Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 27-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olub.
Xidmətdən Lent.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı: Şəki 53 (aylıq normanın 51 faizi), Qax 38, Gədəbəydə 32, Mingəçevirdə 30 (aylıq normanın 66 faizi), Sədərəkdə 17, Altıağacda 10, Yevlax, Naftalan, Göygöl, Ordubad, Naxçıvan, Lerikdə 7, Tovuzda 6, Oğuz, Daşkəsən, Şahbuzda 4, İsmayıllı, Qobustan, Gəncədə 3, Şabran, Balakəndə 2, Culfa, Şəmkir, Ağstafa, Zaqatala, Şahdağ, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıt, Maştağada 1 millimetrədək olub.
Cənub-qərb küləyi əsib, arabir Daşkəsən, Göyçayda saniyədə 25, Mingəçevirdə 21, Gəncə, Tərtər, Naftalanda 20, Naxçıvanda 18, Cocuq Mərcanlı, Sədərəkdə 16, Şirvan, Yevlaxda 15 metrədək güclənib.
Mayın 26-da havanın temperaturu iqlim normasını 3.4° ötüb. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23-29°, Naxçıvanda 28°-dək isti, dağlıq rayonlarda 20-25°, yüksək dağlıq ərazilərdə 13°-dək isti, aran rayonlarında 34°-dək isti olub.
Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti mayın 31-i gündüzədək davam edəcək. Havanın arabir yağıntılı olacağı, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır.