Bakıda turistlərə Azərbaycansayağı xoşgəldin – Reklam Agentliyi hara baxır? -YENİLƏNİB
19 may 2022 16:10 (UTC +04:00)

Bakıda turistlərə Azərbaycansayağı xoşgəldin – Reklam Agentliyi hara baxır?-YENİLƏNİB

Azərbaycan Dövlət Reklam Agentliyi Bakının mərkəzindəki pivə reklamı barəsində münasibət bildirib.

Qurumun mətbuat katibi Hüseyn Azəri Lent.az-a bildirib ki,  “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, tündlüyü 5 faizdən aşağı olan alkoqollu içkilərin reklamına icazə var:

“Həmin reklamın üzərində də “Xırdalan” pivəsinin tündlüyünün 4,8 faiz olduğu qeyd edilib. Eyni zamanda həmin qanunun 4-cü maddəsində bildirilir ki, reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Bunlara əsasən qeyd edirik ki, adıçəkilən yerli istehsalımız olan əmtəənin turizm ölkəsindəki reklamında heç bir qanunauyğunsuzluq yoxdur”.

*** 

Saat 15:02

“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, tündlüyü 5 faizdən aşağı olan alkoqollu içkilərin reklamına icazə var. Həmin reklamın üzərində də “Xirdalan” pivəsinin tündlüyünün 4,8 faiz olduğu qeyd edilib. Eyni zamanda həmin qanunun 4-cü maddəsində bildirilir ki, reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Bunlara əsasən qeyd edirik ki, adıçəkilən yerli istehsalımız olan əmtəənin turizm ölkəsindəki reklamında heç bir qanunauyğunsuzluq yoxdur. 

Hörmətlə mətbuat katibi Hüseyn Azəri

 

“Welcome to Azərbaycan” – “Azərbaycana xoş gəldiniz”

Şəhərin mərkəzində quraşdırılmış lövhələrdə müxtəlif yerli şirkətlərin, milli brendlərin hər gün fərqli reklamlarını, afişalarını görürük. Lakin ölkəmizə gələn turistlərə xitabən yazılan “Welcome to Azərbaycan” ifadəsi daha çox diqqət çəkir. Reklam rolikində nümayiş etdirilən yerli brendin Azərbaycanı bu şəkildə - ölkə adındakı orfoqrafik səhvlə tanıtması nə dərəcədə düzgündür? Ölkəmizdəki turistləri məhz pivə brendinin bu şəkildə salamlaması da maraq doğurur... 

Sosial şəbəkələrdə yayılan bu görüntü bir xeyli müzakirə olundu. Bu cür reklam lövhələri bir deyil, iki deyil, hər yerdə görə bilərik. Deyək ki, nələrsə diqqətdən yayınıb, bəs cümlədəki yazının orfoqrafik səhvə nə deyək? “Welcome to Azərbaycan” ifadəsində “Azerbaijan” əvəzinə, “Azərbaycan” yazılması reklamın əsl mahiyyətini diqqətdən uzaqlaşdırmaq üçün hesablanıb? Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, bu, ya təcrübəsizlikdən irəli gəlir, ya da yəqin, mətni pivə içəndən sonra yazıblar.

Marketoloqlar hesab edir ki, problem Azərbaycanın reklam sektorunda deyil, problem şirkətlərin reklama nə qədər pul yatırmasında və necə yönləndirməsindədir. Burada məsələ ilk növbədə şirkətin belə reklamları təsdiqləməsidir. Digər tərəfdən isə agentliyin də buna göz yummasıdır. Ölkəmizdə reklam sahəsində kifayət qədər bacarıqlı və işini bilən kadrlar var. Bu işi peşəkarlara etibar etməmək artıq şirkətlərin ucuz “hype”a qaçmasını göstərir. Hara kimi gedəcəksə... 

Məsələnin rəsmi tərəfinə baxanda isə Azərbaycan Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Hüseyn Əzizov bildirir ki, reklamı yayımlamazdan əvvəl Agentlikdən icazə alınmalıdır. İcazə sənədləri verilərkən reklamın vizual görünüşü, mətnlə yanaşı digər məqamların da qanunauyğunluğu yoxlanır. Tələblərə cavab verməyən reklamların yayımına icazə verilmir. Hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur. Yazılı göstərişdəki tələblərə  əməl edilmədikdə isə reklamın yayımı dərhal dayandırılır. 

Yaxşı, bəs, reklam yayıcısı məsuliyyət daşıya bilirsə, niyə o reklamı hazırlayanlar dayandırılmır. Bu reklamı məgər Agentliyin “süzgəc”indən keçirilmir? Agentlik hansı şərtlər altında bu kimi reklamlara icazə verir? Yəqin ki, bu suallara bax, həmin reklam lövhələri özü sizə cavab verir.

Nəzərə alsaq ki, daha bərbad reklam səhvləri də var, məmləkətimizdə belə ağlasığmaz səhvlər məyusedici görünür. 

# 6645
avatar

Nigar Namiq

Oxşar yazılar