Azərbaycanlı aktivist, Harvard "Extension School"un məzunu, “German Dental Company”də SEO vəzifəsində çalışan Ağa Mehdiyev yenidən Avropa şəhərlərini gəzərək, Azərbaycan reallıqlarının təbliğinə, erməni təxribatına qarşı etiraz aksiyalarına başlayıb. Yenidən deyirik, çünki bu Ağa Mehdiyevin ilk fəaliyyəti deyil.
Lent.az xəbər verir ki, o, Azərbaycana, onun haqq davasına diqqət çəkmək üçün hələ pandemiya başlamazdan və 44 günlük müharibədən öncə bütün Avropanı piyada gəzmiş, olduğu ölkələrdə 30 illik işğal dövrünü, Qarabağ həqiqətlərini anlatmışdı.
Bunu heç kimin istəyi, tələbi olmadan sadə vətəndaş mövqeyini ortaya qoymaq üçün etmişdi. Ağanın fikrincə, hər kəs dövlətimiz, millətimiz üçün əlindən gələni etsə, daha güclü olarıq.
2021-ci ildə Türkiyədə meşə yanğınları zamanı Ağa Mehdiyev bütün işlərini atıb təkbaşına qardaş ölkəyə köməyə getmişdi. Gah su daşımışdı, gah yük, ərzaq. Əlindən gələni etmişdi. Bu günlərdə isə Berlində, Krakovda cəmiyyət qarşısına çıxıb təkbaşına aksiyalar keçirir. Bu şəhərlərin sayını artırmaq niyyətindədir.
“Məqsədim sadə insanları məlumatlandırmaqdır. Ümid edirəm ki, bununla az da olsa, ölkəmə dəstək vermiş oluram. Heç bir siyasi qurumu və ya təşkilatı təmsil etmirəm. Dəstəyim yoxdur, hər şeyi özüm könüllü şəkildə edirəm”,- Ağa Mehdiyev Lent.az-a bildirib.
“Azərbaycan-Qarabağ həqiqətlərini toplum önündə digərləri ilə bölüşməkdəyəm. Xüsusən ingilis dilli mətbuat, siyasi dairələrdə bizə qarşı geniş təbliğatın aparıldığı bir dönəmdə imkanım daxilində bir azərbaycanlı olaraq bunu edirəm. Şəhidlərimizi, onlar üçün axıtdığımız göz yaşlarını düşündükcə, sakit dayana bilmirəm. Özümə borc hesab edirəm, onlar barədə bütün dünyaya xəbər vermək istəyirəm. Belə çıxışlarım zamanı aralarında ermənilərin də olduğu yüzlərlə insanın qarşısına tək çıxıram.
Video çəkməyi ətrafdakılardan xahiş edirəm. Oktyabr ayında ölkəmə dönəcəm. Əgər səfərbərlik olarsa, daha tez qayıdacam. Müharibə istəmirəm, amma tək yolumuz budursa, canımla hazıram, döyüşlərə qatılacam”,- deyən Ağa vurğulayıb ki, getidiyi hər yerdə ermənilər onu izləyir, çıxışlarını çəkirlər. O, bu görüntülərin nə məqsədlə edildiyini bilmədiyini də bildirib..