Bu gün paytaxtda velosiped infrastrukturu demək olar ki, yoxdur. Lakin qarşıda velosiped zolaqlarının çəkilməsi nəzərdə tutulur.
Lent.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev AzTV-nin efirində yayımlanan “Evimizdə” proqramında deyib.
Onun sözlərinə görə, 2021‒2030-cu illər üzrə “Dövlət Proqramı” çərçivəsində BNA qarşısında dayanan vəzifələr var:
“2030-cu ilə qədər bizim milli prioritetlərimiz təsdiq edilib. Orada bir bənd yaşıllaşdırma ilə bağlıdır ki, məqsədimiz şəhər nəqliyyatını müasirləşdirməkdir. Bu yolla həm də şəhərin ətraf mühitinin qorunmasını təmin etmiş olacağıq. Bu çərçivədə müxtəlif nəqliyyat növlərini məşhurlaşdırmağa çalışırıq. Bu gün insanlar yalnız şəxsi nəqliyyat vasitələrindən, metro və avtobuslardan istifadə edirlər. Çox istərdik ki, paytaxtda tramvaylardan da istifadə olunsun. Bu istiqamətdə işlər gedir.
Eyni zamanda velosiped sürənləri də nəzərdə tutulur. Bizim əsas hədəflərimizdən biri də odur ki, velosiped yalnız idman həvəsi kimi yox, nəqliyyat növü kimi məşhurlaşsın. Bunun üçün də müəyyən infrastruktur yaradılmalıdır. Təəssüf ki, bu gün velosiped infrastrukturu demək olar ki, yoxdur. Bəzən özüm də həftəsonu işə velosipedlə getmək istəyirəm, yalnız düşünürəm ki, hansı yolla gedim? Təəssüf ki, getmək olmur”.
M.Ağayev onu da əlavə edib ki, yollarda velosiped zolaqlarının çəkilməsi, velosiped infrastrukturunun qurulması 2021-ci ilin iş planına əlavə olunub:
“İlkin olaraq pilot layihə həyata keçirməyə çalışırıq. Əsasən mərkəzi küçələrdə və bulvar ərazisini əhatə edən velosiped zolağının təşkil edilməsi gözlənilir. Daha sonra bir neçə maraq dairəsini birləşdirən zolaqlar çəkiləcək. Məsələn, Bakı Olimpiya Stadionu, Atletlər kəndini, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi, Gimnastika arenasını birləşdirən bir velosiped zolağı. Bu da daha sonra bir şəbəkə halını alacaq. Bu işlər nəzərimizdə var”.