Bu gün Bakı Dövlət Universitetində (BDU) “Məzun günü” keçiriləcək.
Lent.az məlumat verir ki, bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edən BDU tələbələri narazılıqlarını bildiriblər.
Onlar qeyd ediblər ki, universitetin həyətində keçiriləcək tədbirdə hər fakültədən 2 bakalavr, 1 magistr iştirak edəcək.
Mövzu ilə bağlı saytımıza açıqlama verən BDU-nun mətbuat xidmətinin rəhbəri Günel Orucəliyeva bildirib ki, bu il universiteti 5 000-dən çox məzun bitirir:
“Universitetin həyətində pandemiya ilə əlaqədar onların hamısının iştirakı mümkün deyil. Bu səbəbdən də qərar belə verilib”.
Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilmişdi ki, ölkədəki sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq ali və orta ixtisas təhsili müəssisələri tərəfindən açıq havada, 100 nəfərdən çox olmamaq şərti ilə və Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq tələbləri gözlənilməklə "Məzun gün"ləri təşkil edilə bilər.