Azərbaycanda universitetlər necə qorunur? – SORĞU
14 noyabr 2022 17:05 (UTC +04:00)

Azərbaycanda universitetlər necə qorunur? – SORĞU

Təhsil müəssisələrinin təhlükəsizliyi hər zaman aktual olaraq qalır. İstanbuldakı məlum partlayışdan sonra insanlar istər-istəməz vahiməyə düşür. Məktəblərdə  intihara cəhd və ya uşaq oğurlanması halları ilə qarşılaşdığımız vaxtlar da olur. Bu tendensiya təhsil müəssisələrindəki təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. 

Bir neçə müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbə qızın qaçırılması ilə bağlı yayılan məlumat bir daha təhlükəsizliyin təminatını sual altına aldı. 

Maraqlıdır bəs, paytaxt universitetlərində təhlükəsizlik necə təmin olunur?

Lent.az elə bununla bağlı universitetlərdə sorğu keçirib:

Belə ki, Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılova bildirib ki, kənar şəxslər universitetə yalnız şəxsiyyət vəsiqəsinin yoxlanışından sonra daxil ola bilirlər:

“Lənkəran Dövlət Universitetinin 4 korpusu var və hər bir tələbə öz bileti ilə universitet binasına daxil ola bilir. Kənar şəxslərin giriş-çıxışına məhdudiyyət var. Universitetdən kənar şəxs yalnız şəxsiyyət vəsiqəsi yoxlandıqdan sonra daxil ola bilir”. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat xidmətinin rəhbəri Cavid Hüseynovun sözlərinə görə, təhlükəsizlik tədbirləri yüksək səviyyədədir: 

“Öncə onu qeyd edim ki, bir neçə gün öncə Pedaqoji Universitetinin tələbəsinin qaçırılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Universitetdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Təhsil müəssisəsinə giriş müəllimlər işçi vəsiqəsini, tələbələrə isə biletlərini təqdim etdikdən sonra daxil ola bilirlər. Kənar şəxslərin universitetə daxil olması qəti qadağandır”. 

Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva isə bildirir ki, təhsil müəssisəsinə kənardan gələn şəxslər yalnız yoxlanışdan keçdikdən sonra buraxıla bilər:

“BDU-nun təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Universitetə daxil olan hər bir kəs yoxlanılır, sənədlərinə baxılır. Müəssisənin tələbə və müəllimləri turniketə kartları vuraraq universitetə daxil olurlar”.

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova kənar şəxslər universitetə daxil olduqda şəxsiyyət vəsiqəsinin qeydiyyatı aparıldığını deyib:

“Tələbə və işçilərin universitetə daxil olması turniket vasitəsi ilə həyata keçirilir. Universitetin bütün girişlərində mühafizə xidməti var. Kənar şəxslər universitetə daxil olduqda şəxsiyyət vəsiqəsinin qeydiyyatı aparılır. Kimə yaxınlaşacaqsa, qarşı tərəflə əlaqə saxlanılır, məlumat təsdiqləndikdən sonra həmin şəxsin universitet ərazisinə girişə icazə verilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4251
avatar

Fidan İlqar

Oxşar yazılar