Hər il may ayının üçüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə günü kimi qeyd edilir.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən Lent.az-a bildirilib ki, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2021-ci ilin 4 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunub, 7449 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır:
"Onlardan, 5198-i (69,8%) kişi, 2251-si (30,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1119 nəfərdir".
Məlumatda həmçinin qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirir:
"Belə ki, 8 noyabr 2006-cı ildən tətbiq edilən antiretrovirus terapiyaya 6627 insan cəlb olunub, onlardan 211 nəfərə müalicə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılıb".