəkələrdə müzakirə olunmadı. Xeyli " peşəkarlığa" iddia edən media orqanı da bu məsələni işıqlandırdı.
Onların arasında "ağlamalı" reportaj yazanlar, müsahibə hazırlayanlar da oldu.
Məlumatı dəqiqləşdirmək imkanı olmayan vətəndaş isə mediadan, blogger səhifəsindən oxuduğu informasiyaya, reportaja inandı, bunu tirajladı və rəsmi qurumları qınadı. Əlbəttə, hər kəs tirajladığı məlumata öz emosiyasını da əlavə elədi.
İki günün sonunda isə məlum oldu ki, bu qadının nəinki 2 övladı, ümumiyyətlə, övladı yoxdur. Ciddi psixoloji problemləri var, danışdıqları yanlış məlumatlardır.
Cəmiyyət üçün bu həssas məqamda şəhid anası, qazi, şəhid övladı statusları çox önəmlidi, müqəddəsdi. Heç kimsə bu status sahiblərinə qarşı diqqətsizliyi qəbul eləmək istəmir.
Və görünən odu ki, bəzi həmkarlar ya bilərəkdən, ya da qeyri-peşəkarlıqdan bu həssas məqamın damarına basırlar.
Araşdırmadan, öyrənmədən, "çox layklı" emosional yazılarla, məlumatlarla ancaq qısa müddətli tiraj yaratmaq mümkündü. Ardınca isə yalan ifşa olur və biabırçılıq baş verir.
İndi rəsmi qurumlardan hər məlumata daha artıq həssaslıq, mediadan isə daha artıq diqqət tələb olunur. İnformasiya manipulyasiyası və "fake news" bizə yalnız çaş-baş qalmış ictimai rəy vəd edir.
Bu gün əsas məsələ təkcə şəhid ailəsi, şəhid anası, qazi statusunda olan şəxslərin problemlərini işıqlandırmaq deyil. Həm də şəhid ailəsi, şəhid anası, qazi obrazını qorumaq, bu kultun dəyərini vermək və dəyərli saxlaya bilməkdir...