Azərbaycanın ovçuluq təsərrüfatlarında vəhşi heyvanların, quşların sərbəst və yarımsərbəst yolla artırılmasını həyata keçirmək, bu yolla növlərin təbiətdəki təbii populyasiyasına təsirlərin minimuma endirilməsi, “məsuliyyətli ovçu” anlayışının təbliği, eyni zamanda əcnəbi ovçuların maariflənməsi və ölkə qanunlarına riayət etməsinə nail olmaq məqsədilə 2022-ci ildən ölkədə Təbiət və Ov Turizmi Assosiasiyası fəaliyyətə başlayıb.
Lent.az-ın məlumatına görə, Assosiasiya, həmçinin mövcud problemlərin müzakirəsi, davamlı inkişafa hesablanmış proqramların hazırlanması, ovçuluq təsərrüfatlarının inkişafı, bu təsərrüfatlarda həm də uşaqlar üçün əyləncəli infrastrukturun yaradılması, maarifləndirici və məlumatlandırıcı obyektlərin açılması və bu kimi digər istiqamətlərlə bağlı turizm şirkətləri ilə məsləhətləşmələr apararaq assosiativ qurum kimi əhəmiyyətli funksiyaları öz üzərinə götürəcək. Fəaliyyəti çərçivəsində yerli mütəxəssislərlə yanaşı, xarici ekspertləri də cəlb edəcək.
Assosiasiyanın fəaliyyətinin əsas hədəfi isə Azərbaycanda “məsuliyyətli ovçuluğu” geniş anlamda təşviq etməklə qanunvericiliyə riayət olunmasına, biomüxtəlifliyin qorunmasına və bu sahədə sabit, davamlı istifadənin təmin edilməsinə töhfə verməkdir.