Bir evdən 4 qəhrəman – İGİDLİK SALNAMƏSİ  -FOTO
13 yanvar 2021 16:27 (UTC +04:00)

Bir evdən 4 qəhrəman – İGİDLİK SALNAMƏSİ -FOTO

II Qarabağ müharibəsində vətən torpaqlarının azad edilməsində iştirak edən və qəhrəmanlıq göstərən igidlərimiz arasında bir nəslin dörd qəhrəmanı da var. Bu qəhrəmanlar doğma Naxçıvan diyarını təmsil etsə də, Azərbaycanın hər bir bölgəsini, müqəddəs Qarabağın hər bir daşını canları qədər sevən Ağalarovlar nəslinin nümayəndələridir. 

Bu igidlər üçün Vətən anlayışı, bayraq anlayışı bütün dəyərlərdən yüksək, yüksək olduğu qədər də müqəddəs bir məfhumdur. Bu müharibədə Ağalarov soyadını daşıyan 4 əmioğlu – kapitan Elşən Zakir oğlu Ağalarov, baş leytenant Vüsal Abbas oğlu Ağalarov, gizir Emin Arif oğlu Ağalarov, çavuş Seymur Zahid oğlu Ağalarov 44 günlük Vətən  Müharibəsində doğma Azərbaycan üçün, Qarabağ üçün müsəlləh əsgər olaraq vətənin xidmətində dayandılar. 

Qarabağ Müharibəsinin qəhrəmanlarından biri olan Elşən Zakir oğlu Ağalarov 1990-cı il iyun ayının 10-da Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində hərbçi ailəsində anadan olub. 1997-2005-ci illərdə Naxçıvan şəhərindəki Cəmşid Naxçıvanski adına 11 nömrəli orta məktəbdə təhsil alıb. 2005-2008-ci illərdə Heydər Əliyev adına hərbi liseydə təhsil alan Elşən Ağalarov 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. Leytenant Elşən Ağalarov 2012-2013-cü illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində təkmilləşdirmə kursunda iştirak edib. 2013-cü ildən etibarən müxtəlif hərbi vəzifələrdə çalışıb və kapitan rütbəsinə qədər yüksəlib. 

Müharibə başlayan ərəfədə N saylı hərbi hissədə tabor komandirinin müavini vəzifəsində çalışan kapitan Elşən Ağalarov müharibənin ilk dövrlərindən etibarən rəhbərlik etdiyi taborla birlikdə Ağdərə istiqamətində gedən döyüşlərə qatılıb, böyük qəhrəmanlıq nümunəsi göstərib. İgid komandir və əsgərləri düşmənin çoxsaylı canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində yaxından iştirak ediblər. 

Kapitan Elşən Ağalarov Ağdərənin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə yaralanıb. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Ağdərə döyüşlərində göstərdiyi şücaətə görə “Cəsur döyüşçü” medalı ilə təltif olunub. 

Vətən Müharibəsinin iştirakçısı olan və döyüşlərdə böyük şücaət göstərən igidlərdən biri də Ağalarov Vüsal Abbas oğludur. O, 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində hərbçi ailəsində anadan olub, 1999-2007-ci illərdə Naxçıvan şəhər 705 saylı  tam orta məktəbdə təhsil alıb. 2007-2010-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb, 2010-cu ildən etibarən təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində təkmilləşdirmə kursunda iştirak edən leytenant Vüsal Ağalarov 2015-ci ildən etibarən N saylı hərbi hissədə xidməti vəzifəyə başlayıb. 

II Qarabağ müharibəsində bölük komandiri olan baş leytenant Vüsal Ağalarov öz igid əsgərləri ilə Xocavənd rayonunun düşmən işğalından azad olunmasında böyük qəhrəmanlıq göstərib. Bu döyüşlərdə çoxlu sayda düşmən əsgəri və hərbi texnikasını məhv edən igid komandir noyabr ayının 7-də yaralanıb. Azərbaycan Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. 

Qarabağ müharibəsinin igid qəhrəmanlarından biri də Ağalarov Emin Arif oğludur. O, 1994-cü ildə Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Naxçıvan şəhər 1 saylı tam orta məktəbi bitirib. 2013-2016-cı illərdə Ərzurum Atatürk Universitetində ali təhsil alıb. 2018-ci ildə Sərhəd Qoşunlarında kiçik gizir kimi fəaliyyətə başlayıb. 

Vətən Müharibəsi başlayan andan Zəngilan-Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib, böyük qəhrəmanlıq nümunəsi göstərərək düşmənin çoxsaylı canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsində fəal iştirak edib. Gizir Emin Ağalarov Azərbaycan Prezidentinin sərəncamı ilə "Zəngilanin azad olunmasına görə" medalı ilə təltif edilib.
 
Müharibə dövründə könüllü olaraq doğma torpaqların müdafiəsinə və Qarabağın düşməndən azad olunması uğrunda mübarizəyə qatılanlar sırasında Şahbuz rayonunun Ayrınc kənd orta məktəbinin müəllimi çavuş Seymur Zahid oğlu Ağalarov da vardı. O, 1989-cu ildə Şahbuz rayonunun Ayrınc kəndində anadan olub. 1996-2007-ci illərdə kənd orta məktəbində təhsil alıb. 2008-2009-cu illərdə N saylı hərbi xidmətdə olub. Hərbi xidmət dövründə “Daşınan zenit-raket kompleksi” kursunu bitirərək çavuş rütbəsi alıb. Hərbi xidmətdən qayıtdıqdan sonra 2010-2014-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2014-cü ildən etibarən Şahbuz rayonunun Ayrınc kənd orta məktəbində Bədən tərbiyəsi və idman müəllimi vəzifəsində çalışır.

Çavuş Seymur Ağalarov Vətən Müharibəsi başlayanda könüllü olaraq müharibəyə getmək üçün müraciət edib və Hərbi Səfərbərlik İdarəsi tərəfindən hərbi xidmətə çağırılıb. Hərbi xidmət dövründə N saylı hərbi hissədə ehtiyat taborunun tağım komandirinin birinci müavini vəzifəsini icra edib. 44 günlük Vətən Müharibəsi qələbə zəfəri ilə başa çatdıqdan sonra ehtiyata buraxılıb. Hazırda dərs dediyi məktəbdə müəllimlik fəaliyyətini davam etdirir.

II Qarabağ müharibəsində bu cür Azərbaycan igidlərinin müstəsna dərəcədə uğurlu, şərəfli və dünya hərb sənətini heyran edən döyüş əməliyyatları nəticəsində illərdir həsrət qaldığımız doğma torpaqlarımıza müqəddəs üçrəngli bayrağımız sancıldı. Azərbaycanın müzəffər ordusu üçrəngli bayrağımızı müqəddəs Şuşa şəhərinin Cıdır meydanında dalğalandırdı, Azərbaycanın ən qədim sivilizasiya beşiyi olan Qarabağ bölgəsi düşmən tapdağından azad edildi. 

Əziz Qəhrəmanlarımız! Siz xalqımızın birlik və bütövlük simvolu olan Xudafərin körpüsü üzərində üçrəngli bayrağımızı sancmaqla tarixi ədaləti bərpa etdiniz. Bu möhtəşəm zəfərlə siz uzun illərdir Arazın o tayından göz yaşı ilə Qarabağa baxan Cənublu soydaşlarımızın həsrətinə son qoydunuz. Allah Azərbaycanı və Ordumuzu qorusun! 

Mübariz Ağalarlı
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, 
tarix üzrə fəlsəfə doktoru, dosent
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4149
avatar

Oxşar yazılar